Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,697
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Apr

    Tələbə adını döyüşçü adına dəyişdi

    Artıq bir neçə ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə bayram tonqalları qalanır. 30 ildən artıq bir müddətdə doğma yurd-yuvalarından didərgin düşmüş insanlar sonsuz sevinc hissi ilə evlərinə qayıdırlar. Bəli, hər kəs şaddır, qürurludur, ancaq eyni zamanda, olub keçənlər, erməni cinayətləri unudulmayıb və heç zaman unudulmayacaq. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin torpaq uğrunda apardıqları qanlı döyüşlər insanların dilində dastana çevrilərək, nəsildən-nəsilə ötürüləcək.
    Belə əbədiyaşar qəhrəmanlarımızdan biri də Ağdərə rayonunun İmarət Qərvənd kəndinin sakini Həsənov Natiq Edik oğludur.
    Natiq Həsənov 5 oktyabr 1970-ci ildə İmarət Qərvənd kəndində doğulub. O, çoxuşaqlı bir ailənin beşinci övladı idi. 8 övlad anası olan Fatma ana həyat yoldaşını vaxtsız itirdiyi üçün uşaqların tərbiyəsi ilə bağlı bütün qayğıları özü çəkirdi. Fatma ana həm də işgüzar, ictimaiyyətçi olduğuna görə, 1978-ci ildən 1985-ci ilə kimi Ağdərə rayon Sovetinə deputat seçilmişdir.
    Belə zəhmətkeş bir ailədə böyüyən Natiq erkən yaşlarından yurdsevər, vətənpərvər olmuşdu. O, dərslərini də yaxşı oxuyur, hər addımı ilə anasını sevindirməyə çalışırdı. Orta məktəbi bitirib ali məktəbə qəbul olunanda, ana özünü çox bəxtəvər hiss etmiş, sanki əzablı-əziyyətli illəri unutmuşdu.
    Lakin… Bəzən həyat insanlara qarşı çox amansız olur. Natiq də tələbəlik illərinin sevincini yaşaya bilmədi. Axı, doğma kəndi, ailəsi düşmənlə üzbəüz qalmışdı, təhlükədəydi. O, təhsilini yarımçıq qoyub, kəndlərinə qayıtdı. 1988-ci ildən etibarən İmarət Qərvənd kəndində yaranan özünümüdafiə dəstəsinin tərkibində gecə-gündüz erməni təxribatlarına qarşı mübarizə apardı.1992-ci ilədək silah-sursatsız, əliyalın vəziyyətdə dəstə üzvləri silahlı quldurlara qarşı mübarizə apardılar.
    1992-ci ildə kəndin əhalisi məcburi köçkün kimi Kəlbəcər rayonunun Qılınclı kəndində məskunlaşdı. Bundan sonra Natiq Kəlbəcər Batalyonunun tərkibində döyüşdü. O, bir çox qanlı vuruşmaların iştirakçısı oldu, rəşadət və hünər göstərdi.
    Sonuncu döyüşü 8 aprel 1992-ci ildə oldu. Ağdaban kəndinin müdafiəsi zamanı İmarət Qərvənd kəndinin 7 nəfər sakini şəhidliyə ucaldı. Bunlar Misir, Məhəmməd, Nüsrət, Tağı, Şahid, Azad və Natiq idi. Məhəmməd və Nüsrət, Tağı və Şahid ata oğul idilər.
    Fatma ana özü Kəlbəcərdən olduğu üçün, Natiqi burada dayısının yanında dəfn etdilər. Digər 5 şəhid isə Kəlbəcər rayonunun Bağlı Pəyə kəndində torpağa tapşırıldı.
    Bundan sonra ailə ikinci dəfə didərginlik həyatı yaşadı. Fatma ana qalan övladları ilə birlikdə Oğuz rayonunun Xalxal kəndinə köçdü. Natiqin 40 mərasimini Xalxal kəndində keçirdilər.
    Lakin ailə faciəsi bununla bitmədi. 44 günlük Vətən müharibəsində Fatma ananın nəvəsi Xəyal Aslanov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid oldu.
    Natiqin bacısı, Xəyalın isə anası Nəzakət xanım de-yir:
    – 30 ildən artıq bir müddətdə anam torpaq və oğul həsrətilə yaşadı. Bu dərdlərin üstünə nəvə dərdi də gəldi. Amma, buna baxmayaraq, torpaqlarımızın işğaldan azad olunması ilə sanki onun yaralı qəlbinə su səpildi. O, rahatlıq tapdı. Çünki oğullarımızın uğrunda can qoyduqları torpağa artıq düşmən ayağı dəymir.
    “Bu Vətən bizimdir. Vətənimizin dərdi də, sevinci də bizimdir.” Bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Fatma ananın yas mərasimində doğmalarına başsağlığı verərkən deyib.
    Şəhərlərimiz, kəndlərimiz abadlaşdıqca, qəlbimizdəki sevinc hissi artır. Bu yolda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:23

İsmarıclar bağlıdır.