ANA QƏLBİ
Valideynlər övladları arasında fərq qoymazlar. Eyni qayğı, eyni sevgi və əziyyətlə böyüdürlər onları. Ancaq gəlin etiraf edək ki, ailədə sonbeşik övladın yeri bambaşqadır.
Mircəfər kişinin ailəsində də Mirsədi belə bir məhəbbətlə sevilirdi. Fərqli uşaq idi, məqsədyönlüydü, çalışqan idi. Valideynlərini xırda bir hərəkəti ilə məyus etməyə qıymazdı.
Mircəfər kişi onun haqqında keçmiş zamanda danışa bilmir:
– Şəhidlik anlayışı çox müqəddəsdir. Torpaq, vətən, xalq yolunda özünü qurban vermək ölüm deyil, ölümsüzlükdür, əbədi həyatdır. Bu fikirlə yaşadığım üçün Mirsədini həmişə yanımda hiss edirəm. Onun körpəliyi, gəncliyi, orduda xidmət etdiyi günlər hər an xəyalımda canlanır. Bu xatirələr indi ömrümün mənasıdır, həyatda mənə güc verən, yaşadan amildir.
Ana ürəyində xatirələr daha çoxdur. Səadət xanım deyir:
–Hara getsə, körpə uşaq kimi yanıma tələsirdi. Mirsədi vaxtının çoxunu evimizdə keçirməyi xoşlayırdı. Çünki bilirdi ki, qapımızdan içəri girməyincə, rahat olmuruq. O isə heç vaxt bizi incitmək istəmirdi. Deyirdi, ana, həmişə üzün gülsün, onda evimiz işıqlı olur. Otağından çoxlu bayraq asmışdı, idmanla məşğul olurdu ki, boyu uzansın. Özünü hərbçi həyatına hazırlayırmış balam… Biz bunlardan xəbərsiz idik. Onun hərəkətlərinə adi uşaq marağı kimi baxırdıq.
Bu hazırlıq uşaq marağından irəli gəlmirdi. Umudlu həsrətindən yaranırdı. Heç zaman Umudlunu görməyən bir uşaq özünü düşmənlə mübarizəyə hazırlayırdı.
İndi Sərsəng su anbarının sahilində yerləşən, Ağdərənin Umudlu kəndinə gedən yolda bu azad kəndin digər şəhidləri ilə yanaşı, onun – Mirsədi Bağırlının da portreti vurulub. Bu yerlərə ayaq basanları ilk olaraq onlar qarşılayır, məğrur baxışları ilə olub-keçənləri xatırladırlar. Xatırladırlar ki, tarixboyu dəfələrlə erməni vandalizminin qurbanı olan umudlulular bir daha məğlub olmasınlar.
Mircəfər kişi bir neçə dəfə doğma kəndində olub, ata yurdunu ziyarət edib. Bu hisslər nə qədər sevincli olsa da, qəlbindəki kədəri özündən uzaqlaşdıra bilməyib. Axı o, Mirsədiyə söz vermişdi ki, onlar bu kəndə birlikdə ayaq basacaqlar.
Səadət xanım isə hələ də Umudluda olmayıb. Səbəbini soruşduqda dedi:
– Mirsədi bu günləri çox gözləmişdi. Qismət olmadı. Onsuz o yerlərə getməkdə çətinlik çəkirəm. Təsəllim bircə budur ki, indi onun da, bütün şəhidlərimizin də ruhu şaddır. Başladıqları, uğrunda can verdikləri iş yarımçıq qalmadı. Torpaqlarımız bütövləşdi. Şəhidlərimizin qisası alındı.
Mirsədi Bağırlı son döyüşə gedərkən telefonda atasına “haqqını halal elə” demişdi. Həmin gün – oktyabrın 9-da Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının döyüşçüləri Cəbrayıl uğrunda gedən savaşa qatılacaqdılar. Onlar üç dost olublar – hərbi hissənin ən güclü snayperçiləri – Əlizamin Ramazanlı, Əkbər Mustafayev və Mirsədi Bağırlı. Əlizaminlə Əkbəri ayırıb Hadrut istiqamətinə göndərdilər, Mirsədi isə Sarıcalı kəndinin azad olunmasında iştirak etdi. Döyüş yoldaşları deyirlər ki, atası ilə telefon söhbətindən sonra Mirsədinin üzündə qəribə bir rahatlıq hiss olunurdu. Yoldaşlarına da deyib ki, atamdan halallıq almışam.
