Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,621
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    “MƏNİM HƏYAT ROMANIM”

    Jurnalist Qədir Tərtərlinin ”Mənim həyat romanım” kitabı təkcə bir insanın taleyini əks etdirmir. Burada eyni zamanda rayonumuzun tarixi öz əksini tapıb. Aşağıda oxucularımıza həmin kitabdan bir parçanı təqdim edirik.
    Mərkəzi Komitədə mənə hələlik işim barədə heç kəsə heçnə demədən gözləməyi tapşırmışdılar. “Keçmiş nəzarət komitəsi sədrinin katiblik məsələsi həll olunandan sonra çağıracaqlar səni” demişdilər.
    Gözləyirdim. Çoxları işimin düzələcəyinə şübhə edirdi. “Düzələsi olsa, indiyə kimi düzələrdi” fikrinə düşənlər də vardı. Kimin nə deməsinin, necə düşünməsinin mənə dəxli yox idi. Arxayın idim. Başqa cür nə ola bilərdi ki? Respublika rəhbərinin işləyəcəyim vəzifəyə görə şəxsən əlimi sıxıb məni təbrik etməsi elə belə deyildi ki?
    Partiya işində bəzi məsələlərin müəyyən vaxta kimi bir növ gizli saxlanıb dərhal açıqlanmaması barədə məlumatım vardı. Buna görə evimizdəkilərə də işimin necə olacağı haqda heç nə deməmişdim.
    Çox gözləyəsi olmadım. Aradan bir həftə keçməmiş raykomdan zəng vurub birinci katibin məni yanına çağırdığını bildirdilər.
    Məsələ məlum idi. Birinci katibin qəbuluna nə üçün çağrıldığımı yaxşı bilirdim. Rayonumuzda birinci katib işləyən Zülfüqar Abdullayevə böyük hörmətim vardı. Onunla hələ Moskvada oxuduğum vaxtlardan tanış olmuşdum. Tanışlığımızın tarixini indi də olduğu kimi xatırlayıram.
    1972-ci il idi. Məktəbdən icazə alıb bir həftəliyə rayona gəlmişdim. Rayonumuzun birinci katibi haqqında eşitdiyim xoş sözlər məndə onunla görüşüb tanış olmaq marağı yaratmışdı.
    Yanına girəndə katib məni çox səmimi qarşıladı. Partiya məktəbində tanıdığım müəllimlərdən bir neçəsini soruşub, vəziyyətlərini xəbər aldı. Təhsilimlə, ailə üzvlərimizin güzəranı ilə maraqlandı. İxtisasca tibb işçisi olan həyat yoldaşımın işləmədiyini eşidəndə çox narahat oldu. Elə mənim ya-nımdaca dərhal ikinci katibə zəng vurdu. Yoldaşımın işə düzəlməsi üçün onun adından baş həkimə göstəriş verilməsini tapşırdı.
    Təşəkkürümü bildirib ya-nından çıxanda dedi: ”Mənə təşəkkür etmək lazım deyil. Borcumuzdu. Mən də Mos- kvada oxumuşam. Tələbənin çətinliklərindən xəbərim var. Narahat olma, hər şey yaxşı olar. Nə probleminiz olsa, bildirərsiniz”.
    Aradan iki gün keçməmiş yoldaşım işlə təmin edildi.
    İndi məhz belə bir adamla birgə işləyəcəyimi xəyalıma gətirəndə bəxtimdən razı qalmaya bilməzdim.
    Ayrı-ayrı qəzetlərdə işlədiyim vaxtlar neçə-neçə raykom katibləri ilə təmasda olmuşdum. Sözlərinə, söhbətlərinə qulaq asmış, məsləhətlərini eşitmişdim. Onların adamlarla rəftarlarında, öz iş yoldaşları ilə münasibətlərində yaxşı hərəkətlərini də görmüşdüm, pis hərəktlərini də. Mənəm-mənəmlik, eqoistlik, yekəxanalıq elə bil ki, çoxlarının ətinə, qanına işləmişdi. “Mən belə deyirəm!”, “Ancaq mənim dediyim olmalıdır!”, “Mənim göstərişimdən kənara çıxmağa heç kəsin haqqı yoxdur!”.Tələbləri beləydi özündən müştəbeh rəhbərlərin. Heç vaxt belə bir həqiqətlə razılaşmaq belə istəmirdilər ki, axı, ağıl ağıldan üstündür. Nə olar, rəhbər olanda, başqaları da insandı, onların da özlərinə görə ağlı-kamalı var. Bəlkə elə onların məsləhəti daha faydalı olar.
