30 il – bir insan ömrünün yarısı qədər zaman. Lakin tarix üçün bu, bir göz qırpımı qədər qısa, millət yaddaşı üçün isə silinməz izlər buraxan uzun bir dövrdür. Mən – Türkan Qasımova, doğulub üzünü görmədiyim, lakin könüldən-könülə daşıdığım Ağdərə torpağına səfər etmək fürsəti qazandım. Bu səfər nəinki bir tədqiqat missiyası, eyni zamanda milli kimliklə mənəvi bağımın daha da dərinləşməsi idi.
Ağdərə rayonu Qarabağ bölgəsinin həm coğrafi, həm də strateji baxımdan mühüm hissələrindən biri-dir. Azərbaycanın suveren ərazisi olan bu bölgə uzun illər erməni işğalında qaldığı üçün tədqiqatçılar üçün faktiki olaraq qapalı məkan idi. Bu səbəbdən də Ağdərənin tarixi, toponimiyası, demoqrafik dinamikası, sosial-mədəni inkişafı ilə bağlı çoxsaylı boşluqlar mövcud idi. Rayonun azad olunması ilə bu boşluqların ara-dan qaldırılması üçün geniş tədqiqat imkanları yarandı və mən də bu imkandan istifadə edərək bölgəyə səfər etdim.
Səfərimin məqsədi təkcə bölgənin tarixi abidələrini və toponim dəyişikliklərini yerində sənədləşdirmək deyildi. Mən həm də Qarabağın bu strateji bölgəsinin yaddaşını – kollektiv və fərdi xatirələrini, sakinlərin dilində qorunmuş hekayələri, kənd adlarının dəyişmə tarixçəsini və bu dəyişikliklərin arxasında dayanan siyasi motivasiyaları araşdırmaq niyyətində idim.
Bu məqsədlə Ağdərənin bir neçə kəndini ziyarət etdim, müharibədən əvvəl və sonra çəkilmiş arxiv fotoşəkilləri ilə mövcud vəziyyəti müqayisə etdim. Kəndlərdə qalan tarixi məkanlar, məscidlər, su hövzələri və bulaqlar üzərində müşahidələr apardım. “Malaqan bulağı” kimi yerlər həm tarixi, həm də etnoqrafik baxımdan dərin mənalar daşıyır və bu cür toponimlər zaman-zaman həm məhv edilməyə, həm də saxtalaşdırılmağa çalışılıb. Bu, təkcə mədəni irsə deyil, eyni zamanda milli kimliyə qarşı yönəlmiş sistemli bir siyasətin göstəricisidir.
Ağdərədə addımladığım hər bir torpaq parçası mənə tariximizin sarsılmazlığını və xalqımızın əzmini xatırlatdı. Qalası uçurulmuş, məktəbi xarabazara çevrilmiş, kəndi boşaldılmış torpaqlar yenidən canlanırdı. Bu yenidən dirçəliş təkcə dövlət proqramlarının nəticəsi deyil, həm də xalqın ruhunun, azadlıq əzminin təcəssümüdür.
Kəndlərdə rastlaşdığım az sayda yerli sakinlərlə apardığım söhbətlər mənə göstərdi ki, yurd itkisi yalnız fiziki deyil, həm də mənəvi travmadır. Lakin eyni zamanda qayıdış da yalnız fiziki deyil – o, ruhun, yaddaşın və milli mənliyin qayıdışıdır.
Hal-hazırda tamamlanmaq üzrə olan “Qarabağın Ağdərəsi: Zamanın Sınaqlarından Parlaq Qələbəyə” adlı monoqrafiyamda bu səfərin nəticələri geniş şəkildə əksini tapıb. Əsərdə Ağdərənin tarixi inkişaf mərhələləri, sovet dövründəki inzibati dəyişiklikləri, Ermənistanın işğal siyasəti dövründə həyata keçirdiyi toponimik və demoqrafik müdaxilələr, azadlıqdan sonra bölgənin sosial-mədəni reabilitasiyası və gələcək inkişaf potensialı tədqiq olunub.
