“MƏNİM HƏYAT ROMANIM”
(Əvvəli ötən sayımızda)
Belə hallarla qarşılaşanda, xahişlərini eşidib söhbətlərinə qulaq asanda, qəbulunda olarkən müdirik rəhbər Heydər Əliyevin mənə verdiyi çox qiymətli məsləhətləri səslənirdi qulaqlarımda: “…Tərcümeyi-halınızdan görürəm ki, kasıb ailədən çıxmısınız. Heç kəsin köməyi olmadan özünüz özünüzə yol açan adam olmusunuz. Amma unutmayın ki, bundan sonra dostlarınız da, qohumlarınız da çox olacaq. Çünki, vəzifəli adamların qohumları çox olur. Axı, vəzifəli adamdan müəyyən məqsədlərlə, istədiyi kimi istifadə etməyə çalışanlar hər şeydən əvvəl, qohumluq münasibətlərini bildirərək deyirlər ki, sən demə, atalarımız da, babalarımız da, dost doğmaca qohum imişlər. Çox olacaq belə deyənlər. Elələrinin sözlərinə inanmayın. Ancaq özünüzə, düzgün yolunuza, yaxşı işlərinizə güvənin”.
Qulağımda səslənən bu sözlər əsl cavab idi məndən kömək gözləyib cavab almaq istəyənlərə. Amma söz yox ki, o sözləri xatırlada bilməzdim onlara. Üzümdən gəlməzdi, çəkinirdim. Sadəcə olaraq onların hər birinə ayrı-ayrılıqda: “İnciməyin, mənim bacardığım iş deyil bu, mən belə işlərə baxmıram” deməklə kifayətlənirdim.
Bu sözlərdən sonra da “yaxın qohumlarım” elə bil ki, düşmənə çevrilib düşmən nəzəri ilə baxırdılar mənə. Hətta ardımca dedikləri: “təkcə özü üçün yaşayan adamdı, iş düzəldən, kara gələn adam deyil, fərsizin, bivecin biridi” kimi giley dolu sözləri də çatırdı qulaqlarıma…
Nəzarət Komitəsində iki ildən bir qədər çox işlədim. Heç kəsin təsiri altına düşmədən, yalnız vicdanımın səsinə qulaq asmaqla işlədim. Heç bir danlaq, təhniz götürməmək xatirinə iş üçün, tapşırılan vəzifə üçün bacardığımı əsirgəmədim. İşin ağırlığından, çoxluğundan narahat olmadım. Tək-tək bu fikirdə olub gileylənənlərə də: ”İşin çoxluğundan yox, yoxluğundan qorxmaq lazımdır”– dedim.
Nəzarət Komitəsində işlədiyim müddət ərzində birinci katib kimi Zülfüqar müəllimin işimə, şəxsən özümə qarşı diqqət və qayğısını hiss etdim, daim üstümdə isti nəfəsini duydum. Üzünə qarşı adamları tərifləməkdən xoşu gəlməsə də, yeri gəldikcə yaxşı işimi qiymətləndirməkdən də çəkinmədi. Belə hallar barədə çox danışmaq olar. Lakin onlardan hələlik ancaq birini göstərməklə kifayətlənmək istərdim.
Nəzarət Komitəsində işlədiyim ilk aylar idi. Nəzarət qrupları və postlarında hesabat-seçki yığıncaqları təzəcə başlamışdı. Birinci turda keçiriləcək yığıncaqlar qurtarmışdı. Belə bir vaxtda Respublika Xalq Nəzarəti Komitəsinin məsul işçisi Əli Qasımov rayona gəldi. Komitədə gördüyüm işlərlə tanış oldu. Post yığıncaqlarındakı sənədləri nəzərdən keçirəndə iki kolxozun nəzarət postu sədrinin məruzəsinin səthi yazıldığını, məruzələrdə özünütənqidin az olduğunu irad tutub, məsələni Respublika Xalq Nəzarəti Komitəsinin rəhbərliyi səviyyəsinə qaldıracağını bildirdi. Bir qədər fikirləşdikdən sonra dedi:
–Birinci katibə zəng vur, məni qəbul etsin. Qoy vəziyyəti o da bilsin. Yoxsa mənə deyərlər ki, məsələ barədə birinci katibi niyə məlumatlandırmamısan.
Daxili telefonla Zülfüqar müəllimə zəng vurdum. Bizi birlikdə qəbul etdi. Əli Qasımov məsələni açdı. Katib məndən rayondakı qrup və postların sayını soruşdu. O, bunu elə-belə, təsadüfi olaraq soruşmurdu. Özü hər şeyi yaxşı bilirdi. Bilirdi ki, rayonda olan bütün pambıqçılıq, taxılçılıq, tərəvəzçilik briqadalarının hamısında, fermalarda, tikinti təşkilatlarında, bir sözlə, bütün əmək kollektivlərində qrup və postlar fəaliyyət göstərir. Həm də mövcud təlimata görə onlara ancaq sıravi adamlar– məsələn, suçu, malabaxan, tərəvəzçi, mexanizator rəhbərlik etməli idi.
Mən qrup və postların sayını deyəndə Zülfüqar Abdullayev çox ciddi, bir az da sərt formada Əli Qasımovdan soruşdu:
–Hə, yoldaş Qasımov, indi nə deyirsən? Deyirsən nəzarətin sədri onların hamısı üçün məruzə yazsın? Hələ sevinmirsən ki, sənədlərin içində suçunun, naxırçının məruzəsini tapmısan? Kişi, insaf da yaxşı şeydir, axı. Nəzarətin sədri tək adamdır. Öz işlərindən əlavə, büro üzvü kimi ona hər cür tapşırıqlar verilir. Kolxoza təhkim etmişik. Bütün günü təsərrüfatlarda olur. Niyə bunları nəzərə almırsınız? İrad tutduğunuz məsələyə görə komitə sədrindən çox şəxsən Sizin özünüz məsuliyyət daşıyırsınız. Deyin görüm, indiyə kimi niyə rayona gəlib komitə sədrinə kömək etməmisiniz, heç bir təlimat verməmisiniz? Məgər bunlar Sizin səlahiyyətinizə aid məsələ deyil? Bax, indi rəhbərliyiniz qarşsında bunlar barədə mən məsələ qaldıracağam.
Əli Qasımov katibin bu sözlərindən bərk qorxuya düşdü. Ona yalvarmağa başladı. Səhvini boynuna aldı, axırda onu da dedi ki:
–Zülfüqar müəllim, mən arzu edirəm ki, rayonların hamı-sında birinci katiblərin nəzarət komitələrinə münasibətləri elə sizinki kimi olsun…
Qədir TƏRTƏRLİ