Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,660
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Apr

    BİZ HƏMİN GÜNLƏRİ QÜRUR HİSSİ İLƏ XATIRLAYIRIQ

    9 il əvvəl başlayan və tarix boyu xalqımıza qarşı törədilən soyqırım hadisələrilə mübarizədə dönüş nöqtəsi olan Aprel hadisələri bizim qəhrəmanlıq salnaməmizdir.
    Hadisələrin əvvəlində növbəti erməni təxribatı dayanırdı. Belə ki, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə tutulmuşdur.
    Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində həmin günlərdə aralarında 16 yaşdan kiçik iki uşaq olmaqla, altı mülki şəxs həlak olub, 26 şəxs yaralanıb.
    Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən öz mövqelərini, silah və sursatlarını ataraq qaçmağa məcbur olub.
    Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi zərərsizləşdirilib, 500-dən artıq hərbçisi isə yaralanıb.
    Erməni hücumlarının qarşısının alınması və əks-hücum əməlliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib.
    Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlığa və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunublar.
    Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər oldu.
    Belə igidlərdən biri də Tərtərin vətənpərvər oğlu Nicat İsgəndərovdur. Nicat evin tək oğlu idi. Buna baxmayaraq, hərbi xidmətini baş vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Təhsilini baş vurduqdan sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. O, 2016-cı ilin aprel ayında Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı aprelin 2-də şəhid olub. Aprelin 3-də doğulduğu Tərtər şəhərində torpağa tapşırılıb.
    Nicat İsgəndərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Tərtər şəhərində küçələrdən birinə Nicat İsgəndərovun adı verilib, yaşadığı evin qarşısında onun barelyefi quraşdırılıb. Həmyerlimizin həyat yolundan bəhs edən “Şəhidliyə aparan arzu” sənədli film çəkilib.
    Şəhid Nicat İsgəndərovun ailəsi dövlətimiz tərəfindən daimi qayğı ilə əhatə olunub. Ata Bəhruz İsgəndərov deyir ki, övladımız torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin suverenliyi yolunda canından keçdi. Valideyn olaraq yaşamaq çox çətindir. Bizi yaşadan odur ki, övladımız unudulmayıb. Qədirbilən xalqımız daim şəhid ailələrinin yanındadır.
    Aprelin 2-də rayon rəhbəri Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin Səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivlərilə birlikdə Nicat İsgəndərovun ailə-sində olublar.
    Əvvəlcə tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, sonra onun bö-yüyüb boya-başa çatdığı evin qarşı-sında quraşdırılmış barelyefin önünə gül-çiçək düzüblər.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın azadlıq mübarizəsində Aprel döyüşlərinin xüsusi əhəmiyyətindən danışıb. Qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun əldə etdiyi qələbə Böyük Zəfərə gedən yolun başlanğıcı oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı mənfur düşməndən təmizlədilər. Bir gündən də az davam edən antiterror əməliyyatı nəticəsində isə suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi.
    Rayon rəhbəri diqqətə çatdırdı ki, Aprel döyüşləri zamanı ən çox ziyan çəkən rayonlardan biri də Qəhrəman Tərtər olub.
    Həmin günlərdə erməni silahlı qüvvələri tərəfindən Tərtərin yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 uşaq bağçasına, qaz, su, elektrik təsərrüfatına ciddi ziyan dəymiş, 3 nəfər mülki vətəndaş həlak olmuşdur. Onlardan biri hələ 16 yaşına çatmamış Tunarə Həsənli idi. Ermənilər rayonun Əskipara kəndinə qadağan olunmuş fosforlu mərmi atmışlar ki, bunun da nəticəsində əkin sahələri istifadəsiz hala düşmüşdür. Beləliklə də düşmən 1946-cü ildə imzalanmış “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” Cenevrə Konvensiyasının tələblərini kobudcasına pozmuşlar.
    Aprel hadisələrindən dərhal sonra Prezident İlham Əliyev xanımı ilə birlikdə Tərtər rayonuna səfər etmiş, dağılmış evlərin sakinləri ilə görüşmüş və onlara dəymiş ziyanın aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırmışdır. Həmin evlər bərpa edilərək sakinlərin istifadəsinə verilmişdir.
    Mərasimdə şəhər 1 saylı tam orta məktəbində şəhid Nicat İsgəndərovun adını daşıyan sinfin şagirdlərinin çıxışları hər kəsi kövrəltsə də, bu kövrəklikdə həm də bir qürur hissi vardı. Ona görə ki, şəhidlərimiz haqqında şeir söyləyən uşaqlar azad, suveren bir dövlətin övladlarıdır, onlar sülh və əminamanlıq şəraitində böyüyürlər. Xalqımız bu yolda canından keçən qəhrəmanlarını unutmur və heç zaman unutmayacaq.

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 10:55

İsmarıclar bağlıdır.