Bu savaş ölüm-dirim döyüşü idi. İgidlərimiz hər qarış torpağımızı qanları bahasına azad edirdilər. Təəssüf ki, həmin döyüşdə namərd gülləsi Mirsədinin məhəbbətlə dolu gənc ürəyini susdurdu. Üç gün ailəsi ondan xəbər tuta bilmədi.
Mirsədi anasının ürəyini nə qədər qorusa da, vətən, torpaq sevgisi bu hisslərdən üstün oldu. O, döyüş yolunu seçib, uşaqlığından özünü buna hazırladı. Hələ müddətli həqiqi hərbi xidmətdə olarkən – 2020-ci il avqustun 17-18-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar istiqamətində gedən hərbi əməliyyatda iştirak etdi. 2020-ci il yanvarın 28-dən gizir hərbi rütbəsində hərbi xidmətini başa vurduqdan sonra həmin il martın 30-dan Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qru-punun sıralarında snayperçi olaraq müddətdən artıq xidmətə başladı.
Deyirlər ki, kursu bitirdikdən sonra ailəsi bu münasibətlə qurban kəsib, müqəddəs ocaqda hərə bir niyyət tutub. O isə bildirib ki, torpaqlarımızın işğaldan azad olunması ən böyük arzusudur, bu yolda şəhid olmağa da hazırdır. Dediyi kimi də oldu.
Anası deyir ki, son dəfə Füzulidə Əlibəyli məscidində görüşüblər: “Mirsədi sanki yatmışdı və o, yuxuda olarkən məğrur görünürdü. Bunu sözlə ifadə etmək çətindir. O əmin idi ki, ordumuz qalib gələcək, əmin idi ki, qələbə yaxındadır, o, niyyətinə, məqsədinə çatmışdı, ruhu rahatlıq tapmışdı”. “Mirsədi belə istəmişdi” deyir ana.– “Biz də olanlara yalnız şükür edirik”.
Ana bu sözləri deyir, ancaq ürək dözmür. Səadət ananın da ürəyi baş verənlərə tab gətirmədi. Dövlətimizin, “Yaşat Fondu”nun, xeyirxah insanların vaxtında köməyi və həkimlərin operativ müdaxiləsi olmasaydı, xatirələrlə dolu bu ürək vaxtsız susardı. Qardaş Türkiyədə ana ürəyini yaşatmaq üçün həkimlər çox çalışdılar və bu işi bacardılar – Səadət ananı həyata qaytardılar.
Hazırda Bərdənin Mehdixanlı kəndində yaşayan şəhid ailəsini ziyarət edənlərin ardı-arası kəsilmir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da əməliyyatdan sonra Səadət ana ilə görüşüb, vəziyyəti ilə maraqlanıb.
Mircəfər kişi deyir ki, həm Tərtərdə, həm də Bərdədə bir neçə məktəbdə Mirsədi Bağırlının adını daşıyan sinif otaqları var. Ailə üzvləri tez-tez şagirdlərin qonağı olur, onun vətənpərvərliyindən danışır, qısa, şərəfli ömrünün xatirələrini yada salırlar. Bu yaxınlarda isə ata onun son döyüş yerində – Cəb-rayıl rayonunun Sarıcalı kəndində olub və burada Mirsədi Bağırlının adı həkk edilmiş mərmər lövhənin açılışı mərasimində iştirak edib.
Mircəfər kişi deyir:
–Balalarımızın azadlıq uğrunda qan tökdükləri yerlər bu gün tikilir, qurulur, abadlaşır. Düşmənin xarabalığa çevirdiyi şəhər və kəndlərimizə yeni həyat qayıdır. İnsanlar indi orada rahat yaşayırlar. Bu, bizim yaralı qəlbimizi ovundurur. Dövlətimizə, xalqımıza minnətdaram ki, şəhidlərimizin xatirəsini daim uca tuturlar.
Svetlana BAĞIROVA,
“Azərbaycan”