Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,661
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Apr

    Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxış edib.

    Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır.

    Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır.

    Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.

    İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.

    Prezident İlham Əliyev qeyd edib ki, uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq.

    Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.

    Diqqətə çatdırılıb ki, mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik.

    Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP – Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir.

    Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Dövlət başçısı deyib:

    – Nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, “Şahdəniz” və “Abşeron” – bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da, ola bilsin, müzakirə ediləcək.

    Həmçinin bildirilib ki, ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq.

    Əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq.

    Bu il yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlamasını gözləyirik.

    Prezident deyib ki, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı.

    Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq.

    Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək.

    Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya gedən yaşıl kabel də müzakirə olunacaq.

    Verilən məlumata görə, həmin layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Beləliklə, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Əlbəttə, indidən söyləyə bilərik, ümid edirik ki, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir.

    ***

    Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.

    Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib.

    Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.

    Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.

     

    Müəllif: Redaktor, 08:39

İsmarıclar bağlıdır.