2025-ci il Azərbaycana uğurla qədəm qoyub. Yeni ilin ilk günlərindən işğaldan azad olunmuş torpaqlarımıza yeni köç karvanları üz tutub. İnsanlar sonsuz sevinc hissi ilə illərlə həsrət qaldıqları yurd-yuvalarına qayıdırlar… Məcburi köçkün olmayanlar da bu səhnələri həyəcansız izləyə bilmir və qeyri-ixtiyari hər kəsin dilindən “şükür” kəlməsi qopur. Bəli, çox şükür ki, Qarabağ bizimdir, şükürlər olsun ki, artıq ölkəmizdə didərgin və köçkün vətəndaşlarımız olmayacaq.
“Sanki yenidən dünyaya doğulmuşuq”, – deyirlər doğma ocağa ayaq basan insanlar. Əlbəttə ki, bundan sonra isə uğurlu və uzaqgörən siyasəti ilə bizə Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkürlərini bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırlar.
İllər təzələnsə də, zaman keçsə də, Qələbə uğrunda döyüş meydanlarında canından, qanından keçən insanlar unudulmur onlar əbədi olaraq qədirbilən xalqın yaddaşında yaşayacaqlar.
Bizim rayonumuzda da şəhid ailələri qayğı ilə əhatə olunublar. Rayon rəhbərindən başlayaraq məktəblilərədək hər kəs bu ailələri ziyarət edir, onlarla həmsöhbət olur, qəhrəmanların ömür yolunun səhifələrini vərəqləyirlər.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqm Məmmədov rayonun Seydimli kəndində Vətən müharibəsi şəhidi Aysənan Abbasovun və Səhlabad kəndində Vətən müharibəsi şəhidi İntiqam Ağayevin ailələrini ziyarət edib.
Rayon rəhbəri Aysənanın atası Əsgər Abbasovu 65, İntiqamın anası Gülnarə Salahovanı 60 illik yubileyləri münasibətilə təbrik edib, onlara gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnamələrini təqdim edib.
Qeyd olunub ki, hər iki şəhid Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Aysənan Abbasov ölümündən sonra üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni , “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”medalları ilə təltif edilib.
İntiqam Ağayev isə ölümündən sonra “Vətən uğrunda“, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
“YENİ TƏRTƏR”