Azərbaycanın hər qarışı tarixlə yoğrulub, hər daşında, hər çınqılında bir keçmişin izi var. Amma elə torpaqlar var ki, onların adı sadəcə coğrafi məkan kimi yox, qəhrəmanlıq dastanının bir parçası kimi tarixdə əbədi həkk olunub. Bu torpaqlarda hər səs – küləyin uğultusu, çayın axışı, quşların nəğməsi – bir döyüşçünün pıçıltısına, bir şəhidin xatirəsinə çevrilib. Məhz belə rayonlardan biri də Tərtərdir – qəhrəmanlıq və dözüm simvolu, bir millətin məğrur dayanışmasının canlı sübutu. Bu yazını bir tərtərli olaraq qələmə alıram. Çünki bu torpaq təkcə bir məkan deyil, ruhumuzun bir parçasıdır. Burada doğulub böyüyən hər kəs bilir ki, Tərtər bir mübarizə məktəbidir. Onun hər küçəsində, dağında, çayında qəhrəmanlıq nəğməsi var.
Tərtər şəhidlərinin hər biri bir dastandır – onların qanı ilə sulanan bu torpaq indi azad nəfəs alır. Hər biri ölümə meydan oxuyaraq, Vətənin bütövlüyü uğrunda can verdi və indi azad səmanın altında yaşayan hər kəs üçün bir nur, bir qürur mənbəyinə çevrildi.
Tərtər birinci Qarabağ müharibəsində düşmənin amansız hücumlarına sinə gərən, lakin işğal olunmayan rayonlardan biridir. Burada hər daş, hər küçə, hər ev illər boyu yaşanan müharibənin izlərini daşıyır. İkinci Qarabağ müharibəsində isə Tərtər ən çox dağıntıya məruz qalan rayonlardan biri oldu –raketlər, mərmilər səssiz küçələri sarsıtdı, məktəbləri, evləri, məscidləri hədəfə aldı. Lakin bu rayonun insanları nə geriyə çəkildi, nə qorxdu, nə də ruhdan düşdü. Əksinə, onlar daha da gücləndi, daha da qürurlandı, daha da bir oldu.
1990-cı illərdə Ermənistanın təcavüzkarlığı Qarabağda amansız döyüşlərə səbəb oldu. Döyüşlər davam etdikcə, Tərtər ən çətin mərhələlərdən keçdi. Dəfələrlə Murovdağdan, Suqovuşan istiqamətindən gələn hücumlara baxmayaraq, rayon qəhrəmancasına müdafiə olundu. Məhz Tərtərin məğrur döyüşçülərinin sayəsində bu torpaqlar erməni işğalına məruz qalmadı. Ermənistan Silahlı Qüvvələrinin təzyiqlərinə baxmayaraq, rayon əhalisi ərazini tərk etmədi, torpaqlarını qorumağa davam etdi. Bu müqavimət Azərbaycan Ordusunun sonrakı uğurlu əməliyyatları üçün əhəmiyyətli bir istinad nöqtəsinə çevrildi.
2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Tərtər rayonu yenidən dəhşətli sınaqlarla üzləşdi. Hərbi baxımdan çox vacib mövqeyə malik olan rayon, Ermənistan Silahlı Qüvvələrinin artilleriya və raket atəşinə məruz qaldı. Hər gün rayonun müxtəlif yerlərinə onlarla raket və top mərmisi düşürdü. Məscidlər, məktəblər, evlər dağıntılara məruz qalırdı.
Bəzi kəndlər tamamilə yerlə yeksan edildi, ancaq tərtərlilərin qəhrəmanlıq ruhu itmədi. Dinc sakinlər evlərini tərk etməyərək, məğrur dayandılar. Döyüşlərin ən qızğın vaxtlarında belə, insanlar öz doğma torpaqlarını tərk etmədi. Azərbaycan Ordusunun qələbə yolunda Tərtər döyüş meydanı kimi strateji önəm daşıyırdı. Suqovuşan və Talış istiqamətində aparılan uğurlu hərbi əməliyyatlar məhz Tərtərdən başlandı. Bu, Azərbaycan Ordusunun strateji üstünlüyü ələ almasına və qələbəyə aparan yolun açılmasına imkan yaratdı.
