Rayonumuzun qadınları Məlahət İbrahimovanı yaxşı tanıyırlar (adı Məlahət olsa da, onu Gözəl deyə çağırırlar). Bəlkə ona görə Gözəl deyirlər ki, özü də gözəllik ustasıdır. 34 ildən çoxdur ki, sevimli peşəsi ilə qadınlarımızın xidmətindədir.
Məlahət xanım deyir:
–Mən Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşam. Orta məktəbi bitirəndən sonra 1990-cı ildə Laçın şəhərində kollecdə təhsil alıb, dərzilik peşəsinə yiyələndim. Öz rayonumuzda məişət evində işləyirdim. 1992-ci ildə həyatımız dəyişdi. Ailəmiz məcburi köçkün kimi Tərtərə gəlib burada məskunlaşdı.
Çətin günlərdə dərzilik peşəsi Məlahət xanıma çox kömək oldu. Tezliklə tərtərli qadınlar onu tanıdılar və səliqə-səhmanına, xasiyyətinə, mülayim təbiətinə görə çox sevdilər. Ailə qurdu, iki övlad anası oldu. Hazırda isə 4 gözəl nəvənin nənəsidir.
Məlahət xanım deyir:
–Tərtər Qadın Resurs Mərkəzi ilə tanışlığım həyatımda dönüş nöqtəsinə çevrildi. Burada biznes təlimlərinə qoşuldum və tezliklə anladım ki, indiyədək sahibkarlıqla bağlı müəyyən biliklərim olmayıb. Ona görə də çətinliklərlə rastlaşmışam. Burada biznes-plan tərtib etməyi öyrəndim, digər zəruri biliklərə yiyələndim və qalib oldum. Mərkəz tərəfindən sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün mənə lazımi avadanlıq verildi.
Məlahət xanım şagirdləri haqqında da ürəkdolusu danışdı. Dedi ki, 34 il ərzində onlarla qıza dərzi peşəsinin incəliklərini öyrədib. Onlardan Aytac, Lalə artıq sərbəst işləyirlər və qadınlarımızın rəğbətini qazanıblar. Mehriban isə Xankəndi şəhərindəki tikiş fabrikində baş ustadır.
Məlahət xanım deyir:
–Qadın və gözəllik sözləri bir vəhdət təşkil edir. Ancaq biz öz zəhmətimizlə bu görünüşə əlavə çalarlar qatırıq. Həmişə çalışıram ki, qadınlarımızın geyimləri dəbə uyğun olsa da, milli üslubumuzla, mentalitetimizlə ayaqlaşsın. Azərbaycan qadınının xarici görkəmi onun daxili zənginliyini əks etdirməlidir.
“YENİ TƏRTƏR”