Azərbaycanın yaşıl enerji diplomatiyası: II Qarabağ müharibəsindən sonra yeni perspektivlər
II Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi şərait Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək və yaşıl enerji sahəsindəki məqsədlərini həyata keçirmək üçün yeni strateji təşəbbüsləri gündəmə gətirdi. Azərbaycanın Qarabağda və ətraf bölgələrdə əldə etdiyi hərbi və diplomatik uğurlar yalnız ölkənin ərazi bütövlüyünü bərpa etməklə məhdudlaşmadı, eyni zamanda, bu ərazilərin enerji sahəsindəki inkişafını da müasir geosiyasi reallıqlarla uyğunlaşdırmağa imkan yaratdı. Azərbaycanın enerji sektorunun inkişafı daxili iqtisadiyyatın gücləndirilməsi və regiondakı və beynəlxalq əməkdaşlıqların genişlənməsi üçün mühüm addım oldu. Bu baxımdan yaşıl enerji sektoru Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ekoloji dayanıqlı inkişafında da vacib rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu enerji strategiyası ölkənin enerji sahəsindəki mövqeyini gücləndirərək, regional və beynəlxalq aləmdə Azərbaycanın liderlik rolunu daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyev yaşıl enerji və təmiz texnologiyalar sahəsində atdığı addımlarla həm ölkənin daxili iqtisadi inkişafını dəstəkləmiş, həm də Azərbaycanın beynəlxalq enerji siyasətində güclü bir mövqe əldə etməsini təmin etmişdir. Bu siyasət Azərbaycanın qlobal enerji bazarında rəqabət qabiliyyətini artırır və regionda enerji təhlükəsizliyini möhkəmləndirir.
Azərbaycan II Qarabağ müharibəsindən sonra regiondakı geosiyasi balansı öz xeyrinə dəyişdirərək enerji sahəsində daha güclü diplomatik mövqe qazanmışdır. Dağlıq Qarabağ və ətraf ərazilərin bərpası Azərbaycanın enerji sahəsindəki strateji təşəbbüslərinin irəliləməsinə və ölkənin regional enerji xəttindəki mövqeyini möhkəmləndirməsinə imkan yaratmışdır. Bu yeni geosiyasi düzən Azərbaycanın beynəlxalq enerji siyasətində daha fəal rol oynamasına və regiondakı digər enerji istehsalçısı ölkələrlə daha sıx əlaqələr qurmasına imkan verir. Bu şəraitdən faydalanaraq Azərbaycan Qarabağda və digər ərazilərdə, xüsusilə Füzuli, Ağdam, Kəlbəcər, Şuşa və Tərtərdə bərpa olunan enerji layihələri həyata keçirir. Bu layihələr yalnız regional enerji şəbəkəsini gücləndirmək deyil, həm də ekoloji dayanıqlı inkişafın dəstəklənməsinə xidmət edəcək.
Füzuli, Ağdam və Tərtər kimi rayonlar bu sahədə həyata keçiriləcək layihələr üçün xüsusilə diqqətəlayıqdır. Bölgədəki təbii şərait Azərbaycanın enerji təhlükəsizliyini artırmaq və ekoloji cəhətdən dayanıqlı inki-şafı təmin etmək məqsədinə çatmaq üçün böyük bir potensiala sahibdir. Həmçinin, bu ərazilərdə günəş və külək enerjisi üçün əlverişli iqlim şəraiti mövcuddur. Qarabağ bölgəsinin relyefi külək enerjisinin isteh-salı üçün yüksək potensiala malikdir və günəş enerjisi üçün mükəmməl şərait yaradılır. Bunlar Azərbaycanın yaşıl enerji sahəsindəki diplomatik təşəbbüslərini dəstəkləyən vacib amillərdir və Azərbaycanın yaşıl enerji sahəsində liderlik mövqeyini gücləndirmək və regionda ekoloji cəhətdən dayanıqlı enerji mənbələrinin istifadəsini artırmaq məqsədilə genişmiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaradır.
Beynəlxalq enerji şirkətləri Azərbaycanın yaşıl enerji sahəsindəki məqsədlərinə uyğun olaraq bölgədə investisiya yatırmaqda maraqlıdırlar. Masdar şirkəti Azərbaycanın qeyri-neft sektoruna yönələn böyük bir investor olaraq, xüsusilə günəş və külək enerjisi layihələrində iştirak etməkdədir. Qarabağda həyata keçiriləcək bu layihələr həm Azərbaycanın enerji təchizatının diversifikasiyasını, həm də ölkənin enerji müstəqilliyini təmin edəcək, eyni zamanda ekoloji cəhətdən təmiz və dayanıqlı enerji təmin edəcəkdir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən ağıllı şəhər layihələri bu bölgələrin ekoloji təmiz, səmərəli və dayanıqlı şəhərlər kimi inkişaf etməsini təmin edir. Bu layihələrdə bərpa olunan enerji mənbələrinin inteqrasiyası, elektrik nəqliyyat vasitələri, ağıllı şəbəkələr və digər qabaqcıl texnologiyalar tətbiq ediləcək. Bu şəhərlər həmçinin yaşıl enerji texnologiyalarını tətbiq edən vətəndaşların həyat keyfiyyətini artıran mərkəzlər olaraq inkişaf edəcəkdir.
Azərbaycanın Qarabağda və ətraf bölgələrdə həyata keçirdiyi yaşıl enerji layihələri ölkənin enerji təhlükəsizliyini təmin etmək və regionda yeni iqtisadi və diplomatik əməkdaşlıq imkanlarını yaratmaq məqsədi güdür və Azərbaycanın regional gücünü artırmaqla yanaşı, qonşu ölkələrlə enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar yaradır. Azərbaycanın Qarabağda əldə etdiyi diplomatik uğurlar bu ölkələrlə əlaqələri dərinləşdirərək yeni enerji təchizatı bazarları yaratmaq üçün şərait yaradır.
Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında yaşıl enerji sahə-sindəki mövqeyini gücləndirərək, yalnız enerji sahəsində deyil, həm də diplomatiya, iqtisadiyyat və təhlükəsizlik sahələrində yeni strateji imkanlar əldə etməkdədir. Bu yeni şərait Azərbaycanın enerji sahəsindəki mövqeyini daha da gücləndirəcək və regionda daha geniş enerji diplomatiyası sahəsini formalaşdıracaqdır.
Şəbnəm ZEYNALOVA,
Siyasi Elmlər üzrə fəlsəfə doktoru
.