Oruc tutmaq insanlara cismani xeyir verməklə yanaşı, həm də bizləri mənən təmizləyir
Bismilləhir Rahmənir rahim!
Mehriban və Bağışlayan Allahın adı ilə.
“Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi. Bəlkə təqvalı olasınız deyə”. (Bəqərə s, ayə 183.) Ayədə qeyd edildiyi kimi, oruc olmaq təqvalı olmaq üçün əsas ülgüdür. Təqva bir insanın Allaha olan ən böyük inamı və sevgisidir və bütün işlərdə insaflı və imanlı olması və Allahdan çəkinməsidir. Peyğəmbərimizin (s) əziz balası Xanım Fatimə (s.ə) buyurur ki, “Əməl-lərinə riayət edilmədən tutulan oruc, özünü ac qoymaqdan başqa bir şey deyildir”. Yəni, oruc olan bir insanın təkcə özünü yemək-içməkdən qoruması yox, eyni zamanda əməllərinə də çox ciddi şəkildə nəzarət etməsi vacibata çevrilir. Əlbəttə, qeybət etmək, dedi-qoduyla məşğul olmaq, kiminsə haqqına girmək sair aylarda da qəti qadağandır, amma ramazan ayında bu qadağa bir az da ciddiyə alınaraq, oruclu müsəlmanın sanki gücləndirilmiş iş rejiminə dönür. Və həm də oruc olmanın insana cismani də xeyri var. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”. “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır. Biləsiniz ki, ən gözəl pəhriz oruc olmaqdır”.
Bu il ramazan ayının əvvəli mart ayının əvvəlinə təsadüf edəcək. Uca Rəbbimizdən diləyirik ki, tutulan oruclarımızı, namazlarımızı və dualarımızı qəbul eləsin. Allah dövlətimizi, millətimizi və ölkə rəhbərini qorusun. Allah bu gözəl ayımızın hörməti xatirinə dünyamıza sülh, əmin-amanlıq bəxş eləsin. Allah Ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin və yaralılarımıza şəfalar versin.
Ramaz ayımız mübarək olsun! Amin!
Saleh Ədilov