Azərbaycanın hüquqi irsinə və geosiyasi müstəqilliyinə yeni baxış
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik fəlsəfəsində yeni mərhələnin başlanğıcıdır. Bu təşəbbüs hüquqi dövlət quruculuğunun dərinləşməsi, suverenliyin möhkəmləndirilməsi və milli özünüdərkin yeni bir səviyyəyə keçidi ilə səciyyələnir. Azərbaycanın müasir siyasi tarixində 2025-ci ilin xüsusi yer tutmasının iki əsas səbəbi var: birincisi, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyidir; ikincisi isə – Er-mənistan üzərində qazanılan hərbi-siyasi Qələbənin beşinci ildönümüdür. Bu iki hadisə bir tərəfdən hüquqi suverenliyin rəmzi olan konstitusiyanın, digər tərəfdən isə faktiki və ərazi suverenliyinin təntənəsini ifa-də edir.
Azərbaycanın ilk müstəqil Konstitusiyası 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq referendum yolu ilə qəbul olundu. Bu sənəd həm hüquqi normaların məcmusu, həm də xalqın iradəsini və milli kimliyini ifadə edən siyasi müqavilədir. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət bu Konstitusiya dövrün çağırışlarına uyğun olaraq sonrakı illərdə bir neçə dəfə dəyişikliklərə uğrayaraq dinamik, çevik və müasirləşən bir sənədə çevrildi.
Konstitusiya hüquqi sistemin əsasını təşkil etməklə yanaşı, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlərdə suveren aktor kimi çıxış etməsinin də təməlini qoydu. 1995-ci ildə qəbul edilən bu sənəd vasitəsilə Azərbaycan beynəlxalq hüququn prinsiplərini daxili hüquqla uyğunlaşdıraraq müstəqil və hüquqi dövlət modelini dünyaya təqdim etdi.
2020-ci ilin payızında Qarabağda qazanılan Qələbə təkcə hərbi-siyasi zəfər deyildi – bu, Konstitusiya ilə təsbit olunmuş ərazi bütövlüyünün faktiki bərpası idi. Beləliklə, Konstitusiyada ifadə olunan suverenlik prinsipləri real geosiyasi reallıqla üst-üstə düşdü. Bu da hüquqi dövlətin öz ərazi və siyasi bütövlüyünü təmin edə bilməsinin ən yüksək göstəricisidir. Suverenliyin bu cür bərpası həm də beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyini gücləndirdi və onu regionda aparıcı aktor statusuna yüksəltdi.
“Konstitusiya və Suverenlik İli” cəmiyyətlə dövlət arasında hüquqi və ideoloji bağların möhkəmləndirilməsinə də xidmət edir. Gənc nəsil üçün hüquqi şüurun formalaşması, konstitusiya anlayışının sadəcə normativ akt deyil, eyni za-manda milli kimliyin ifadəsi olduğunu dərk etməsi baxımından bu il unikal imkanlar yaradır. Hüquqi maarifləndirmə isə yalnız hüquqşünaslara deyil, bütün vətəndaşlara aiddir – çünki Konstitusiya hər bir fərdin azadlığının və təhlükəsizliyinin qarantıdır.
Bugünkü dünyada hüquq və suverenlik anlayışları getdikcə daha çox geosiyasi kontekstdə qiymətləndirilir. İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi fikirlər, xüsusilə “Azərbaycanın Avropa Şurasında təmsil olunmaması heç nəyi dəyişmir” bəyanatı Azərbaycanın suveren hüququna hər hansı müdaxiləni qətiyyətlə rədd etdiyini göstərir. “Konstitusiya və Suverenlik İli” bu baxımdan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan və eyni zamanda öz milli maraqlarını prioritet sayan diplomatik kursunun hüquqi ifadəsidir.
“Konstitusiya və Suverenlik İli” – müstəqilliyinin hüquqi və siyasi əsaslarını yenidən qiymətləndirmə çağırışıdır. Bu il ərzində keçiriləcək tədbirlər, sərgilər, elmi-praktik konfranslar, maarifləndirici layihələr Azərbaycanın hüquqi düşüncə səviyyəsinin yüksəlməsinə, milli ideologiyanın dərinləşməsinə və beynəlxalq aləmdə daha güclü hüquqi-siyasi mövqe tutmasına xidmət edəcək.
Azərbaycan hüquqi və ideoloji suverenliyini də möhkəmləndirən dövlətdir. Bu isə hüququn aliliyinə əsaslanan, müasir və dayanıqlı dövlət quruculuğunun açarıdır.
Şəbnəm ZEYNALOVA,
Siyasi elmlər üzrə fəlsəfə doktoru