Bəxtiyar Quluzadə 2015-ci ildə R. Nuriyev adına şəhər 6 saylı tam orta məktəbini bitirib. Ali məktəblərə qəbul olunan məzunlar arasında onun da adı çəkilirdi. Gəncə Dövlət Pedaqoji Universitetinin xarici dillər fakültəsinin ingilis dili tərcüməçisi ixtisası üzrə birinci kursda təhsil alır. O, ilk semestr imtahanlarını müvəffəqiyyətlə verərək tətilə gəlmişdi. Tələbəlik həyatı, geniş auditoriya onun üçün maraqlı görünsə də, fəxr edir ki, ali məktəb tələbəsidir. Gələcəyin savadlı mütəxəsisidir.
Bəxtiyar 2 bacının bir qardaşıdır. Özündən böyük bacıları Gülnar və Jalənin tələbəlik həyatını gördükcə düşünürdü ki, kaş mən də tezliklə ali məktəb tələbəsi olaydım. Özü də məqsədi hüquq fakültəsinə qəbul olunmaq idi.
Lakin ingilis dilini də çox sevirdi. İmtahanlar zamanı qismət onu hüquqşünas deyil, ən çox sevdiyi fənnə, ingilis dili ixtisasına doğru apardı.
Hazırda böyük həvəslə ingilis dilinin qrammatikasını və tərcüməsini mənimsəyir. Bunun üçün professor və müəllimlərin söylədikərini öyrənir. Məqsədi gələcəkdə savadlı dilçi və tərcüməçi olmaqdır.
Tələbə adı ilə qürurlanır. Deyir ki, ali məktəbə qəbul olmağımda mənə orta məktəb partası arxasında əziyyət çəkmiş, elmin sirlərini öyrətmiş müəllimlərimə – başda anam olmaqla hər birinə minnatdarlığımı bildirirəm. Fəxr edirəm ki, bu əziyyətin müqabilində ali məktəbə qəbul olunmuşam.
Bəxtiyarın söhbətindən məlum olur ki, tələbəlik illəri onun üçün önəmli illərdən olacaq. Bu illərdə topladığı savadla, qazandığı təcrübə ilə qaynar həyata atılacaq. Məlum məsələdir ki, bugünkü, gəncliyimizin sabahı üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Hər bir ağıllı, savadlı gənc ailəsinin, təhsil aldığı ocağın, ən başlıcası təmsil etdiyi xalqın bir nümayəndəsi olaraq tanınır. Bugünkü həyatımız cox qarışıq və anlaşılmazlıqlarla dolu bir dünyadır. Bu qa-rışıqlarla dolu dünyada hər bir gəncimizə – o cümlədən Bəxtiyar, sənə də uğurlar arzulayıram. Atdığınız addımlar enişli-yoxuşlu olsa da, sizi işıqlı, aydın sabahlara çatdırsın.
Elfuzə Vəliyeva