Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 04Mar

    Manya Nəcəfova 1935-ci ildə Tərtər rayonunun Sarov kəndində anadan olub. 1955-ci ildə Qaradağlı kəndinə gəlin köçüb. İlk vaxtlar keçmiş Frunze adına kolxozda sıravi pambıqçı, manqa başçısı kimi fəaliyyət göstərib.
    1963-cü il Manya xanımın həyatında dönüş nöqtəsi olub. Həmin ildə pambıqçı qadının işgüzarlığı, fəallığı rayon rəhbərliyinin diqqətindən yayınmayıb və o, Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
    Bundan sonra yüksəliş yoluna qədəm qoyub. Ali Sovetin iclaslarında iştirak edən Manya xanım hiss edirdi ki, artıq orta təhsillə kifayətlənmək olmaz.
    Beləliklə o, qərarını verir. Bir müddət hazırlaşdıqdan sonra o zamankı Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olur və 1970-ci ildə buranı alim-aqronom ixtisası üzrə bitirir.
    Həmin illərdə Manya Nəcəfovanı kolxoz sədri seçirlər. Evdə körpə uşaqlar, ailə, institut və üç kəndi əhatə edən böyük bir təsərrüfatın rəhbəri– o, bu qədər işin öhdəsindən necə gəlirdi?
    Oğlu Mətləb müəllim bu barədə deyir:
    –Anam gücünü ailəsindən alırdı. İlk növbədə rəhmətlik atam həmişə onu dəstəkləyib. Hər yerdə yanında olub. Evdə isə nənəm elə şərait yaradırdı ki, anam uşaqlardan nigaran qalmasın.
    Ailə arxivində Manya xanımın həyat yolunu əks etdirən yüzlərlə sənəd qorunub saxlanılır. Bunların arasında müxtəlif medallar, döş nişanları, diplomlar var.
    Övladları deyirlər ki, o, həmyerlimiz Svetlana Əzizovanın müəllifi olduğu “Ulu Öndər tərtərlilərin yaddaşında” kitabını xüsusilə əzizləyib saxlayırdı. Bu kitabda Manya xanımın da Ümummilli Liderlə bağlı xatirələri yer alıb.
    Kiçik qızı Sevincin söhbətindən:
    –Anam həmişə bizə kolxozun pambıqçılarının Ulu Öndərlə tarladakı görüşündən danışardı. Deyirdi ki, əvvəlcə qızlarımız özlərini itirdilər. Ancaq o dahi şəxsiyyətin sadəliyi, mehribançılığı hər birimizi valeh etdi və sanki doğma bir insanla görüşdüyümüz kimi səmimi söhbət etdik.
    Həmin görüşdən sonra kolxozun əldə etdiyi nailiyyətlərə görə Manya Nəcəfova mükafat olaraq “Volqa” maşını aldı. Deyirlər ki, Manya xanım o maşını çox sevirdi və kənddə kim oğul evləndirsə, gəlini həmin maşında gətirərdilər.
    Manya Nəcəfova Azərbaycan SSR Ali Sovetində xarici işlər üzrə komissiyanın üzvü idi. Həmin illərdə sadə bir kəndli qadın bir çox respublikalarda səfərlərdə olub, Özbəkistanda, Tacikistanda Azərbaycanı layiqincə təmsil edib. Respublikamıza gələn qonaqları qarşılayanlar sırasında olub.
    Həmkəndliləri Manya Nəcəfovanın xətrini istəyir, hörmətini saxlayır, bir sözünü iki etmirdilər. Çünki sözü də, əməli də kolxozun xeyrinə idi. Təsərrü-fatın başında dayandığı illərdə kolxoz daim dövlətə bitkiçilik və heyvandarlıq məhsulları istehsalı və satışı üzrə birinci olurdu, gəlirlə işləyirdi. Bunun nəticəsində kolxozçuların illik gəlirləri yüksək olurdu, kimisi ev tikdirir, maşın alır, kimisi isə övladlarını oxutdururdu.
    O, raykomun büro üzvü seçi-lir və burada da sözünü deməyi, rəhbərlik etdiyi təsərrüfatın maraqlarını qorumağı bacarırdı.
    1981-ci ildə əmək sahəsində qazandığı yüksək nailiyyətlərə görə Manya Nəcəfovaya yüksək fəxri ad – “Əməkdar aqronom” adı verilib.
    O, altı qız ( qızının biri dünyasını dəyişib) və bir oğul anası olub. Həyat yoldaşı Müseyiblə övladlarına təhsil verib, ailə, ev-eşik yiyəsi olmalarına kömək edib. Oğlu Mətləb deyir ki, anası heç vaxt onların seçiminə qarışmayıb, etiraz etməyib, xeyir-dua verib. Mətləb müəllimin də həyat yoldaşı öz tələbə yoldaşı olub. Gəncədə bir yerdə oxuyub, sonradan ailə qurublar. Manya xanım özü yaxşı gəlin olduğu kimi, gəlini də onun ömrünün ahıl illərinin bəzəyi olub. Hazırda əlamətdar günlərdə bu ocağa övladlarla birlikdə 21 nəvə, 16 nəticə toplaşır. Hamısının da öz yeri var. Çünki Manya xanım özü həyatda olmasa da övladlarını birləşdirən ana məhəbbəti yaşayır və yaşayacaq. Onun xatirəsi həmkəndlilərinin yaddaşında yaşadığı kimi.
                                                                                                                                                             Svetlana BİLALQIZI

    Müəllif: Redaktor, 09:35

İsmarıclar bağlıdır.