Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Fev

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

    Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü olub.

    Qeyd edilib ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək.

    Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir.

    Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə

    görüşü çərçivəsində mətbuata bəyanatla çıxış edib.

    Dövlət başçısı bildirib ki, bu dinamika ölkələrimiz arasında sıx münasibətləri əks etdirir.

    Bu gün ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. İki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.

    Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür.

    Prezident İlham Əliyev deyib ki, bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır.

    Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, ticari dövriyyəmizin artımını da görəcəyik.

    Diqqətə çatdırılıb ki, müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur.

    Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.

    Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır.

    Bildirilib ki, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir.

    Bu gün güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir.

    Prezidenti İlham Əliyev Azərbaycan-Pakistan biznes-forumunda çıxış edib.

    Prezident bildirib ki, forum ikitərəfli gündəliyimizi əks etdirir.

    Biz çox məmnunuq ki, siyasi sahədə ikitərəfli münasibətlərimiz müstəsna səviyyədədir. Eyni zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.

    Dövlət başçısı deyib:

    Ötən ilin yayında Pakistana səfərim zamanı bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, – o, mart ayının sonuna təsadüf edir, – biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.

    Enerji, müdafiə sənayesi və digər sahələrdə də çox böyük potensial olduğu vurğulanıb.

    Fevralın 24-də Bakıda mühüm sənədlər imzalanıb.

    Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli münasibətlərin böyük tarixi var.

    Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir.

    Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır.

    2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.

    Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir.

    Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.

    İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir.

    Dövlət başçılarının 6 qarşılıqlı səfərləri olmuşdur.

    Hökumət başçılarının 4, Xarici işlər nazirlərinin 11 qarşılıqlı səfərləri olub.

    Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Qafarov Kamaləddin Nəsrəddin oğludur.

    Senatda Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Senator Prince Ahmed Omer Ahmedzaidir.

    Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında bu vaxta qədər 50 sənəd imzalanmışdır.

     

    Müəllif: Redaktor, 08:20

İsmarıclar bağlıdır.