Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,624
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13Mar

    Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.

    Dövlət başçısı deyib:

    Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq.

    Qeyd olunub ki, enerji sahəsində əməkdaşlıq inkişaf edir. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır.

    Avropa Azərbaycan qazına ehtiyac duyur.

    Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.

    Diqqətə çatdırılıb ki, xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Prezident İlham Əliyev deyib:

    Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər.

    Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur.

    2023-cü ildə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasiyev, eyni zamanda Şimali Makedoniyaya təyin olunmuşdur.

    Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

    Şimali Makedoniya Respublikasının Prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfər etmişdir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

    AR xarici işlər naziri Elmar Məmmədyarov 28-29 iyun 2007-ci il tarixində Skopyeyə, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 12 aprel 2023-cü il tarixində Bakıya işgüzar səfər etmişdir.

    AR Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Qrupun rəhbəri millət vəkili Fazil Mustafadır.

    Şimali Makedoniya Məclisində müvafiq parlamentlərarası dostluq qrupunun 8 üzvü var. Qrupun rəhbəri Enes İbrahimdir.

    İki ölkə arasında 5 sənəd imzalanmışdır.

    01.01.2024-cü il tarixinə Azərbaycan Respublikasında 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir.

    Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 19.04.2013-cü il tarixində imzalanmışdır və hazırda qüvvədədir.

    Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş 19.04.2013-ci il tarixində imzalanmış, 12.08.2013-cü il tarixində qüvvəyə minmişdir.

     

    Müəllif: Redaktor, 08:25

İsmarıclar bağlıdır.