Müəllimlik missiyası
2020-ci ilin sentyabr ayı idi. Tərtər şəhəri və ətraf kəndlər dayanmadan düşmən tərəfindən atəşə tutulurdu. Həm cəbhədən, həm də elə mülki sakinlərdən şəhidliklə bağlı xəbərlər gəlirdi. Ancaq bu faciələrin, qəlbüzücü hadisələrin içində bir işıq seli də vardı. Ordumuz irəliləyirdi, qəhrəman əsgərlərimiz, ermənilərin dərsini verirdilər.
Hamının fikri, istəyi bir idi: mümkün qədər bu qələbənin əldə olunmasına kömək etmək!
Həmin günlərdə Sarıcalı kənd tam orta məktəbinin həyətində qəribə bir mənzərə vardı. Ocaqlar qalanır, odun üstündə qazanlar qaynayırdı. Ancaq ocağın ətrafındakılar şagirdlər deyildi. Bunlar məktəbin müəllimləriydi. Onlar əsgərlərimizə yemək bişirib göndərirdilər, həm yaralılara, həm də cəbhənin özünə. Ona görə yox ki, hərbçilərimizin nədənsə korluğu vardı. Yox, bu istək hər kəsin qəlbindən gəlirdi. Qadınların yanında hündürboylu, yaraşıqlı bir qız dayanırdı. Bu, məktəbin direktoru Vəsilə Mehdiyeva idi.
Vəsilə müəllim 44 günlük Vətən müharibəsilə bağlı xatirələrini bizə danışdı:
–O unudulmaz günlərdə düşmən heç nəyə məhəl qoymadan rayonumuzun mülki obyektlərini – məktəbləri, yaşayış evlərini, uşaq bağçalarını atəşə tuturdu. Bilirdik ki, məktəbə gəlmək çox təhlükəlidir. Ancaq heç birimiz evdə qalmaq istəmirdik. Sanki hamı bir güclü yumruğa çevrilmişdi, qorxu yox, qürur, sevinc, sonsuz fərəh hissləri keçirirdik. Ordumuz irəlilədikcə, bizlər də gücümüzün artdığını görürdük. Qadın müəllimlərimizin məhəbbətlə, ürəklərinin hərarətilə hazırladıqları bu xörəklər bəlkə hansısa bir yaralı əsgərə ana əllərinin sevgisini xatırlatmışdısa, biz özümüzü xoşbəxt hiss edirdik.
O dövrdə Sarıcalı məktəbi həmçinin orduya yardımlarla bağlı qərargaha çevrilmişdi. Ölkəmizin hər yerindən vətəndaşlar cəbhəyə çatdırmaq üçün bura kiçik bağlamalar göndərirdilər. Kimisi bir ovuc fındıq, bir cüt corab, kimisi özü hazırladığı şirniyyatı… Bağlamaların kiçik ya böyk olmasına baxmayaraq, hamısında düşməni darmadağın edən əsgərə, bu yolda can qoyan, qan tökən igidlərimizə sevgi vardı… Elə bu sevgi, bu birlik bizi şanlı Zəfərimizə çatdırdı.
İnd Vəsilə müəllimin iş otağında bir Fəxri Fərman var. “N” saylı hərbi hissənin batalyon komandiri tərəfindən Ordumuza göstərilən diqqət və qayğıya görə verilib. Bu Fəxri fərman onun üçün çox əzizdir.
Vəsilə Mehdiyeva şəhərimizdəki 2 saylı məktəb-liseyin məzunudur. Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı fakültəsini bitirib. Əmək fəaliyyətinə şəhər 6 saylı tam orta məktəbdə başlayıb. 2012-ci ildən Sarıcalı kənd tam orta məktəbində işləyir. Əvvəl direktor müavini, 2019-cu ildən isə məktəbin direktoru vəzifəsində.
Vəsilə müəllim deyir:
–Məktəbimizi çox sevirəm. Yalnız müəllim və şagirdlər deyil, buradakı ağaclar da, əşyalar da mənə doğ-ma və əzizdir. Məktəbin vəzifəsi təlim və tərbiyə verməkdir. Hesab edirəm ki, müasir dövrümüzdə savadlı gənclərə nə qədər böyük eh-tiyac varsa, bundan sonra gələn tərbiyə də bir o qədər, bəlkə də daha çox önəmlidir. Çünki texnologiyaların inkişafı müsbət cəhətlərlə yanaşı eyni zamanda o qədər mənfilikləri həyatımıza gətirib ki, uşaqları bunlardan qorumaq, düzgün istiqamətə yönəltmək lazımdır.
Müəllimlər gələcəyimizi yetişdirirlər. 50 il, 100 il bundan sonra cəmiyyətimizin necə olması bugünkü pedaqoqlarımızın zəhmətindən asılıdır. Bu baxımdan Vəsilə müəllim də müəllimlik missiyasını yüksək qiymətləndirir, işini ürəkdən sevir və inanır ki, məktəbin şagirdləri ümidlərini doğruldacaqlar.
Svetlana BAĞIROVA