Türkün dilitək sevgili, istəkli dil omaz,
Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz.
(Məhəmmədhüseyn Şəhriyar)
Dil! Bəşərin sahib olduğu əvəzsiz nemət, Tanrının insanlığa bir lütfü… Bütün sivilizasiyaların bir-birinə ötürdüyü mirasdır dil… Canlı varlıqlardan yalnız insana məxsus olan dil. Hələ XVI əsrdə M.Füzuli bunu poetik bir dillə izah edir:
Eyləsən tutiyə təlim ədayi-kəlimat.
Nitqi insan olur, əmma özü insan olmaz.
Dil dövlətin atributudur, millətin kimliyidir. “Ana südü insan bədəninin ma-yəsi olduğu kimi, ana dili də insan ruhunun qidasıdır”. F.B. Köçərli
Ruhumun qidası dilim! Sözləri inci kimi bir-birinə calanıb mənəviyyatımızı tanıdıb, sözlər alova çevrilib “döyüşüb”, mərdlik qazanıb. Mənim döyüşən dilim. Nəsiminin, Xətainin üsyankar dili… məhəbbət dili…
Mən mülki-cahan, cahan mənəm, mən!
Mən həqqə məkan, məkan mənəm, mən!
Bir millətin mənliyi, şərəfi, heysiyyəti və ləyaqəti dillə intişar tapır… Dil milləti tanıdır, onu dirildir.
Sufi isən, alıb-satma, halalına haram qatma,
Yolun əyrisinə getmə, doğru yola nəzər eylə.
(Şah İsmayıl Xətai)
Dil xalqın doğru yoludur. Bu yollarda başı çox bəlalar çəkmiş dilim, təzyiqə, təhdidə məruz qalan dilim, uzun-uzun yolların yorğunu dilim… Əsrlər boyu adını dəyişməyə çalışdılar, lağa qoydular… Bir zamanlar ərəblərin, bir zamanlar rusların “əsirliyində” olan dilim itib-batmadı…dözdü…durdu, necə deyərlər, “ayaqda qaldı”… Onu “ayaqda tutanlar”, onun saflığına çalışan oğullar bu dildə danışmağı, yazmağı özlərinə ar bilmədilər, onu sevdirə bildilər, “qəvvas kimi” ümmana baş vurdular, sədəf, mirvari, inci kimi sözlər seçdilər… ruhumuzu yaratdılar…
Ey doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar?
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun!
(Bəxtiyar Vahabzadə)
Azərbaycan dili türk dilləri ailəsinə daxildir. Əcdadımız oğuzların mənəviyyat, mədəniyyət daşıyıcısıdır.
Hamımız bilirik ki, XVI əsrdə Səfəvilərin hakimiyyəti dövründə Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət dili elan etmişdir və özü də türkcə “nəzmi-nazik” yazırdı…
Hər gözüm əgər olursa yüz göz,
Bir yüzüm əgər olarsa yüz-yüz,
Səndən kəsəməm o gözlərimi,
Sallam ayağına yüzlərimi.
Zaman-zaman dilimizin adı dəyişdi…Cümhuriyyət dönəmində “Türk dili” adlandı… 30-cu illərdə “Azərbaycan dili”, 1992-ci ildə türk dili yazıldı. 1995-ci ildə Ümummilli Lider, Ulu Öndər H.Ə. Əliyevin fərmanı ilə dilimiz yenidən “Azərbaycan dili” adlandırıldı. 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dilinin təsis edilməsi haq-qında” Ulu Öndər yeni fərman imzaladı və hər il avqustun doqquzu “Azərbaycan dili” günü kimi qeyd olunmaqdadır.
Dünyanın ən möhtəşəm məclislərində, Beynəlxalq Birliklərdə biz öz doğma dilimizdə təmsil olunuruq. Beynəlxalq yazışmalar və aparılan bütün sənədlər məhz doğma dilimizdədir. Ulu Öndərin qürurla söylədiyi: “Mən həmişə azərbaycanlı olmağımla fəxr etmişəm” fikirləri də doğma dilə, vətənə olan sevgidən yaranmışdır…
Hər il qəbul imtahanlarından sonrakı statistik məlumatda oxuyuruq ki, şagirdlər Azərbaycan dili imtahanından ən az bal toplayıblar. Hələ müəllimlərin diaqnostik qiymətləndirmə imtahanının nəticələri daha utancvericidir… Azər-baycan dili və riyaziyyat fənninin müəllimləri aşağı nəticə göstəriblər. Bu, sözün bitdiyi məqamdır…
Mərkəzi mətbuatda “Azərbaycan dili” dərslikləri barədə yazılarım dərc olunur. Burada yazmaq istəməzdim. N. Nərimanovun vaxtilə oxuduğum fikirləri yadıma düşür: Bir dilin qədrini millət o zaman bilər ki, bu dildə yazılan inşalar millətin ruhuna qida verə. Bir də dilin qədri o zaman bilinər ki, bu dili tədris edənlərdə insaf və vicdan ola…
Bəsti İsmayılova, şəhər 2 saylı məktəb-liseyin Azərbaycan dili müəllimi