Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 04Mar

    Od Günəşin özüdür, zülmətin qənimidir

    Od insanın yaradılış prosesinin ikinci mərhələsidir. Od tərəqqidir, inkişafdır, işıqdır, istilikdir, qoruyucudur. Od Günəşin özüdür, enerji selidir, gündüzdür, qaranlığın, zülmətin qənimidir.
    Məhz odu əldə edəndən sonra insanlar oturaq həyata keçmişlər. Xalqımızın evə, ailəyə, yurda, müqəddəs yerlərə “ocaq” deməsi də təsadüfi deyil. Çünki odda-ocaqda bərəkət olar, mehribanlıq olar, birlik, vəhdət olar. Dünyada yalnız çağdaş Azərbaycana, əski Midiyaya “Odlar Yurdu” deyiblər. Qədim yunan mifologiyasında Prometeyin od almaq məqsədilə vətənini axtarmağa getməsi, Qaf dağına yetişməsi kimi işarətlər yalnız Azərbaycan üzərində dayanmağa əsas verir. Məhz bu ərazidə yerin altından canlı alovlar pərvaz-lanıb. Yeri gəlmişkən, Ərgənəkonda mühasirədə qalan türklər tarixdə ilk dəfə od yandırmaqla mühasirədən çıxıb öz ata-baba yurdlarının yolunu tapa bilmişdilər. Türklərin həyatında baş verən bu dirçəliş, yəni doğma yurda qayıdılan gün, yaz fəslinin əvvəlinə təsadüf edirdi. Məhz bu səbəbə görə də türklərin xaqanı hər il həmin tarixi günün xatirəsini yaşatmaq üçün böyük bir tonqal qalatdırıb iri bir çəkiclə atəş üzərinə qoyulmuş dəmirə zərbələr endirərək, yeni ilin gəlişini və bayramın başladığını elan edirdi.
    Qədim oğuzlarda da tonqal həmrəyliyə, birliyə çağırış rəmzi idi. “Kitabi-Dədə Qorqud”da deyilir ki, hündür yerdə bir tonqal qalananda xəbərdarlıq və səfərbərlik, ikisi – fəlakət və döyüşə çağırış, üçü – zəfər və təntənə demək idi. Zərdüştilərdə il ərzində keçirilən Cəngavərlərin Odu mərasimi (31 mart) və Səma Döyüşçüsü (10 sentyabr) bayramı da məhz odla əlaqəlidir.
    Elə novruzqabağı çərşənbələrdən birinin odla bağlı olması da onun yaradılış funksiyasını büruzə verir. Çünki zərdüştilərdə od Tanrının nişanəsi, müqəddəs yaradılışdır. Od Çərşənbəsində tonqallar qalayar, niyyət edib hər ailə üzvünün adına bir şam yandırar, evdə xonçalar qoyardı-lar. (Siniyə şirniyyat və digər yeyəcəklər düzmək, xonça düzəltmək ənənəsi ilk dəfə zərdüştilərdə yaranıb.)
    Digər çərşənbələrdən fərqli olaraq Od Çərşənbəsində axşamdan qalanan tonqal gur yanmalı idi. Onu sönməyə qoymur, ilk gün şüası düşənə qədər ocağı qoruyurdular. Çör-çöpdən qalanmış ocaqların tez sönməsi yaxşı əlamət hesab olunmadığından tonqallar daha çox nil və dəmir ağaclarından çatılarmış. Gün çıxanda isə Günəşi salamlayıb evə qayıdardılar.
    Bu çərşənbədə ocaqlar həyətlərdə deyil, daha çox təpələrdə, dağ döşündə yandırılardı. Sonra hər kəs tonqaldan bir məşəl odlayıb kəndə qayıdar, həmin alovla ocaq, təndir yandırarmış. Yaxud nişanlı qızların evinə oğlan evindən yanmış tonqaldan bir alov götürüb gətirilərmiş. Həmin müddətdə sübhə qədər kimin odu sönmürdüsə, bu, çox böyük sevinclə qarşılanarmış. Belə qəbul olunurdu ki, od sönmürsə, deməli, Əhrimənin şər ruhu qızın sevgisinə zərər yetirə bilməyəcək. Küsülülərin barışması, borcların qaytarılması və ya bağışlanması da məhz Od Çərşənbəsində baş tuturdu. Bundan başqa işlək, məhsuldar heyvanları, xüsusilə atları yeddi dəfə od ətrafında fırladarmışlar ki, onlar il boyu azar-bezardan uzaq olsunlar. Üzərlik yandırmaq da ilk dəfə zərdüştilikdə yaranıb. Tədqiqatçı-alimlər Hüseynqulu Məmmədovla Məmməd Əliyevin birgə yazdığı “Zərdüştilik mərasimləri, adət-ənənələri və qədim Olimpiya oyunlarında onların səpkisi” məqaləsində qeyd olunur: “Zorxanada güləş vaxtı manqalda üzərlik yandırma mərasimi zərdüştilərdən qalma adət-ənənədir.”
    Yanlış olaraq bəzi tarixçilər qeyd edir ki, guya oda qurbanlar kəsilir, bəzən in-sanın özünü də qurban kimi tonqala atıb yandırırlar, mərasimlərdə tonqalların üstündən tullanıb azar-bezarı odun üstünə tökürlər. Halbuki zərdüştilikdə nəinki insanların, ümumiyyətlə hansısa canlının qurban kəsilməsinə icazə yox idi. Müqəddəs sayılan odun üstündən tullanmağı, “ağırlığım oda tökülsün” deməyi isə təsəvvür etmirdilər. Çünki insanlar Zərdüşt peyğəmbərdən İlahi Nurun isbatını soruşanda, o, məhz alovu göstərmişdi. Onun təlimində odun üstündən tullanmaq, odu su ilə söndürmək, hətta ocağın qırağında ağlamaq, söyüş söymək, yalan danışmaq, qeybət etmək qəti qadağan idi. Qafqaz tayfaları və yerlərinin təsviri üçün 1890-cı ildə nəşr edilmiş materiallar toplusunda Mirhaşım bəy Vəzirov yazır: “Şamın, lampanın və s. bu kimi şeylərin evdə qəflətən sönməsi yaxın vaxtlarda ailə üçün bədbəxtlik gözlənildiyindən xəbər verir… Odu söymək, yaxud oda boş yerə and iç-mək böyük günahdır. Odu su ilə söndürmək olmaz. Su da müqəddəsdir – onu da söymək olmaz və ona boş yerə and içmək günahdır.”
    Qədimlərdə Od Çərşənbəsində çatılan tonqallar həm də Yerin qoruyucu ruhunu (Sipənd Armaiti) köməyə çağırmaq, torpağın əkin-biçin vaxtının yetişməsinə işarə etmək məqsədi daşıyırdı. Günəş və yaradılış rəmzi sayılan qoğal da məhz Od Çərşənbəsindən etibarən süfrələri bəzəyirdi.

    Səbuhi RƏHİMLİ

    Müəllif: Redaktor, 09:08

İsmarıclar bağlıdır.