Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,674
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Apr

    ELİMİZİN UNUDULMAZ OĞLU

    Nəvələrimdən xahiş etdim ki, internetdə Dərələyəzin məşhur adamları ilə maraqlansınlar. Xalq şairi Vahid Əzizin, Tofiq Yusifin və digərlərinin adı çıxdı. Ancaq köhnə dərələyəzlilərin çox yaxşı tanıdığı və sevdiyi Əziz Cəfərovun adına rast gəlmədik. Bu insan internet dövründə yaşamayıb. Onun xatirəsi barədə məlumatları sosial şəbəkələrdən deyil, insanların yaddaşından öyrənmək olar.
    Mən də bu yolla getdim. Əvvəlcə böyüklərdən, xüsusən də anamdan eşitdiklərimi yadıma saldım. Cəmi 46 il yaşayan, elin böyük məhəbbətini qazanan Əziz əmi haqqında anamın dediklərindən:
    – Əziz kişi çox yaraşıqlı, eyni zamanda çox zəhmli idi. Cavan olmasına baxmayaraq, yaşadığımız Her-her kəndinin ağsaqqalı sayılırdı. Kənddə ermənilərlə azərbaycanlılar birgə yaşadıqları üçün, tez-tez xoşagəlməz hadisələr baş verirdi. Azərbaycanlıları incidirdilər. Əziz kişi bizim ümid yerimiz, dayağımız idi. Hər kəsi öz doğması kimi qoruyur, kömək əlini uzadırdı. Buna həm də onun vəzifə səlahiyyətləri imkan verirdi. O zaman Əzizbəyov rayon partiya komitəsinin ikinci katibi işləyirdi.
    Anamdan onu da eşitmişəm ki, o dövrdə Əziz əmi həmişə ağ atın belində kəndləri gəzər, insanların həyat tərzi, qayğıları ilə yaxından maraqlanardı. Həmin atın adı Dariko idi. General atı olmuşdu. Anam deyirdi ki, o at Əziz əmidən başqa heç kimi yaxınına qoymazdı. Uşaq olsam da, həmin illəri mən də xatırlayıram. Bizim Her-her kəndi əsasən dağlıq ərazidə, çay kənarında yerləşirdi. Burada böyük kövşənliklər, əkin sahələri, füsunkar meşələr vardı. Əziz Cəfərov kəndimizin ən savadlı nümayəndəsi, raykom katibi idi. Böyüklərin dilindən eşitmişdik ki, o, hansısa böyük bir məktəbi (Bakı Ali partiya məktəbini) bitirib. Əziz Cəfərov ağ atı ilə kəndə gələndə, hamımız sevinirdik, çünki həmin günlərdə evdə valideynlərimizin də əhval-ruhiyyəsi çox yaxşı olurdu.
    Hal-hazırda Tərtər rayonunun Qaradağlı kəndində yaşayan, vaxtilə Dərələyəz mahalının Her-her kəndindən deportasiya olunan 98 yaşlı Bayram kişinin Əziz Cəfərov haqqında deyiləsi sözləri çoxdur:
    – Onun kimi insanlar həyata az-az gəlir. Nə yaşadı ki, cəmi 46 il. Ancaq hər birimizin qəlbində dərin izlər qoydu. Çünki savadı ilə yanaşı, insanpərvərliyi, vətənpərvərliyi vardı. Bir sözlə, əsl el oğlu idi.
    Suqra Şirinova, Tərtər şəhər sakini, təqaüdçü:
    –Əziz Cəfərovun ailəsi Qərbi Azərbaycandan deportasiya olunandan sonra Tərtərdə, bizim qonşuluğumuzda məskunlaşmışdı. Onun öv-ladları Vaqif müəllim (indi haqq dünyasına qovuşub, Allah rəhmət eləsin) və hazırda xalqımızın sevimli şairi olan, Qərbi Azərbaycandan yeganə Azərbaycanın xalq şairi adına layiq görülmüş Vahid Əzizlə bir yerdə böyümüşük. Əziz müəllim böyük vəzifədə işləməsinə baxmayaraq, uşaqların təhsilinə və tərbiyəsinə çox fikir verirdi. Onun rəhmətə getdiyi gün yaxşı yadımdadır. Küçəmizdə insan əlindən tərpənmək olmurdu. Əziz Cəfərov elin məhəbbətini qazanmış insan idi. Allah rəhmət eləsin!
    Suqra xanm onu da söylədi ki, Əziz Cəfərovun övladları onun ölümündən sonra ata yolunu layiqincə davam etdirdilər. Rəhmətlik Vaqif müəllim tanınmış alim oldu, Vahid müəllim isə şair. Əlbəttə, onların böyüyüb boya-başa çatmasında Zərnişan ananın da böyük zəhməti vardı. Həyat yoldaşına layiq qadın idi.
    Cəfərov Əziz Əmir oğlu 1915-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalı Paşalı (Əzizbəyov) rayonunun Her-her kəndində anadan olub. 1933-cü ildə Bakı Ali Partiya məktəbini bitirib və elə həmin ildə öz rayonumuzda rayon partiya komitəsinin ikinci katibi seçilib. 1951-ci ilə kimi həmin vəzifədə işləyib. 1951-ci ildə ailəsi və həmkəndliləri ilə bərabər deportasiyaya məruz qalıb və Azərbaycanın Tərtər rayonuna gəlib. Qısa müddətdən sonra keçmiş Şaumyan rayon partiya komitəsinin ikinci katibi vəzifəsində işləməyə başlayır, sonra isə burada XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır. 1957-ci ildə Ağdərə rayonunda raykomun II katibi olur.
    1961-ci ildə ona daha böyük vəzifə təklif edilmişdi. Lakin vaxtsız ölüm onun nə qədər arzularını, görə biləcək işlərini yarımçıq qoydu.
    Əziz Cəfərov əqidəsi düz və olduqca saf bir insan idi. Həyatının məqsədi doğma yurdunun insanlarını qorumaq, dağlıq şəraitdə doğulub boya-başa çatmış, yaşamış insanların aranda məhv olmasına yol verməmək idi. Bundan ötrü lazım gələndə ən yuxarı dairələrdə fikrini bildirməkdən, mübahisə etməkdən çəkinmirdi.
    Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Qərbi Azərbaycandan məcburi köçkün düşmüş insanlar doğma yurdlarına qayıtmaq üçün beynəlxalq səviyyədə mübarizəni davam etdirirlər. Əminik ki, o gün uzaqda deyil. O zaman bu dünyadan köçən həmvətənlərimizin ruhu şad olacaq.

    İman Almuradov,
    Böyük Vətən Müharibəsi
    Veteranları Cəmiyyəti Tərtər rayon şöbəsinin sədri

    Müəllif: Redaktor, 11:47

İsmarıclar bağlıdır.