1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bu barədə deyib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev soyqırım barədə deyib: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.
Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi.
İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.
Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı elementlərinin mövcudluğu müəyyən edilmişdir.
İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün aşağıdakı əsasların mövcud olduğu müəyyən edilmişdir:
qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar;
məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi;
cinayətin xüsusi coğrafi məkanda törədilməsi.
Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.
20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir.
2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.
“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır.
Xarici jurnalistlərin Xocalı vəhşiliklərini əks etdirən bir çox yazıları var.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.
Bu gün xocalılar doğma yurdlarına qayıdırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları əsasında burada quruculuq işləri böyük sürətlə aparılır.