Azərbaycan qadınının siyasət sahəsindəki rolu hər zaman dərin izlər buraxmış və cəmiyyətin inkişafına müstəsna töhfələr vermişdir. Bu gün Azərbaycanda qadınlar dövlət idarəçiliyində, parlamentdə, beynəlxalq arenada və sosial-siyasi platformalarda söz sahibi olan liderlərdir. Bu ilin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınının siyasətdəki mühüm yerini və qürur-verici yolunu nəzərdən keçirərkən qeyd edilməlidir ki, bu yolda ən parlaq nümunə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva kimi bir liderin fəaliyyətidir.
Mehriban Əliyeva yalnız Azərbaycanda deyil, dünyada da tanınan bir şəxsiyyət olub, qadınların siyasətdəki potensialını nümayiş etdirmişdir. Onun uzun illər ərzində apardığı sosial, mədəni, humanitar və diplomatik fəaliyyətlər Azərbaycanın beynəlxalq imicini yüksəltmiş, eyni zamanda qadınların liderlik mövqelərində möhkəmlənməsinə böyük dəstək vermişdir.
Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti olaraq, həm də Azərbaycan qadınının siyasi arenada təsirli rolunun ən yaxşı nümunəsidir. Mehriban Əliyevanın siyasi fəaliyyətinin əsas mərhələsi 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi ilə başlayıb. Parlamentdə olduğu müddətdə o, ölkədə sosial rifahın gücləndirilməsi, ailə dəyərlərinin qorunması və qadın hüquqlarının müdafiəsi sahəsində bir sıra təşəbbüslərlə çıxış edib.
2017-ci ildə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunaraq ölkənin ən yüksək dövlət idarəçilik strukturlarından birində fəaliyyət göstərməyə başladı. Bu təyinat qadınların dövlət idarəçiliyində mühüm rol oynaya biləcəyini bir daha sübut etdi. Mehriban Əliyeva vəzifəyə gəldikdən sonra sosial rifah siyasətinin gücləndirilməsi, əhalinin həssas təbəqələrinin müdafiəsi və dövlət proqramlarının effektiv icrası istiqamətində mühüm qərarlar qəbul edildi.
Mehriban Əliyevanın siyasətdəki aktivliyi təkcə siyasi sahə ilə məhdudlaşmır. O, ölkədəki qadın hüquqlarının müdafiəsi və təhsildəki gender bərabərliyinin təmin edilməsi sahəsində də müstəsna işlər görür. Onun rəhbərliyi ilə, müxtəlif xeyriyyəçilik layihələri həyata keçirilmiş, Azərbaycanda qadınların sosial-siyasi iştirakını dəstəkləyən bir çox təşəbbüslər həyata keçirilmişdir. Eyni zamanda, Mehriban Əliyeva müasir dövrün ən böyük beynəlxalq xeyriyyə təşkilatlarından biri olan Heydər Əliyev Fondunun prezidenti olaraq mədəniyyət və təhsil sahələrində genişmiqyaslı layihələr həyata keçirmişdir. Mehriban Əliyevanın təşəbbüsü ilə məktəblərin, uşaq bağçalarının, xəstəxanaların tikintisi və yenidən qurulması, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə dəstək layihələri ölkədə sosial rifahın yüksəlməsinə xidmət etmişdir. Fondun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı minlərlə uşağın daha yaxşı təhsil və yaşayış şəraitinə qovuşmasına imkan yaradıb. Bununla yanaşı, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binası inşa edilib ki, bu da Azərbaycanın təhsil infrastrukturunun inkişafına mühüm töhfədir.
