Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,632
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Mar

    Prezident İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda çıxış edib.

    Dövlət başçısı bildirib ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.

    Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi.

    Həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik.

    Bu, olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi. Baxmayaraq ki, faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq.

    Beləliklə, Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir;

    Prezident İlham Əliyev deyib: Ölkəmiz enerji təchizatı baxımından qıtlıqla üzləşmir.

    – Bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.

    Bildirilib ki, COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı etdik.

    Eyni zamanda, Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. Düşünürəm ki, uğur qazandıq, çünki COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi;

    Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir.

    Qeyd olunub ki, Azərbaycana qarşı geniş kampaniya aparılırdı.

    Deməliyəm, əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Lakin dırnaqarası media tərəfindən buna məhəl qoyulmaması normal bir hal kimi qəbul olunmuşdur. Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik. Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində, ikisindən qaynaqlanırdı. Onlardan biri – ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər.

    İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi. Bunun da müxtəlif səbəbləri ola bilər. Lakin onlardan biri ondan ibarətdir ki, onlar öz iradəsini yeridə bilmədilər.

    Dövlət başçısı deyib ki, Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq.

    Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi.

    Qeyd olunub ki, bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar.

    Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, – buradan cəmi 5-10 dəqiqəlik yoldur, – getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı.

    Bu, Ermənistanın baş nazirinin əmri ilə edilmişdi. Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq Ermənistanın atəşinə tutulurdu. Biz isə bunu etmədik. Ermənistan ordusuna, işğalçı Ermənistanın ordusuna qarşı mübarizə aparırdıq. Onlar isə mülki şəxslərlə mübarizə aparırdı. Fərq bundadır. Bu, Birinci Qarabağ müharibəsində də eyni idi. Onlar bir növ bufer zonası yaratmışdılar. Belə adlandırırdılar. Əslində isə bu, işğal olunmuş ərazilər idi. Onlar yüz minlərlə azərbaycanlını qovdular və etnik təmizləmə apardılar. Bunu heç vaxt yaddan çıxarmayacağıq. Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Beləliklə, onların hər hansı bir sözünə inanmırıq.

    Prezident İlham Əliyev deyib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.

    Çünki onlar elə insan deyillər ki, inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk Qrupu buraxılsın.

    Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir.

    Diqqətə çatdırılıb ki, Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.

    Lakin ümid edirik ki, yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq.

     

    Müəllif: Redaktor, 16:14

İsmarıclar bağlıdır.