Prezident İlham Əliyevin 9 aprel 2025-ci ildə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxış edib.
Beynəlxalq forumda şıxış edən ölkə başçısı bildirib ki, müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir.
Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir. Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir. Siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində – otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir. Lakin Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı.
Suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq.
Siz orada olmusunuz. Siz nələrin baş verdiklərinin şahidi olmusunuz. Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam. Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.
Cənab prezident çıxışında bildirib ki, Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər.
Bu məsələ qismən yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. İndi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir.
Eyni sözləri Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə olan güclü əlaqələrimizə də şamil edə bilərik. Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaratmışıq. Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, hamımıza fayda verəcək. Bu yaxınlarda – altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzaladıq. Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. Hələ ki, söhbət neft və qazdan gedir. Lakin yaşıl enerjidən elektrik enerjisi yaradılacaq. Bir neçə gün bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ənənəvi iclası keçirilmişdir. Onun gündəliyinin bir qismi yaşıl enerjiyə həsr olunmuşdur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir.
Cənab prezident vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında saziş imzalananda əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq.
Bəli, hesab edirəm ki, nail olunması mümkün olan orta perspektivli hədəflər haqqında da danışa bilərik. Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və onlara müsbət cavab verdik. Beləliklə, Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq.
Cənab prezident bildirib ki, biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə uyğun apardıq.
Əlbəttə ki, bu suala cavab vermək üçün müxtəlif seqmentlər mövcuddur. Birincisi, müdafiə qabiliyyətidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi. Biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə dedik ki, – və mən bunu dəfələrlə demişəm, – intiqamımızı döyüş meydanında alacağıq. Normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, müharibə bitdikdən sonra, əlbəttə ki, vəziyyəti tamamilə sabit olan bir vəziyyət kimi qiymətləndirmək olmazdı. 2023-cü ilin sentyabrına qədər bu belə deyildi, itkilərimiz olurdu. Əfsuslar olsun ki, Ermənistan və onun arxasında duran bəzi xarici qüvvələr onlara çox pis məsləhətlər verirdilər. Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi.
Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır. Xüsusilə həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır.
Biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik.
Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir. Bu qara propaqanda davam edir və bir çox hallarda bağlı qapılar arxasında deyirdim: “Baxın, əgər biz 2020-ci ilin noyabrında müharibəni davam etdirmək istəsəydik, onu davam etdirərdik. Biz hərbi əməliyyatlarımızı Xankəndinin həndəvərində dayandırdıq. İnsanların ölməsini istəmədiyimizə görə müharibənin davam etməsini istəmirdik. Bunu sülh yolu ilə etmək istəyirdik. Bunu davam etdirmək istəsəydik, düz Ermənistanla sərhəddə hər yerdə – Zəngilanda, Kəlbəcərdə, digər istiqamətlərdə idik, Ermənistanın ordusu tamamilə demoralizə olunmuşdu”. Ermənistan hökumətinin özünün təsdiq etdiyi kimi orduda 12 min fərari var idi. Beləliklə, heç kim bizim qarşımızı ala bilməzdi ki, biz indi yanlış olaraq ittiham olunduqlarımızı etməyək. Amma belə bir niyyətimiz yox idi və indi də belə niyyətimiz yoxdur. Lakin, eyni zamanda, ayıq-sayıq olmalıyıq.
Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır.
Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik.
Cənab prezident çıxışında qeyd edib ki, biz Türkiyə və İsrail Azərbaycanın yaxın dostudur.
Biz Türkiyə ilə müttəfiqik. 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, – baxmayaraq ki, özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, – Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Bunu heç vaxt ictimailəşdirmədik. Buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq.
Müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik.
Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir. Aramızdakı hər hansı prosesi, – əgər, ümumiyyətlə, belə bir proses varsa, – nə dərəcədə ictimailəşdirmək istəmələrinə onlar özləri qərar verməlidirlər. Normallaşmanın birinci raundu zamanı tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq. Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir. Çünki düşünürəm ki, legitim narahatlıqlara, kifayət qədər yüksək səviyyədə etimadsızlığa baxmayaraq, hələ də normallaşma və qarşılıqlı maraq doğuran sahələr üçün əsas tapmaq olar. Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir.