Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,566
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    “Olimpiya Kompleksinin Tərtərdə açılması böyük məna daşıyır. Burada öz gücünü artıran gənclər ölkəmizin uğurlu inkişafına töhfələr verəcəklər. Mən buna əminəm.”

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Rayonumuzda Olimpiya İdman Kompleksinin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. 3 iyun 2020-ci il tarixində kompleksin açılışında iştirak edən dövlət başçısı burada görülən işlərlə tanış olub və qeyd edib ki, “indi Tərtərdə də idmanla məşğul olmaq üçün çox gözəl imkanlar olacaq”.

    Hazırda Tərtər Olimpiya İdman Kompleksində vəziyyət necədir? Bu sualla Kompleksin müdiri Emin Dadaşova müraciət etdik O dedi:
    –Əlbəttə, rayonumuzda belə bir müasir İdman Kompleksinin açılması qəhrəman Tərtərin tarixində mühüm hadisə oldu və bütün rayon sakinlərini sevindirdi. Ona görə ki, fiziki güc həm də mənəvi saflıq deməkdir. Gənclərimizin idmanın müxtəlif növləri ilə məşğul olmasının vətənpərvər gəncliyin yetişməsində böyük rolu var. Hesab edirəm ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə gənclərimizin idmana olan marağını daha da artırıb. İdman meydançalarında qalib xalqın nümayəndəsi kimi çıxış etmək olduqca qürurvericidir. Məhz buna görə də son illərdə idmançılarımızın nailiyyətləri xeyli artıb.
    –Hazırda Kompleksdə idmanın ənənəvi növləri ilə yanaşı, rayonumuz üçün yeni olan idman bölmələri fəaliyyət göstərir. Bu barədə nə deyə bilərsiniz?
    –Əvvəlcə qeyd edim ki, karate, futbol, kikboksinq və sərbəst güləş tərtərlilərin ən çox maraq göstərdikləri idman növləridir. Ümumiyyətlə, Qarabağda güləş həmişə sevilib və geniş yayılıb. Tərtərdə də güləş üzrə gözəl məşqçi müəllimlərimiz olub və onlar bu növ idmanı uşaq və yeniyetmələrə sevdiriblər. SSRİ idman ustası Sabir Zeynalovun və başqalarının adlarını çəkə bilərəm.
    Ənənəvi idman növlərilə yanaşı, son illər, yəni Kompleksimiz fəaliyyətə başlayandan sonra burada idmanın üzgüçülük, gimnastika, idman rəqsləri kimi yeni növləri üzrə bölmələri fəaliyyətə başlayıb. Nəticələr gözləniləndən də sevindiricidir. Xüsusən tərtərlilər arasında üzgüçülüyə maraq böyükdür. Bu bölmədə həm uşaqlar məşğul olurlar, həm də həkim təyinatı ilə göndərilən müxtəlif vətəndaşlar xidmətimizdən istifadə edirlər. Xüsusən yay aylarında üzgüçülüyə maraq böyük olur. Hovuzlarda gigiyenik qaydaların gözlənilməsini, uşaqlara və böyüklərə daimi nəzarət olunmasını diqqət mərkəzində saxlayırıq.
    Uşaqlara və yeniyetmələrə fiziki və mənəvi cəhətdən böyük təsir göstərən idman növünün biri də gimnastikadır. Kompleksimizdə “Gimnastika hamı üçün” bölməsi fəaliyyət göstərir. Qürurverici haldır ki, ötən il Tərtərin tarixində ilk dəfə olaraq gimnastika üzrə respublika birinciliyi məhz bi-zim kompleksdə keçirildi. Bu hadisə rayonumuzda böyük maraq doğurdu və uşaqların və eləcə də böyüklərin gimnastikaya olan münasibətini kökündən dəyişdi. Düzdür, bizim yetirmələr birbaşa çempionata qatılmadılar, ancaq onlar da öz bacarıqlarını nümayiş etdirdilər ki, bu da gimnastikanın rayonumuzda gələcək inkişafına stimul verdi.
    İdman rəqsləri bölməsi də yenidir və uşaqlarımız tərəfindən çox sevilir.
    –Emin müəllim, 2024-cü ilin yekunları ilə bağlı nə deyə bilərsiniz?
    –Uğurlarımız çoxdur və bunları sadalamaqla qurtaran deyil. Qeyd etmək istəyirəm ki, ötən il Şamxal Rəfizadənin rəhbərliyi ilə yaradılmış Azərbaycanın Milli Qəhrəmanı El-man Hüseynov adına “Dəmir Yumruq” İdman Klubu ili əla nəticələrlə başa vurub və region üzrə “Ən yaxşı klub” adına layiq görülüb. Ayrı-ayrı yarışlarda 30-a yaxın idmançımız kikboksinq idman növü üzrə nümunəvi çıxışlarına görə qızıl medalla təltif edilib.
    Sərbəst güləş üzrə məşqci Nicat Həsənovun rəhbərliyi ilə tərtərli uşaqlar bölgə və respublika yarışlarında ümumilikdə 31 medala layiq görülüblər, bunlardan 11 qızıl, 12 gümüş, 8 bürünc medaldır.
    Məşqçilər arasında Ruhi Hüseynovun adını xüsusilə qeyd etmək istəyirəm. Belə ki, onun yetirmələrindən Qədir Bərxudarlı Savat üzrə birincilikdə və Kunq-Fu üzrə Azərbaycan birinciliyində 1-ci yerin sahibi olub. Davud Vəlibəylinin, İbrahim Həsənzadənin, İsabalı Məmmədzadənin, Məhəmməd Mahmudovun, Röyal Həsənlinin adlarını da fəxrlə çəkmək istəyirəm. Onlar bir qayda olaraq yarışlarda ən yüksək nəticələr əldə edərək qəhrəman Tərtərin adını yüksəklərə qaldırırlar. Gənc idmançılarımızın qələbədən-qələbəyə inamla ad-dımlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun xüsusi dəstəyi qeyd olunmalıdır. Rayon rəhbəri daimi olaraq yarışlardan qayıdan idmançılarımızı qəbul edir, onlarla söhbətlər aparır, hədiyyə və təşəkkürnamələr təqdim edir. Bu isə uşaqlarda ruh yüksəkliyi yaradır, özlərinə inam hissini artırır.
    İdmanın futbol növü də rayonumuzda inkişaf etməkdədir. Belə ki, baş məşqci Elfariz İsa-yevin və məşqçi Taleh Hüseynzadənin yaratdığı futbol komandasının üzvləri hazırda başqa klublarda da yüksək səviyyədə oyun nümayiş etdirirlər. Tərtər futbol komandası isə ilk dəfə olaraq region liqasına çıxıb.
    Sonda 2024-cü ildə bizim Kompleksdə keçirilən bir neçə idman yarışının adını çəkmək istəyirəm. Bunlar 27-29 fevral tarixində keçirilən kikboksinq yarışı, Şahinlər hərbi idman oyunu (24 aprel), Azərbaycan Gimnastika Federasiyasının çempionatı (25-29 iyun), “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi –ADU (4-6 oktyabr), “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi MDU (11-13 oktyabr), “Üzgüçülük hamı üçün layihəsi” (1 dekabr), “Üzməyi öyrənək!” üzgüçülük layihəsi (şəhər 5 saylı tam orta məktəbin I-V sinif şagirdləri arasında) və başqaları. Bu cür layihələr yüzlərlə şagird və tələbəyə idmanı sevdirib.
    –Emin müəllim, sirr deyil ki, bütün səylərə baxmayaraq, hələ də rayonumuzda bəzi gəncləri pis vərdişlərdən uzaqlaşdıra bilməmişik. Ancaq bunun ən yaxşı yolu uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtının səmərəli təşkilidir. Bu baxımdan Tərtər Olimpiya İdman Kompleksinin və bütövlükdə sizin kollektivin üzərinə böyük vəzifələr düşür. Bu işdə Sizə uğurlar arzulayırıq!
    –Çox sağolun.

    Müsahibəni apardı:
    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:09

İsmarıclar bağlıdır.