ANCAQ BİZ BU FACİƏNİ UNUTMAYACAĞIQ VƏ UNUTDURMAYACAĞIQ
ƏDALƏT GEC-TEZ ÖZ YERİNİ TAPIR
Bəzən zaman dayanır, bəzən gecə sonsuzadək uzanır… Fevralın 25-dən 26-na keçən o qaranlıq gecə də belə idi – sonsuz bir dəhşət, sönməyən bir alov. O gecə Xocalı yandı, külə döndü, fəryadını göylərə sovurdu. Lakin nə göy üsyan etdi, nə yer titrədi. Dünya susdu…
Xocalı – Qarabağın döyünən ürəyi, Azərbaycanın qan yaddaşı. O, təkcə bir şəhər deyil, bir millətin qanına, göz yaşına və səssiz harayına çevrilmiş bir ad oldu. 1992-ci ilin o qış gecəsində Xocalı tarixdən silinmək istəndi, lakin unudulmaz oldu.
Xocalı şəhəri 1988-ci ildə başlayan Qarabağ münaqişəsindən əvvəl Qarabağın strateji əhəmiyyətə malik və ən füsunkar guşələrindən biri, igidlərin yurd yeri idi. Bura təkcə evlərin, məktəblərin, küçələrin deyil, həm də arzuların, xəyalların yaşadığı bir şəhər idi. Amma düşmən buranı yalnız bir torpaq parçası kimi gördü. Şəhər 1991-ci ilin oktyabr ayından mühasirəyə alınmış və blokada şəraitində yaşayırdı. Fevralın ayazlı gecəsi Xocalının bağrına dağ çəkdi. Ətrafı dörd bir yandan mühasirəyə alınan şəhərin son ümid işıqları da söndü. Yollar bağlandı, qapılar sındırıldı, günahsızlar qurban seçildi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş verdi – elə bir soyqırımı ki, onun qanlı izləri nə tarixdən, nə də zamanın yaddaşından silinə bilmədi. Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edərək bəşəriyyətin vicdanını ləkələyən bir qətliam törətdi. Uşaqların qışqırığı, anaların fəryadı, torpağa qarışan göz yaşları bu torpağın sükutunda əbədi iz buraxdı. Qanla yazılacaq bir səhifəyə çevirdi.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən faciəli hadisələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək misli görünməmiş vəhşilik törətdilər. Bu hadisə nəticəsində yüzlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirildi.
O gecə bir tərəfdə ölümün soyuq nəfəsi, digər tərəfdə isə yaşamaq istəyən bir xalqın çırpınan taleyi vardı. Mülki əhali – analar, körpələr, yaşlılar qışın qarlı yollarında xilas yolu axtarırdı. Lakin qurtuluş yox idi, çünki ölüm hər tərəfdən qısnamışdı onları. Onlardan bir çoxu uzun müddət işgəncələrə məruz qalmış, bəziləri isə itkin düşmüş-dür. Erməni silahlıları azərbaycanlılara qarşı görünməmiş qəddarlıq göstərmiş, insanları diri-diri yandırmış, başlarını kəsmiş, hamilə qadınları və körpələri xüsusi amansızlıqla qətlə yetirmişdilər. Günahsız uşaqlar soyuq qış gecəsində yetim qaldı, qocalar torpağın qucağında əbədi uyudu. Xocalıda baş verənlər təkcə Azərbaycanın deyil, bütün insanlığın faciəsidir. Bu, tarixin qanlı səhifəsi deyil, vicdanın dağlandığı bir gecədir.
613 can…
Hər biri bir ailənin göz nuru, bir ananın ümidi, bir atanın fəxri idi. Lakin o gecə ölüm hamıya eyni rəngdə toxundu – qana bulaşan küçələrdə izsiz yox olan körpə ayaqları, ah çəkən anaların qırılan səsləri, yarımçıq qalan arzular…
63 uşaq…
Qar qarışıq qan içində qalan, gələcəyi əlindən alınan günahsız fidanlar. O balaca əllər hələ də sanki bir nağıl kitabının səhifələrini çevirmək istəyirdi, amma soyuq, amansız ölüm hər şeyi əlindən aldı.
106 qadın…
Analar, bacılar, qızlar – onların göz yaşları buz bağladı, fəryadları səssizliyə qarışdı.
1275 əsir…
Gecənin qaranlığında naməlum taleyə sürüklənən insanların izsiz itən kölgələri… Bəziləri qayıtmadı, bəziləri qayıtdı, amma ruhları artıq həmin ruh deyildi.
Qətliamdan sonra Xocalı bir kabusa çevrildi. Çəkilən fotoşəkillər, jurnalistlərin lentə aldığı kadrlar dünyanı silkələməli idi, amma dünya yenə susdu. Beynəlxalq təşkilatlar gözlərini yumdu, bəşəriyyət öz vicdanına səssiz qaldı.
Məşhur jurnalist Tomas de Vaal yazırdı ki, “Xocalı faciəsi Ermənistanın qisasçı millətçiliyinin ən qorxunc təzahürü idi.” Lakin o zaman bu sözlər Xocalının taleyini dəyişdirmədi. Tarix yazıldı, lakin ədalət yazılmadı…
Xocalı soyqırımı bir daha sübut etdi ki, müharibənin ən böyük qurbanları günahsız mülki insanlardır. Bu faciəni unutmaq mümkün deyil və Azərbaycan xalqı daim Xocalı qurbanlarının xatirəsini yad edir. Hər il fevralın 26-da Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilir, dünya ictimaiyyəti bu hadisə barədə daha çox məlumatlandırılır. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və gələcək nəsillər də bu tarixi ədalətsizliyi unutmadan onu dünya miqyasında tanıtmağa davam edəcəklər.
Zaman keçdi, illər ötüb keçdi, amma Xocalı unudulmadı. Azərbaycan illər boyu səbr etdi, gücləndi, ordusunu, xalqını birləşdirdi. Biz öz haqq savaşımızı unutmadıq, lakin intiqamı soyuq başla, ədalətlə almağı gözlədik. O gün 2020-ci ildə yetişdi – 44 gün davam edən Vətən müharibəsi Xocalının qisasının ilk addımı oldu. Azərbaycan Ordusu Qarabağı azad edəndə təkcə torpaqları qaytarmırdı, Xo-calıda qətlə yetirilən günahsızların ruhunu da azad edirdi. Şuşanın azad edilməsi ilə Xocalının qisası bir addım daha yaxınlaşdı. 2023-cü ilin lokal xarakterli antiterror əməliyyatı isə bu haqsızlığa birdəfəlik son qoydu, suverenliyimiz bərpa edildi, torpaqlarımız bü-tövləşdi. Bizim qisasımız düşmən kimi qadınları, uşaqları öldürmək deyildi – bizim qisasımız ədalətin zəfəri idi. Azərbaycan Xoca-lının fəryadını dünya səviyyəsinə çıxardı və göstərdi ki, ədalət gec-tez öz yerini tapır.
Bu gün artıq Qarabağ azaddır, Xocalının qisası alınıb, ilk xocalılar doğma yurd-yuvalarına dönüblər.
Mehriban Baxşaliyeva,
şəhər 1 saylı tam orta məktəbin müəllimi