Mehriban Əliyevanın xarici siyasətdəki mövqeyi də diqqət çəkir. Azərbaycanın milli maraqlarını və qadın hüquqlarını beynəlxalq səviyyədə müdafiə edən və eyni zamanda ölkənin strateji əlaqələrini gücləndirən, diplomatik müstəvidə fəaliyyət göstərən bir liderdir. Onun fəaliyyəti Azərbaycanın qadın liderləri üçün böyük bir nümunə olmuş, dünya səhnəsində Azərbaycanı daha da tanıtmışdır. Mehriban Əliyevanın siyasətdəki mövqeyi Azərbaycan qadınının siyasi həyatdakı təsirini daha da gücləndirmişdir. Azərbaycanın Milli Məclisində qadın deputatların sayı artmış, bu da ölkə qanunvericiliyində qadınların mövqeyinin güclənməsinə imkan yaratmışdır. Parlamentdə fəaliyyət göstərən qadınlar yalnız qanunlar hazırlamaqla kifayətlənməyib, eyni zamanda, ölkənin sosial və iqtisadi inkişafı istiqamətində mühüm qərarlar qəbul etmişlər. Azərbaycanın icra hakimiyyətindəki qadın nümayəndələri də ölkənin idarə edilməsində və strateji qərarların qəbulunda fəal iştirak edirlər. Onlar ölkənin iqtisadi və sosial həyatında böyük dəyişikliklərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu dövr qadınların siyasət və idarəetmədə daha da gücləndikləri və öz mövqelərini möhkəmləndirdikləri bir dövr olmuşdur.
Siyasi elmlər üzrə fəlsəfə doktoru olaraq bu sahədəki qadınların yüksəlişinə şahid olmağım mənim üçün xüsusi bir məmnunluq doğurur. Azərbaycan qadını son illər öz analitik bacarıqları, geniş dünyagörüşü və siyasi əhəmiyyətli məsələlərə dair dərin təhlil qabiliyyəti ilə siyasətə və diplomatiyaya ciddi təsir göstərir. Onlar həm də strateji qərarların qəbul edilməsində mühüm rol oynayan aparıcı aktorlardır. Qadın siyasi analitiklərimizin ölkəmizin və regionun siyasi strukturlarını daha dərindən təhlil etmələri, dövlətin və cəmiyyətin qarşısında duran ən mühüm məsələlərə işıq salmaqda mühüm əhəmiyyət kəsb edir. Bu analitik fəaliyyət yalnız akademik mühitdəki tədqiqatlarla məhdudlaşmır. Onlar həmçinin real siyasi və diplomatik sferalarda da təsirli nəticələr əldə edərək, Azərbaycanın regional və qlobal siyasətindəki mövqeyini gücləndirir və daha yaxşı bir gələcəyə doğru irəliləyir.
Mehriban Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın daxilində deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, o, Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixi irsinin dünyada təbliğinə mühüm töhfələr vermişdir. Onun səyləri nəticəsində muğam sənəti, Azərbaycan xalçaçılığı və digər mədəni irs nümunələri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansı toplantıları və digər mühüm beynəlxalq tədbirlər Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoq və sülhün dəstəyi baxımından önəmli rol oynayan ölkələrdən birinə çevrilməsinə səbəb olub. O, eyni zamanda beynəlxalq humanitar təşəbbüslərə də dəstək vermiş, müxtəlif ölkələrdə tibbi yardım aksiyalarına və sosial layihələrə sponsorluq etmişdir. Mehriban Əliyeva, həmçinin Azərbaycanın mədəni irsinin bərpası, o cümlədən, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və Qarabağın yenidən qurulması işlərində də fəal rol oynamışdır.
Mehriban Əliyevanın fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq aləmdə qadın liderlərin beynəlxalq səhnəyə çıxmasına, cəmiyyətin idarə edilməsində fəal rol oynamalarına ilham vermişdir. Onun müvəffəqiyyətləri bir tərəfdən qadınların siyasətdə daha geniş yerlər tutmasına zəmin yaratmış, digər tərəfdən isə qadınların liderlik mövqelərində bir çox müsbət dəyişikliklərə nail olmasına yol açmışdır.
Mehriban Əliyeva müasir Azərbaycan qadınının siyasi və sosial həyatda oynaya biləcəyi mühüm rolu sübut edən bir liderdir. Onun cəmiyyətdəki fəaliyyəti yalnız Azərbaycan qadınlarının deyil, ümumilikdə bütün dünyada qadınların siyasi həyatdakı yerini və rolunu daha da möhkəmləndirəcək.
Şəbnəm ZEYNALOVA,
Siyasi Elmlər üzrə fəlsəfə
doktoru