Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının və AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan dövlətinin inkişaf tarixi, qadınların dövlətin ictimai-siyasi həyatında və cəmiyyətdə rolu barədə qısametrajlı film nümayiş etdirilib.
Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkə Prezidenti cənab İlham Əliyevə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna görə təşəkkürünü bildirib, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib və bu əlamətdar günün qadınlarımızın dövlət və cəmiyyət həyatındakı rolunu, ailədəki əvəzsiz zəhmətini və fədakarlığını vurğulamaq üçün bir fürsət olduğunu qeyd edib.
O, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu ilin “Konsitusiya və Suverenlik İli” elan edilməsinin dövlətçilik ənənələrimizin möhkəmlənməsinə, əldə etdiyimiz nailiyyətlərin dünya ictimaiyyətinə daha geniş təqdim edilməsinə xidmət etməklə yanaşı, dövlət orqanları və vətəndaş cəmiyyəti, o cümlədən onun fəal hissəsi olan qadınlar qarşısında yeni və vacib vəzifələr qoyduğunu bildirib. Əlavə edib ki, gələcək nəsillərə çiçəklənən, güclü və qüdrətli bir Azərbaycan bəxş etmək üçün ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, davamlı sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə çevik inteqrasiya, müstəqil xarici siyasət Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Bütün bu nailiyyətlər qadınların fəal iştirakı ilə əldə edilir, həmçinin daha güclü və yüksək səriştəli insan kapitalının formalaşmasına böyük töhfə verir.
Bahar Muradova, Azərbaycan qadınlarının qarşıdakı illərdə də cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial- mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəyinə və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacağına inamını ifadə edib.
Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov qeyd edib ki, vətəndaşlarımızın, eləcə də qadınların hüquq və azadlıqlarının təmin olunmasının əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə xalqımıza xas olan qadına hörmət mənəvi kateqoriyadan hüquqi müstəviyə keçirildi, hüquqi status aldı.
O bildirib ki, cəmiyyətdə əmin-amanlığın, təhlükəsizliyin, sabitlik və sülhün təmin olunmasında qadınların böyük rolu vardır. Həyatın bütün sferalarında qadınlar iştirak edərək, cəmiyyətin və dövlətin inkişafına töhfə verirlər.
Azərbaycanda 1-ci dərəcəli Rəşadət ordeni ilə təltif edilən ilk qadın Aydan Rəhimli çıxış edib. O nitqi zamanı, bugünkü kürsüdəki çıxışını möcüzə adlandıraraq, həmkarlarının, eləcə də Hökumə Əliyevanın etdiklərinin qəhrəmanlıq və fədakarlıq nümunəsi olduğunu deyib.
Tədbirdə Tərtər rayonunu təmsil edən bir qrup fəal qadın iştirak edib.
Rəsmi hissədən sonra tədbir bədii proqram ilə davam edib.