Keçmiş oxucu ilə təsadüfi görüş
İş yoldaşımın otaq telefonu xarab olmuşdu. ”Aztelekom”-dan baxmağa gəlmişdilər. Qapım açıldı. İşlərini bitirib gedəndə onlardan biri salam verib soruşdu:
–Siz qəzetdə işləyən Svetlana Əzizovasınız?
– Bəli, – dedim.
Birnəfəsə danışmağa başladı. Mən o vaxt sizin yazıları həvəslə oxuyurdum. Elə istəyirdim ki, Sizi şəxsən tanıyım.
Qəzetdən ayrıldığımdan 15 il keçmişdi. Onun səmimiyyəti, sevinməsi məni kövrəltdi. Uzun illər əvvələ qayıtdım. Yerli qəzetdə işlədiyim vaxtlar, keçirdiyim oxucu konfransları, görüşdüyüm, haqqında yazdığım adamları xatırladım.
Adətən jurnalistlərin yazdıqlarını kəpənəyə bənzədirlər. Çünki, qəzetdə dərc edilən yazıların ömrü bir gün olur. Amma, kəpənəksiz də bahar olmur də, bunu da etiraf etməliyik.
Çox sevindim, oxucumla sə-mimi görüşümə görə. Deməli, sevdiyim peşəmdə hələ də unudulmamışam, imzamı yadda saxlayanlar, məni xatırlayanlar, görmək istəyənlər var, rayonumuzun Əskipara kəndinin sakini, soyadını belə bilmədiyim Şahin kimi. Svetlana Əzizova