İkinci Qarabağ müharibəsindən sonra Tərtər öz tarixində yeni bir səhifəyə qədəm qoydu. Müharibənin ağır izləri hələ də görünür – dağılmış evlər, infrastruktur və məhv edilmiş təsərrüfatlar. Lakin bütün bu çətinliklərə baxmayaraq, Tərtər yeni həyatın başlanğıcını yaşayır. Azərbaycan dövləti bu qəhrəman torpağın yenidən qurulmasına xüsusi diqqət ayıraraq, müharibədən sonrakı bərpa işlərini sürətlə həyata keçirir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq Tərtər rayonuna səfərlər edərək, bölgənin inkişafı və yenidən qurulması istiqamətində bir sıra mühüm layihələrin icrasına nəzarət edirlər. Bu səfərlər zamanı müxtəlif infrastruktur layihələrinin təməli qoyulmuş, kənd təsərrüfatı və sosial sahələrdə yeniliklər həyata keçirilmişdir. 2022-2026-cı illər ərzində Tərtər də daxil olmaqla, Füzuli, Ağdam və Xocavənd rayonlarında ümumilikdə 15,999 evin tikintisi planlaşdırılmışdır. Bu layihə çərçivəsində müharibədən zərər çəkmiş ərazilərdə yeni yaşayış evlərinin inşası nəzərdə tutulur ki, bu da məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin edəcəkdir.
Rayonun iqtisadi və sosial inkişafı üçün mühüm layihələr icra olunmağa başladı. Suqovuşanın azad olunması ilə su ehtiyatlarının idarə edilməsi məsələsində böyük irəliləyiş əldə edildi. Bu, təkcə Tərtərin deyil, həm də Azərbaycanın kənd təsərrüfatı və enerji təhlükəsizliyi üçün mühüm bir hadisə oldu. Hazırda Suqovuşan su anbarı və digər su mənbələri təkcə əkin sahələrinin suva-rılması üçün deyil, həm də bərpa olunan enerji mənbələrinin inkişafı üçün istifadə edilir.
Eyni zamanda, Tərtərdə yeni məktəblər, tibb mərkəzləri, yollar və digər infrastruktur obyektləri inşa olunur. Müharibədən zərər çəkmiş evlərin bərpası və yenidən qurulması ilə yanaşı, şəhər və kəndlərin modernləşdirilməsi də prioritetlər sırasındadır. İnsanların öz doğma yurdlarına qayıdışı və rahat yaşayışı üçün hər cür şərait yaradılır. Prezident İlham Əliyevin Tərtər rayonuna səfərləri və həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi inkişafına, infrastrukturun yenidən qurulmasına və əhalinin rifahının yüksəldilməsinə böyük töhfə verməkdədir.
Tərtər Azərbaycan xalqının gücünün və iradəsinin təcəssümüdür. Onun hər qarışı igidlik, fədakarlıq və məğrurluq hekayələri ilə doludur. Burada yaşayan insanlar tarix boyunca torpaqlarını qorumaq üçün mübarizə aparıblar və bu gün də həmin ruhla gələcəyə baxırlar. Tərtərin qəhrəmanlıq tarixi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onun sarsılmaz iradəsi və mərdliyi gələcək nəsillər üçün bir örnək olacaq. Bu torpağın hər daşı, hər ağacı, hər küçəsi bir qəhrəmanlıq salnaməsi kimi qalacaq və gələcək nəsillərə Tərtərin döyüşkən, məğrur ruhunu anlatmağa davam edəcək.
Şəbnəm ZEYNALOVA,
Siyasi Elmlər üzrə fəlsəfə doktoru