    Zülfüqar Abdullayev belə rəhbərlərdən deyildi. Onu tanıdığım ilk gündən gəlmişdim belə qənaətə. Ağıllı, təmkinli, tədbirli adam idi. Hər işi, həll olunası hər bir məsələni dönə-dönə ölçüb biçməyi, ağıllı məsləhətlərə qulaq asmağı sevirdi. “El gözü tərəzidi”–deyiblər. Rayon düzgün vermişdi onun qiymətini: “Anası bu adamı elə bil bu vəzifə üçün doğubmuş”. Beşindən, onundan yox, çoxlarından eşitmişdim bu sözləri.
    Raykoma gedib Zülfüqar müəllimin qəbulunda olanda yenə əvvəlki kimi, mehribanlıq və səmimiyyətlə qarşıladı məni. Mərkəzi Komitədən zəng vurulub rayon nəzarət komitəsinin sədrliyi vəzifəsinə məsləhət bilindiyimi, təsdiq üçün raykomun büro qərarının göndərildiyini söylədi. Axırda onu da dedi ki, narahat olma-yın, yaxın günlərdə qərarımızı təsdiq edib göndərəcəklər. Ondan sonra gəlib işləyə bilərsiniz.
    –Çox sağ olun, yoldaş Abdullayev, –dedim. Minnətdaram Sizə, əziyyət çəkmisiniz.
    –Mənim heç bir rolum olmayıb bu işdə. Ona görə minnətdarlıq mənə yox, Mərkəzi Komitəyə çatır.
    –Yox, niyə ki, – dedim. Sizin razılığınızdan, rəyinizdən də çox şey asılıdır.
    Gülümsündü və şən əhval-ruhiyyə ilə:
    –Nə deyirəm, etirazım yoxdur, –dedi. İndi ki, deyirsiniz, onda qoy dediyiniz minnətdarlığın bir hissəsi də mənə çatsın.
    …Nəzarət Komitəsi şərəfli olduğu qədər də çox çətin və məsuliyyətli vəzifə idi. Mənim üçün tamamilə yeni sahə olduğundan ilk günlər çox çətinliklərlə üzləşdim. Çətinliyin əsası da onda idi ki, təkbaşına işləyib tələb olunan bütün iş-lərin öhdəsindən gəlməyi bacarmalıydım. Düzdü, rəsmiyyətə qalanda işçilərim çox idi. Komitə üzvləri vardı, qrup sədrləri vardı, post rəhbərləri vardı. Amma kimlər idi onlar? Elə belə, görüntü xatirinə seçilmiş adamlar idi hamısı. Hər birinin də öz işi, öz peşəsi vardı. Onlara işmi gördürmək olardı? Ştat vahidinə görə təkcə əmək haqqı alan komitə sədrinin özü idi.
    Bütün bunların görüləcək işlərə, yerinə yetirilməsi tələb olunan tapşırıqlara dəxli yox idi. İş işliyində, intizam, məsuliyyət də öz yerində qalırdı. Göstərilən səbəbləri bəhanə gətirib tələbləri yerinə yetirməmək mümkün deyildi. Komitə iclasları, qrup və postların hesabatseçki yığıncaqları vaxtlı-vaxtında, yüksək səviyyədə keçirilməliydi. Respublika Nəzarət Komitəsinin və Rayon Nəzarəti Komitəsinin özünün iş planlarında nəzərdə tutulan yoxlamalar vaxtında, təxirə salınmadan aparılmalı, nəticəsi komitə iclaslarında müzakirə edilməli, qəbul olunmuş qərarlar və görülmüş tədbirlər rəhbərliyə çatdırılmalı idi.
    Təkcə yuxarıda göstərilənlər deyildi görüləcək işlər. Komitəyə və yuxarılara gedən ərizə və şikayətlər, onları doğuran səbəblər dürüstlüklə aydınlaşdırılmalı, belə halların bir daha təkrar olunmaması üçün tədbirlər müəyyənləşdirilməli idi.
    Xalq Nəzarəti Komitəsinə çox böyük səlahiyyətlər verilmişdi. Onlar rayonun ictimai-siyasi, təsərrüfat və mədəni-quruculuq işlərində yaxından iştirak etməli, öz mövqelərini və təşəbbüskarlıqlarını göstərməli idilər.
    Rayonun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı rol oynayırdı. Kənd təsərrüfatı çox-sahəli idi. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, tərəvəzçilik kimi mühüm sahələri vardı təsərrüfatın. Tikinti də ayrılmaz tərkib hissəsi idi onun.
