Tərtərdə Vətən müharibəsi şəhidi Elməddin Əliyevin qardaşı Samir Əliyevin toy şənliyi keçirilib.
Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
Toy şənliyində rayon polis şöbəsinin rəisi Elçin Qasımov və rayon prokuroru Əli Qurbanov da yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Qeyd edək ki, Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elməddin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Yuxarı Qapanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elməddin Əliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.