Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Fev

    Bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimi

    Narkotik adətən beyin və sinir sisteminə təsir edən və istifadə edildikdə fiziki və psixoloji asılılıq yaradan maddələrə verilən ümumi addır. Bu maddələrdən əvvəlcə əyləndirici məqsədlərlə istifadə olunur, amma bu, onların sağlamlığa zərərli təsirini aradan qaldırmır. Narkomaniya insanların düçar olduğu çıxılmaz bataqlıqdır. Onu haqlı olaraq “ağ ölüm” də adlandırırlar.
    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 270 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır. Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ən ciddi və təhlükəli qlobal problemlərdən biri olmaqla, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, cinayətkarlığın artmasına səbəb yaradır, eyni zamanda, terrorizmin maliyyə mənbəyi olmaqla, beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
    Məhz bunlara görə Ümummilli Liderimiz Heydər Əliyev narkomaniyanı cəmiyyətin “sosial bəlası” adlandırmışdır. Ulu Öndər Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)” müstəsna əhəmiyyətə malik oldu. Bu istiqamətdə mübarizə məhz bu sənədə əsaslanmaqla aparılırdı və həmçinin xüsusi Dövlət Komissiyası yaradıldı.
    Dünya dövlətlərinin əksəriyyəti narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizəni təşkil etmək üçün birgə yollar axtarırlar. Azərbaycan Respublikası da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla, bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür.
    Hazırda aidiyyəti dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası başa çatıb.
    Bu, dövlət başçısının dəhşətli bəlaya qarşı mübarizə sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin yalnız bir hissəsi kimi dəyərləndirilməlidir. Hər şeydən öncə, narkotiklə və narkobizneslə mübarizə cəmiyyətin sağlamlığının qorunması məqsədini daşıyır.
    Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyun ayının 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Lakin məlum məsələdir ki, bu problemlə mübarizə yalnız ildə bir gün deyil, daimi olaraq, ardıcıl aparılmalıdır. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.
    Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi, qarşılıqlı əlaqəli işləməsi təqdirəlayiq hesab edilməlidir. Narkomaniya bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qəimidir. Ona görə də hər kəs insanlığa bəla olan bu problemlə mübarizədə fəal olmalıdır.

    Azər Cəfərov,
    Tərtər rayon prokurorunun
    köməkçisi vəzifəsi üzrə stajoru

     

    Müəllif: Redaktor, 11:26

İsmarıclar bağlıdır.