TƏRTƏRLİLƏR XOŞ GƏLƏCƏK NAMİNƏ HƏVƏSLƏ ÇALIŞIRLAR
44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbə və 24 saatdan da az davam edən antiterror tədbirlərindən sonra Tərtər rayonunun da tarixində yeni dövr başladı. İllərdir düşmənlə üz-üzə dayanan, nankor qonşuların hər cür əməllərinə mərdliklə sinə gərən tərtərlilər, nəhayət ki, rahat nəfəs aldılar.
Əlbəttə, bu rahatlıqla bərabər qəlblərdə şəhid yarası, ömrünün bahar çağında gözünün nurunu, sağlamlığını itirən oğulların dərdi də var idi. Amma bu dərd Tərtər camaatını əymədi, əksinə onları müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşdirdi, ölkəmizin, dövlətimizin xoş gələcəyi naminə səfərbər etdi. Nəticələr göz qabağındadır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə ilk növbədə müharibənin rayonun infrastrukturuna, yaşayış evlərinə vurduğu ziyanlar aradan qaldırıldı.
Ötən il bu istiqamətdə Tərtər şəhərində tikinti və abadlıq-quruculuq işləri davam etmişdir. Bu gün şəhərin küçələri müasir memarlığın tələblərinə uyğun yenidən qurulur. Bir sıra işlər, o cümlədən Tərtər Peşə məktəbinin əsaslı təmiri, bir sıra küçələrin abadlaşdırılması yekunlaşmış, yeni yaşıllıq zolaqları salınmış, işıq, qaz, telekommunikasiya xətləri təmir edilmiş, ehtiyac olan ərazilərdə divarlar aqlay və bəzək daşları ilə üzlənmişdir. Bunlardan əlavə, respublika və yerli əhəmiyyətli avtomobil yollarında cari təmir işləri görülmüşdür.
Tərtər şəhərinin Mehdi Hüseynzadə, Mahir Əsədov və Rasim Mürsəlov küçələrində aparılan abadlıq işləri başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya salınıb.
Ruslan Şahbazov, Ruslan Lalayev və Məftun Əhmədzadə küçələrində istinad divarları hündürləşdirilmişdir. Divarlar aqlay və bəzək daşları ilə üzlənmişdir. Küçədə olan kommunikasiya xəttləri səliqiyə salınmışdır.
Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində səkilərdə təmir işləri aparılmış, tamet daşları düzülmüşdür.
Vüqar Həsənov, Cavanşir, Üzeyir Hacıbəyov, Mehman Dadaşov, Füzuli Rüstəmov küçələrinə və Elman Hüseynov küçəsində yerləşən “Əlillər binasının” qarşısına yeni asfalt örtüyü salınmış, işıq, qaz və telekommunikasiya xətləri qaydaya salınmışdır.
2024-cü ildə rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1616.8 min manatlıq carı təmir və saxlanma işləri görülmüşdür.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərdə hər bir tərtərli böyük ruh yüksəkliyi ilə iştirak etmişdir. Həmin müddətdə iməciliklərlə yanaşı maarifləndirmə işləri də önə çəkilmiş, xüsusən məktəblərdə uşaq və yeniyetmələrdə ekologiyanın qorunmasına maraq oyatmaq məqsədilə bir sıra işlər görülmüşdür.
2024-cü il ərzində rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji tarazlığın qorunması məqsədilə Bərdə-Ağdam magistral yolunun kənarlarına 11200 ədəd, Tərtər-Goranboy, Tərtər-Bərdə yolları istiqamətində yol kənarlarına və rayonun digər yaşayış məntəqələrinə isə 21030 ədəd olmaqla, ümumilikdə 32230 ədəd həmişəyaşıl ağaclar, müxtəlif növ meyvə ağacları və gül kolları əkilmişdir.
Onu da qeyd edək ki, Tərtər təbiətinə, iqliminə görə həmişə sevilən və seçilən rayonlardan biri olub. Bu gözəlliyi, yaşıllığı, səliqə-səhmanı qorumaq üçün rayonda keçirilən tədbirlər kampaniya xarakteri daşımır, davamlıdır və hər kəs yaşadığı kəndin, küçənin, həyətin özünəməxsusluğunu qorumaq üçün ümumi işə töhfə verir.
Rayonda görülən abadlıq, tikinti-quruculuq işlərilə yanaşı iqtisadiyyatın möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır, xüsusən də aqrar sektorun inkişaf etdirilməsi məqsədilə ardıcıl işlər görülür.
2024-cü ilin yanvar-dekabr aylarında rayonda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 112 milyon 331.1 min manat təşkil etmişdir ki, onun 61 milyon 112.3 min manatı bitkiçilik, 51 milyon 218.8 min manatı heyvandarlıq məhsullarının hesabına formalaş-mışdır.
Rayon üzrə 2024-cü ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 23136,2 hektar olmuşdur. Əkin sahəsinin 7978 hektarını və yaxud 34,5 faizini dənli və dənli paxlalı bitkilər, 4611,7 hektarını və yaxud 20 faizini texniki bitkilər, 1466 hektarını və yaxud 6,3 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9080,5 hektarını və yaxud 39,2 faizini yem bitkiləri təşkil etmişdir.
2024-cü ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 24752,9 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Həmin dövr ərzində 7797 hektar taxıl sahəsindən 23676 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 30.4 sentner olmuşdur. 3712 hektar buğda sahəsindən 11628.7 ton buğda məhsulu, 4085 hektar arpa sahəsindən 12047.3 ton arpa məhsulu istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq buğda üzrə 31.3 sentner, arpa üzrə 29.5 sentner olmuşdur. Hər hektardan orta məhsuldarlığa görə buğda üzrə ən yüksək nəticə Mamırlı (49 sentner), Borsunlu (43 sentner), Seydimli (40 sentner), arpa üzrə Mamırlı (50 sentner), Borsunlu (41 sentner), Sarov (40 sentner) olmuşdur.
