“Peşə təhsilinin şəhid məzunları”
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Peşə Məktəbinin təşkilatçılığı ilə məktəbdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri və peşə məktəbinin kollektivi ilə yanaşı şəhid ailələri, müharibə veteranları, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullayev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Regional şöbəsinin sədri Vidadi Məmmədzadə iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimatı giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev kitab haqqında məlumat verib, gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb. Zəfər tariximizi yazan igid oğullarımızın, eləcə də peşə məktəbinin məzunlarının döyüş yoluna həsr olunmuş bu kitabın gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində önəmli rol oynayacağını bildirib. Kitabda Tərtər Peşə Məktəbinin 34 nəfər şəhid məzunu haqqında da yazıldığı qeyd olunub.
Məktəbin direktoru Əli Babayev məktəbin şəhid məzunlarından, kitabın ərsəyə gəlməsindən, onun hərbivətənpərvərlik sahəsində rolundan geniş və ətraflı söhbət açıb, Tərtər Peşə Məktəbinin kollektivi adından kitabın ideya müəllifi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmova, nəşrə hazırlayan “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahmar Balakişiyevə öz minnətdarlığını bildirib.
Təqdimatda Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Regional şöbəsinin sədri Vi-dadi Məmmədzadə, şəhid Zöhrab İsaoğlunun qardaşı Yaqub Cavadov, şəhid İlqar Məmmədovun qardaşı Hik-mət Məmmədov, şəhid Bəxtiyar Əliyevin qardaşı Xanlar Əliyev də çıxış ediblər. Onlar kitabın peşə məktəblərinin şəhid məzunlarının keçdikləri şərəfli döyüş yo-lunu, onların torpaqlarımızın işğaldan azad olunması üçün döyüşlərdə göstərdikləri igidlikləri geniş ictimaiyyət kütləsinə çatdırdığını qeyd edib, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına bir töhfə olduğunu vurğulayıblar.