Eyni zamanda bu monoqrafiya yalnız bir elmi araşdırma kimi deyil, həm də mənəvi borcun yerinə yetirilməsi kimi dəyərləndirilə bilər. Hər səhifəsində şəhidlərin qanı, qazilərin ağrısı, vətəndaşların həsrəti və bu xalqın sarsılmaz iradəsi hiss olunur.
Ağdərə – Yaddaşın və Qürurun Simvolu
Ağdərəyə etdiyim səfər mənim üçün həyatımın ən mühüm dönüm nöqtələrindən biri oldu. Tarixçi olaraq mən bu səfərdə keçmişin izlərini sənədləşdirdim, lakin insan olaraq gələcəyə ümidlə baxan bir yurdun doğuluşuna şahidlik etdim.
Bugünkü gün təkcə torpaqlara fiziki dönüş deyil, həm də onilliklər boyu davam edən tarixi ədalətsizliyə verilmiş gecikmiş, lakin möhtəşəm bir cavabdır. Qayıdış prosesi milli yaddaşın dərin qatlarında kök salmış bir nisgilin, bir həsrətin gerçəkliyə çevrilməsi, eyni zamanda millətin öz köklərinə və kimliyinə dönməsidir. Bu dönüş yalnız coğrafi sərhədlərin bərpası deyil, həm də ruhun və mənəviyyatın azadlığıdır.
Qarabağın hər qarışı – çinarların kölgəsində danışılan nağıllardan tutmuş uçuq abidələrin susqunluğuna qədər – xalqımızın keçmişini, iztirabını və eyni zamanda əzmini simvolizə edir. Bu torpaqlar minilliklər boyu mədəniyyətin, elmin, sənətin beşiyi olmuş, Azərbaycan xalqının ruhunda silinməz izlər buraxmışdır. Ağdərə isə bu müqəddəs mübarizədə həm strateji, həm də mənəvi baxımdan mühüm rol oynamış, torpaqlarımızın bütövlüyü uğrunda gedən savaşın ən parlaq səhifələrindən birinə çevrilmişdir.
Ağdərə bölgəsinin azad olunması sadəcə bir hərbi qələbə kimi yox, həm də xalqımızın iradəsinin, birliyinin və sarsılmaz əqidəsinin təntənəsi kimi tarixə həkk olundu. Bu zəfər bir daha sübut etdi ki, torpaqlarını sevən, mədəni irsinə sahib çıxan xalqı heç bir qüvvə öz yolundan döndərə bilməz. Hər daşı bir tarix, hər qayası bir xatirə olan Ağdərə, bu gündən etibarən yalnız keçmişin yox, həm də gələcəyin işığında yenidən dirçələcəkdir.
Tarixi ədalət bərpa olunarkən, bu dönüş həm də yeni bir dövrün – quruculuğun, inkişafın və barışın başlanğıcıdır. Qarabağ artıq bir münaqişə zonasından sülh və dirçəliş məkanına çev-rilməkdədir. Ağdərənin torpaqlarında yenidən həyat başlanır – məktəblər, mədəniyyət ocaqları, ailə səsləri geri dönür. Bu isə sübut edir ki, Qarabağ yalnız müharibə ilə deyil, həm də elm, zəhmət və mədəniyyətlə öz haqqına sahib çıxacaq.
Beləliklə, Ağdərə də Qarabağın bütövlüyündə öz layiqli yerini alaraq, müasir tariximizin parlaq simvollarından birinə çevrilmişdir. Bu torpaqlara dönüş – həm torpağın, həm də ruhun azadlığıdır. Və bu azadlıq əbədi olacaqdır.
Türkan Qasımova,
tarixçi, tədqiqatçı, kiçik dövlət qulluqçusu