Xatirəsi hörmətlə anılır
Dəmirçilər kənd tam orta məktəbində şagirdlərin təhsili ilə yanaşı, onların vətənpərvərlik tərbiyəsinə böyük diqqət göstərilir. Bu məqsədlə vaxtaşırı olaraq müxtəlif tədbirlər keçirilir. Belə tədbirlər zamanı şagirdlər şanlı Zəfər tariximizlə tanış olur, bu tarixi yazan igidlərin həyatını və döyüş yolunu öyrənirlər.
Məktəb vaxtilə burada təhsil alan I Qarabağ müharibəsi şəhidi Azər Məmmədovun adını daşıyır. Azər Məmmədov 1992-ci ildə könüllü olaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə qatılıb. Xidmət etdiyi hərbi hissənin tərkibində Ağdərə bölgəsində döyüşlərdə iştirak edib. Şişqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
Məktəbdə Azərin xatirəsi daim minnətdarlıq hissi ilə anılır, qardaşı və digər qohumları keçirilən tədbirlərə dəvət olunur. Belə görüşlər məktəblilərə Azər Məm-mədov və onun kimi qəhrəmanlar haqqında daha çox bilgi toplamağa kömək edir.
Oktay Məmmədov,
veteran müəllim