Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində evi yanmış şəhid ailəsi Sevda İsmayılovanın ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Sevda İsmayılova Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun həyat yoldaşıdır. Şəhid Vəli Abbasov 7 noyabr 1961-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına daxil olub. 1992-ci il aprel ayının 10-da Ağdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ailəli idi. Tapdıq və Rafiq adlı iki oğlu var. Qaradağlı kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, evləri yandığı üçün rayon icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 650 ədəd mişar daşı, 20 kisə sement, 6 kub şebel, 6 kub qum və 500 manat maddi yardım verilmişdir. Fərdi yaşayış evi PAŞA Sığorta şirkəti tərəfindən sığorta olunduğu üçün vətəndaşa dəymiş ziyanı qarşılamaq üçün müvafiq köməklik olunacaq.