Qəzetimizin 2017-ci il 30 may tarixili sayında “Sarov kəndində bir qız böyüyür” sərlövhəli məqaləm dərc olunmuşdu. Məqalədə deyilirdi ki, Sarov kənd tam orta məktəbinin III sinfində oxuyan Çinarə Quliyeva ”özü balaca olsa da, böyük arzularla yaşayır və indidən təkcə kənddə deyil, rayon miqyasında da təhsildə qazandığı uğurları ilə tanınır.”
Martın 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif üzrə maksimum nəticə əldə edən 23 nəfərdən birinin rayonumuzdan olduğunu biləndə, çox sevindim. Həmin şagirdi redaksiyamıza dəvət etdik və məlum oldu ki, bu, Sarovdan olan o “balaca qızdır”. Ancaq daha böyüyüb. İndi onu təkcə rayonumuzda deyil, respublikamızda da tanıyırlar. 2017-ci ildə yazmışdıq: “Beləcə Sarov kəndinə bir qız böyüyür–Çinarə Quliyeva. Gələcəkdə bu qız hansı peşəni seçəcək, kim olacaq? Bunu hələ heç kim bilmir. Atalı-analı böyüsün, dinc səma altında yaşasın, Nabat nənənin arzuları onun həyatında çin olsun”.
Budəfəki gəlişində qarşımızda artıq öz yolunu müəyyənləşdirmiş bir gənc dayanmışdı. Bildirdi ki, hüquqşünas olmaq istəyir. Bu qərarını 8-ci sinifdə oxuyarkən verib. Yenə də Nabat nənəsi haqqında sevgi ilə danışdı. Dedi ki, uğuruna hamı sevinsə də, bundan ən böyük pay nənəsinə düşüb. İllər ərzində valideynlərilə bərabər həmişə Nabat nənəsini yanında görüb, onun söhbətləri, şirin nağılları, öyüd-nəsihətlərilə böyüyüb.
Çinarə onu da söylədi ki, imtahanlara öz kəndlərində, oxuduğu məktəbin müəllimlərilə hazırlaşıb. Buna görə məktəbin kollektivinə, xüsusən də Aidə Məmmədovaya, Nadirə Paşayevaya, Hicran Səfərovaya dərin təşəkkürünü bildirdi və dedi:
–Müəllimlərim mənə inanıblar, düzgün yol göstəriblər, biliklərini əsirgəməyiblər. Bunun nəticəsidir ki, 11 illik məktəb həyatımda daim uğur qazanmışam. Belə ki, müxtəlif fənn olimpiadalarında, “Əlaçı” bilik yarışmasında, “Qərbi Azərbaycana qayıdış” olimpiadasında qaliblər sırasında olmuşam.
“Orta məktəb partasında əyləşən uşaqlara tövsiyən nədir?” – sualına Çinarə belə cavab verdi:
– İlk növbədə özlərinə inansınlar və zamanın dəyərini bilsinlər. Yaxşı biliyə sahib olmaq üçün Bakıda, yaxud kənddə yaşamağın fərqi yoxdur. Arzumuza çatmaq üçün biz öz yolumuzu düzgün seçməli və zəhmətə qatlaşmalıyıq.
Çinarə ailənin böyük övladıdır. Onun bir bacısı və bir qardaşı var. Atası musiqiçi, anası müəllimdir. İlk məqaləmizi yazanda, Çinarə Quliyevanı rayonumuzda tanıyırdılar, indi respublika üzrə 23 gəncdən biri oldu. Yəqin ki, nə zamansa başqa bir jurnalist beynəlxalq miqyasda tanınan hüquqşünas Çinarə Quliyevadan məqalə hazırlayacaq.
Svetlana BAĞIROVA