Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Bəyimsarov kəndində birinci Qarabağ Müharibəsinin şəhidi Nəsibov Pərvanə Eyvaz oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Nəsibov Pərvanə Eyvaz oğlu 1967-ci il aprel ayının 23-də Ermənistan Respublikasının Vardanis rayonunun Zod kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Ermənistandan məcburi köçkün düşərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışdır. Həmin ildən Bəyimsarov kolxozunda kolxozçu işləməyə başlamışdır. 1992-ci ildə könüllü olaraq Milli Ordumuzun N saylı hərbi hissəsinə daxil olmuş və onun tərkibində Goranboy bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il noyabr ayının 19-da Gülüstan uğrunda gedən döyüşdə şəhid ol-muşdur. Şəhidimiz Tərtər rayonunun Bəyimsarov kənd qəbiristanlığında dəfn olunub.
Evli idi. Elnur adlı bir oğlu və Təhminə adlı bir qızı var.
Rayon rəhbərinin ailə üzvlərilə görüşü zamanı onlar bildiriblər ki, torpaqlarımızın erməni işğalından azad edilməsi onların da ümidlərini ar-tırıb. İnanırlar ki, gün gələcək, doğma yurd-yuvalarına dönəcəklər.
Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
“YENİ TƏRTƏR”