Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,632
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Mar

    Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

    Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamından

    İcra başçısı Bəyimsarov kəndində Qərbi azərbaycanlılarla birlikdə Yel çərşənbəsini qeyd edib

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər üzrə nümayəndəliyinin əməkdaşları ilə birlikdə rayonun Bəyimsarov kəndində məskunlaşmış Qərbi azərbaycanlılarla Novruzun 3-cü çərşənbəsi olan Yel çərşənbəsini qeyd ediblər.
    Qeyd edək ki, Bəyimsarov kəndində Qərbi Azərbaycandan olan 436 ailə, 3106 nəfər məskunlaşıb.
    Rayon rəhbəri kəndin mərkəzində Vətən müharibəsi şəhidi Tural Məmmədovun anası Güldanə Məmmədova və Vətən müharibəsi qazisi Təhmuraz Muradovla birlikdə böyük tonqalı alovlandırıblar. Sonra icra başçısı Qərbi azərbaycanlıları yurdumuza yazın gəlişi, Yel çərşənbəsi münasibəti ilə təbrik edib, onlara tezliklə Novruz tonqallarını Qərbi Azərbaycanda, öz doğma yurdlarında çatmağı arzu edib və respublika Prezidentinin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə dediyi sözləri bir daha xatırladıb: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”
    Kəndin ağsaqqalı Fazil Vəliyev Qərbi azərbaycanlıların Novruz adətlərindən, Yel çərşənbəsi haqqında danışıb, ma-raqlı məlumatlar verib. Bildirib ki, Yel çərşənbəsinə xalq arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə” də deyirlər. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər.
    Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.
    Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atla-nırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatlar bişirilir.
    Sakinlər rayon rəhbərini və qonaqları Novruz kətəsinə, qovurğaya və şirniyyata qonaq ediblər. Tonqal ətrafında Qərbi azərbaycanlıların özünəməxsus “Yallısı” səsləndirilib.
    Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 09:46

İsmarıclar bağlıdır.