Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,638
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Fev

    ÖLÜMƏ MEYDAN OXUYAN İGİD

    Müharibə çox anaları oğulsuz, bacıları qardaşsız, körpələri atasız qoyub. Bütün Azərbaycanı bürüyən bu qara kabus Allahverdi dayının ailəsindən də yan keçmədi. Onun tək oğlu Etibar Əliyev öz ölümü ilə şəhidlik zirvəsinə ucaldı. Ailənin yeganə ümidi olan Etibar Koroğlu əzəmətli, Babək cüssəli, gözəllikdə tayıbərabəri olmayan oğlan idi. Öz ağlı, tərbiyəsi, savadı ilə hamının rəğbətini qazanmışdır. O, orta məktəbi bitirən ili Xalq Təssərrüfatı İnstitutunun Bank əməliyyatı fakültəsinin axşam şöbəsinə qəbul olmuşdu.
    İkinci kursa keçəndə əsgəri xidmətinə çağırılmış və Mingəçevir şəhərində hərbi hissələrin birində arxa cəbhədə saxlanmışdı. Bu zaman ön cəbhədən həyəcanlı xəbərlər eşidən Etibar bunlara dözə bilmir və ön cəbhəyə getməyi qərara alır. O da vətəninin qeyrətli oğulları kimi yalnız döyüşə can atırdı. O, 1994-cü ildə hərbi hissədən çıxdıqdan sonra Tərtər rayonuna gəlir və könüllü olaraq döyüşlərə qoşulur. Rayonda yaşayan bibilərinin yalvarışlarına baxmayaraq o, “mən də kişiyəm, mən də bu torpağın suyunu içir, havasını uduram” deyə inadından dönmür. Mənim atamın yurdu, babamın qəbri ermənilərin tapdağı altındadır. Mən kəndimizin düşmənlərdən təmizlənməsində iştirak edəcəm.”İnşallah babamın qəbri üstündə görüşərik” deyərək bibiləri ilə vidalaşır və döyüşə yola düşür. Sən saydığını say, gör fələk nə sayır.
    Aprelin əvvəllərində ermənilər Tərtərə üç istiqamətdə hücum edirlər. Bu vaxtı Etibar Qapanlı kəndi uğrunda gedən döyüşlərdə böyük igidliklər göstərir. Düşmənin ciddi müqavimətinə tab gətirməyən ordu geri çəkilən zaman başından və kürəyindən yaralanaraq partlayış nəticəsində böyük bir ağacın altında qalan döyüş dostu Pərvizi xilas etməyə çalışır. Bu zaman üç-dörd erməni azərbaycanca danışa-danışa ona yaxınlaşır. Gələnlərin erməni olduğunu guman etməyən Etibarın qəfləti əl-qolunu bağlayıb əsir götürürlər. Bu hadisənin ertəsi günü mayın 12-də cəbhədə atəşkəs elan olunur.
    Əsir düşdüyü vaxt ermənilərin ciddi cəhdinə baxmayaraq o, ağır işgəncələrə dözür və öz təəssübkeşliyini itirmir. Ona edilən təhqirlərə baxmayaraq o, yenə də “biz son damla qanımıza qədər vuruşacağıq və qalib gələcəyik” deyir. Nəhayət, ermənilər bizdə olan əsirlərdən birini tələb edir və iyunun 4-də dəyişdirilir. Çəkdiyi əzablara, təhqirlərə dözməyən Etibar iyulun 10-da hərbi xəstəxanda gözünü əbədi olaraq yumur. Onu Bakıda ikinci Şəhidlər Xiyabanında dəfn edirlər.
    Mən arzu edərdim ki, Etibarın sağlığında baş tutmayan arzuları həyata keçsin, onun doğma kəndi Çərəktar azğın düşmənlərdən təmizlənsin. O zaman bütün şəhid ruhları kimi Etibarın da ruhu şad olar.

    Şəlalə NURƏDDİNQIZI

                                                                                                                                                                           (“Tərtər “, 16 sentyabr 1997-ci il)
                                                                                                                      * * *
    Redaksiyadan:
    Bu günlərdə köhnə qov-luqlarımızı vərəqləyirdim. Buradakı məqalələrin hər biri tarixdir. Rayonumuzun tarixi, müharibələrin tarixi, yaşadığımız faciəli və xoş günlərin tarixi. “Ölümə meydan oxuyan igid” sərlövhəli məqalə diqqətimi cəlb elədi. Oxudum və sanki yenidən həmin günlərə, 1994-cü ilin baharına qayıtdım. Yəqin ki, yaşlı nəslin nümayəndələrinin heç biri o həyəcanlı günləri unutmayıblar.
    Şəhidin bibilərinə dediyi “İnşallah babamın qəbrinin üstündə görüşərik” sözləri məni çox kövəltdi və eyni zamanda qürurlandırdı. Qürur duydum ki, Etibarın sağlığında baş tutmayan arzuları indi həyata keçib və onun doğma kəndi düşməndən azad edilib.
    Xalqımız, o cümlədən qəhrəman tərtərlilər bu torpağı qanı, canı bahasına qoruyan igidləri heç zaman unutmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Müəllif: Redaktor, 11:08

İsmarıclar bağlıdır.