Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Fev

    Şəhid analarının yaralı qəlbini ovutdu, özü də şəhidliyə ucaldı

    Düşünəndə ki, torpaq uğrunda necə və neçə igidlər həlak olub, az qala o torpağı hər gün qucaqlamaq, öpüb gözünün üstünə qoymaq istəyirsən… Onların hər birinin qarşısında sayğı duruşunda durmaq istəyirsən, amma görürsən ki, yenə də azdır. Belə igidlərimizdən biri də Tərtərimizin fəxri, Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovdur. Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1985–1988-ci illərdə Tərtər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988–1990-cı illərdə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
    Elman müəllim Tərtərdə ilk döyüşə atılan qəhrəmanlardan biri idi. O, pərakəndə olan bütün döyüşçüləri bir yerə toplamağı bacarmışdı. Bərdə, Tərtər, Seydimli batalyonlarını birləşdirən komandir olmuşdu.
    Hər zaman Tərtərin qəhrəman oğulları haqqında söhbət düşəndə, mən onun adını çəkmək istəyirəm.
    Elman Hüseynov haqqında xatirələri ilk olaraq atamdan eşitmişdim. Bu yazı ilə bağlı yenə də atama, onun batalyonunda döyüşən insana suallar verdim və atamın cavablarından başa düşdüm ki, həqiqətən bir qəhrəman itirmişik.
    Öyrəndim ki, “Tərtər Özünümüdafiə Batalyonu”nun komandiri Elman Hüseynov çox ziyalı bir insan idi. Onun yanında döyüşçülər qorxu bilməzdi. Danışığı, hərəkətləri çox səliqəli idi. Əsgərlərinin yanında uzandığını, durduğunu heç kim görməzdi.
    “Tərtər Özünümüdafiə Batalyonu”nun yaranmasında böyük əməyi olub.
    Onu da öyrəndim ki, Elman müəllim xəritəni, ratsiyanı gözəl bilirdi. Öndə gedərdi, planlar cızardı. Atam dedi:
    –Elman müəllimi ilk dəfə 1992-ci ilin iyulun 27-də görmüşəm. Bizi düşmənin arxasına keçirirdi, buna görə də 4 əməliyyatda biz uğur qazanmışdıq, itkimiz olmurdu. O, 1993-cü ildə yaralanmışdı. Ağdərə rayonunun Vaqauz kəndində 13-ə yaxın şəhidimiz düşmən mövqeyində qalmışdı. Elman müəllim yaralı halda şəhidlərimizi oradan çıxarmaq üçün əməliyyata qatılmışdı. Çünki övladlarını gözləyən şəhid anaları var idi. Həmin döyüşdə o özü də qəhrəmancasına şəhid oldu.
    Söhbətimizdən belə qərara gəldim ki, Elman Hüseynov işini bilən peşakar bir iqtisadçı, gözəl ailə başçısı, mehriban ata olub. İstiqanlı, mehriban, yüksək keyfiyyətlərə malik bir insan idi. Onun üçün torpaq da, insan da eyni şəkildə əziz idi.
    Bəli, torpaq uğrunda ölən varsa, Vətəndir! Vətən sənə oğul demişdir, əziz qəhrəmanımız. Sən olmasaydın, sizlər olmasaydı, mən bu sətirləri belə qürurla yaza bilməzdim.

    Əsmər YUSİFLİ

    Müəllif: Redaktor, 13:08

İsmarıclar bağlıdır.