Pambıqçılıq rayonda kənd təsərüfatının ənənəvi sahələrindən biridir. Hələ sovet dönəmində tərtərlilər bu sahədə zəngin təcrübə toplamışlar. Yaşlı insanlar Ulu Öndər Heydər Əliyevin pambıqçılarla plantasiyalardakı görüşünü, onlara verdiyi qiymətli tövsiyələri bu gün də minnətdarlıq hissi ilə xatırlayırlar.
2024-cü ildə qəhrəman tərtərlilər 2306.5 hektar sahədə pambıq əkib-becərmişlər.
2023-cü ilə nisbətən pambıq əkini 2,9 faiz artmışdır. İl ərzində 6696,8 ton pambıq tədarük edilmişdir. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 29,5 sentner olmuşdur. 2023-cü ilə nisbətən pambığın hər hektarından orta məhsuldarlıq 1,3 sentner və ya 4,6 faiz artmışdır.
Pambıqçılıqla yanaşı rayonda çuğundur, günəbaxan, tərəvəz, meyvə istehsalı diqqət mərkəzində saxlanılır. Tərəvəz və mey-və istehsalında müasir texnologiyaların tətbiqinə geniş yer verilir.
Son illər rayonda tingçilik sürətlə inkişaf edir. 2024-cu ildə rayonun təsərrüfatlarında 2468 min ədəd meyvə və 844 min ədəd dekorativ bitki tingləri yetişdirilmişdir.
Baramaçılıq sahəsində əldə olunan uğurlar da ürəkaçandır.
2024-cü ildə rayonun kümçüləri 370 qutu baramaqurdu saxlamış və 9271 kiloqram barama tədarük etmişlər. 2022-ci ilə nisbətən barama tədarükü 45.3 faiz armışdır. Hər qutudan orta hesabla 39.4 kiloqram barama istehsal olunmuşdur ki, bu da ötən ildəkindən 8.6 kiloqram və ya 27.9 faiz çoxdur.
Müstəqilliyimizin ilk illərində baramaçılıq unudulmuş sahələrdən birinə çevrilmişdir. Son illər ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər insanlarda bu xeyirli və vacib sahəyə marağı artırıb. İlk növbədə kəndlərdə ipəkçiliyin yem bazası yaradılıb ki, bu da kənd əməkçiləinə az müddət ərzində baramaçılıqdan yüksək gəlir əldə etməyə kömək edir. Ötən il baramaçılara 54.3 min manat subsidiya verilib.
Ölkəmizdə ət məhsullarına artan tələbat təsərrüfatlarda mal-qara və qoyun-keçilərin sayının artırılması üçün yeni üsullar axtarılmasını tələb edir. Tərtər rayonunda bu məqsədlə süni mayalanmaya diqqət artırılıb.
2024-cü il ərzində rayonda süni mayalanma yolu ilə 1840 baş inək və düyə mayalandırılmışdır. Süni mayalanma yolu ilə 1161 baş buzov doğulmuşdur.
Süni mayalanma yolu ilə doğulmuş 1311 baş buzova görə 131.1 min manat subsidiya verilmişdir. Həmçinin baytarlıq xidmətinin daha yüksək, müasir səviyyəyə qaldırılması bu gün çox aktual məsələdir.
Bol kənd təsərrüfatı məhsulları istehsalında suvarmanın düzgün təşkili həmişə ən çox diqqət tələb edən məsələlərdən olub. Bu sahədə tərtərlilər uzun müddət ciddi çətinliklərlə üzləşiblər. Sərsəng və Suqovuşan su anbarları işğaldan azad edildikdən sonra isə insanların üzü gülüb. Eləcə də Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yeni subartezian quyularının vurulması, mövcud quyuların vaxtında təmir edilərək istismara verilməsi fermerlər tərəfindən rəğbətlə qarşılanır.
–Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin müdiri Murad Zeynalov deyir:
–Rayonda mövcud olan 599 ədəd subartezian quyularından 37-si içməli, 562-si isə kommunal, məişət və suvarma məqsədilə istismar olunur. 591 ədəd subartezian quyusu saz və işlək vəziyyətdədir. Qalan 8 quyunun təmir-bərpa işləri davam etdirilir. 2024-cü ildə 274 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 27 ədəd subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz olunmuşdur.
Rayonda bərpaya ehtiyacı olan 16 ədəd subartezian quyusundan 8 ədədi bərpa edilmişdir.
2024-cü il ərzində rayonun müxtəlif kəndlərində 8 ədəd yeni subartezian quyusu qazılmış və yaxın müddətdə istismara verilməsi nəzərdə tutulub.
Fermerlər də suvarma işçilərinin onların problemlərinə operativ və həssas yanaşdıqlarını qeyd edirlər. Sıradan çıxmış hər bir quyunun vaxtında təmir edilməsi isə məhsul istehsalında geriləməni aradan qaldırır.
Bu bahar günlərində tərtərlilər sahələrdə, ayrı-ayrı iş yerlərində böyük həvəslə çalışırlar. Qalib xalqın qalib övladı olmaq həqiqətən qürurverici hissdir. Onlar zəhmət meydanında, əməllərində bu adı layiqincə daşıyırlar.
Lazım QULİYEV,
“Azərbaycan”