Kəndirbazlıq və yarışlar
Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olur. Məzhəkəçilər və kəndirbazlıq bir çox ölkələrdə tədricən unudulmuş ənənə olsa da, Novruzun maraqlı hadisələrindən biri olaraq ölkəmizdə qeyd olunmağa davam edir. Fərqli ölkələrin inanclarına görə burada kəndir üzərində yerimək, o dünyaya gedən “qıl körpünü” və “uçmağa” aparan yolu simvolizə edir.
Təmizlik və qonaqlaşma
Bayramların ən maraqlı tərəflərindən biri də bir-birimizin evinə qonaq getmək, mehriban süfrələrdə deyib-gülməkdir. Bütün bunlardan əvvəl isə hətta bayramdan bir neçə həftə əvvəl, evlərdə bayram təmizliyinə başlanır. Yeni ilə təravətli başlamaq, bahar ətrini daha yaxşı hiss etmək üçün hər evdə genişmiqyaslı bayram təmizliyi edilir və evdəki lazımsiz əşyalardan xilas olunur. Bəzi xalqlarda bu təmizliyin həm də uğur və müvəffəqiyyət gətirdiyi inancı da mövcuddur.
Novruz bayramı və ilaxır çərşənbə özünəməxsus inancları ilə diqqəti cəlb edir
– Axır çərşənbə gecəsi nəhs danışmaq, içki içmək, nalayiq işlər tutmaq olmaz.
-Novruz bayramı axşamı yandırılan tonqaldan xeyir-bərəkət istənilir.
-Novruz bayramı axşamı qonşular yaslı adamların həyərində tonqal yandırıb, onları “qara bayram”dan çıxarırlar.
-Novruz bayramında bağdakı ağacların quru budaqlarını kəsməsən, ağac küsər, bar verməz.
-Novruz bayramı süfrəsinə su dolu qab qoyub, içinə xırda balıq buraxırlar. Balıq qabın dibindən düz şaquli qalxıb suyun üzərinə burun vurunca ilin təhvil olduğu bilinərmiş.
-Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər: “Qoy odlu-ocaqlı olsunlar”.
-Axır çərşənbə gecəsi ərgən qızlar xeyli aralıdan arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını geriyə doğru atarlar. Əgər, ayaqqabının burnu qapıya tərəf düşsə,demək yaxın vaxtda ərə gedəcəklər.
-Axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuc duzu, bir-iki dənə də qara pulu bir kuzəyə qoyub damdan atarlar. Deyilənə görə, kömür qara günün, duz acgözlük və şorgözlüyün, qara pul isə yoxsulluğun nişanəsidir. Onları kuzəyə qoyub atmaqda məqsəd qara gündən, acgözlükdən, yoxsulluqdan qurtulmaqla bağlıdır.
-“Şal sallamaq adəti subay gənclər tərəfindən icra olunan “qurşaqatdı”, “papaqatdı” və s. mərasim ayinlərinin məzmunca eynisidir. Axır çərşənbə axşamı onlar bel şalı, örpək, kələğayı götürüb sevdikləri qızların evlərinə gedib, şalı bacadan, damdan, pəncərədən həyətə, evə sallayardılar. Əgər qızın ata-anası razı olardısa, şalı və ya kələğayını onun belinə, bəzi yerlərdə qoluna bağlayırdılar. Razı olmasalar dəsmala şirni qoyub geri qaytarardılar.
“Yeni Tərtər”