Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər öz səmərəsini verməkdədir. Belə ki, insanları narahat edən bir çox problemlər məhz belə görüşlər zamanı üzə çıxır və operativ həllini tapır. Həmçinin rayon rəhbəri kəndlərdə olarkən burada yaşayan şəhid ailələrinə baş çəkir, onların qayğılarını öyrənir, dəstək olur. Təhsil sahəsi də unudulmur. İcra başçısının kənd məktəblərində mövcud vəziyyətlə tanış olması müəllim və şagird kollektivinin məsuliyyətini artırır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü Kəngərli kənd İƏD üzrə nümayəndəliyin Kəngərli kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə rayon rəhbəri ölkəmizdə gedən sosial-iqtisadi proseslərlə bağlı geniş çıxış edib. Qeyd olunub ki, Kəngərli kəndinin 722 hektar ərazisi, 312 təsərrüfatı, 1537 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 kitabxana, 8 ticarət obyekti, 1 iaşə obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 578 baş iribuynuzlu, 461 baş xırdabuynuzlu heyvan, 4689 baş quş, 135 arı ailəsi saxlayırlar.
Son üç ildə Kəngərli kəndində kəndarası yollar 1000 metr təmir olunub, su arxları 4000 metr məsafədə lildən təmizlənib, kənd ərazisində 160 ədəd gül kolu, 60 ədəd eldar şamı, 300 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Nağı Teymurov həyətyani torpaq sahəsinin sənədləşdirilməsi, Faiq Abbasov və Rahil Tapdıqov suvarma arxının təmizlənməsi, Elşən Məmmədov oğlunun dərman vasitələrilə təmin olunması, Bəhruz Qasımov suvarma arxı təmizlənən zaman ətrafa tökülmüş lil qatının təmizlənməsi və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, görə təşəkkür ediblər.
“Yeni Tərtər”