    Rayon Xalq Nəzarəti Komitəsi, birinci növbədə rayon partiya komitəsinin büro üzvü kimi nəzarət komitəsinin sədri göstərilən sahələrin durmadan inkişafı üçün bilavasitə məsuliyyət daşıyırdılar. Rayondakı təsərrüfatsızlıq, israfçılıq, intizamsızlıq, özbaşınalıq, tapşırılan işlər üçün məsuliyyətsizlik hallarına qarşı qətiyyətli mübarizə aparılması ən mühüm və təxirəsalınmaz vəzifə kimi dururdu Xalq Nəzarəti Komitəsinin qarşısında.
    Yaşlı nəslin nümayəndələri Böyük Vətən müharibəsi illə-rində hamının dilində əzbər olan belə bir şüarı xatırlamamış olmazlar: “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!”.
    Pambıqçılıq rayonlarında pambıq yığımı dövrü də eyni ilə müharibə dövrünü xatırladırdı. Hər iki dövrün öz cəbhəsi vardı. İntəhası adları fərqliydi bu cəbhələrin– “Müharibə cəbhəsi, “Əmək cəbhəsi”. Məqsədi, məramı da başqa-başqaydı bu cəbhələrin. Müharibə cəbhəsi ölüb-öldürmək cəbhəsi, əmək cəbhəsi isə əksinə, adamların maddi rifah halını, güzəranını yaxşılaşdırmaq cəbhəsi idi. “Ağ qızıl” adlandırırdılar ikinci əmək cəbhəsinin məhsullarını. Şairlərin, yazıçıların, jurnalistlərin, bəstəkarların populyar mövzuları idi “Ağ qızıl” və “Ağ qızıl ustaları”.
    Pambıq yığımı dövründə pambıq sahələrində əmək bulaq kimi qaynayırdı. Hamı yığım işinə həvəslə girişirdi. Kolxozçu da, ziyalı da, məktəbli də! Heç kəs bu mühüm cəbhədən kənarda qalmaq istəmirdi.
    Hər yerdə olduğu kimi, bizim rayonumuzda da eyni qayda hökm sürürdü. Bütün qüvvələr əmək cəbhəsinin qələbə-sinə sərf olunurdu.
    İş elə gətirmişdi ki, mənim Nəzarət Komitəsinin sədrliyi vəzifəsini təhvil götürdüyüm vaxt məhz belə bir vaxta – pambıq yığımının ən qızğın vaxtına düşmüşdü. Bu səbəbdən də cərəyan edən hadisələrin içərisindəydim. Passiv se-yirçi kimi yox, fəal iştirakçısı idim bu hadisələrin.
    Büro üzvü kimi mən də iri kolxozlardan birinə təhkim olunmuşdum. Məhsul yığımı dövründə iş rejiminin səhər saat 06-dan başlanması nəzərdə tutulmuşdu. Kimliyindən asılı olmayaraq hamı ciddi ria-yət etməliydi bu rejimə. Birinci katibin tapşırılan işə qarşı son dərəcə tələbkarlığını və hər işdə dəqiqliyi qiymətləndirdiyini bildiklərinə görə büro üzvləri işə məsuliyyətlərini qat-qat artırmışdılar.
    Büronun qərarına görə kolxozlardan yığılmış pambığın məntəqələrə daşınıb təhvil verilməsi yekunlaşdırılmamış evə getmək olmazdı. Büro üzvlərinin hər biri gün ərzində gördüyü işlər barədə birinci katibə məlumat verməli, əlavə tapşırıq almasa, yalnız ondan sonra özünü sərbəst hesab etməli idi. Belə sərbəstlik isə gecə saat 12 ilə 01 arasından tez ola bilməzdi.
    Belə iş qaydasına mən də tezliklə alışdım. Bütün günü gərgin işlədiyimdən evə tez çatıb azacıq rahatlanmağı hər şeydən üstün bilirdim. Tərs kimi çox vaxt bu da qismət ol-murdu mənə. Gecələr evə nə vaxt gəlsəm, istər-istəməz tanımadığım qonaqlarımla rastlaşmalı olurdum.
    Qonaqlarım da kimlər ol-saydı yaxşıydı? Heç vaxt adını eşidib ömründə üzünü görmədiyim dırnaqarası qohumlarım! Üzümə gün hardan doğmuşdu bilmirəm, birdən-birə, çox qısaca bir müddət ərzində “çox qohumlu bəxtəvər” olmuşdum. Yağışdan sonra artan göbələk kimi gündən-günə artmaqda davam edirdi qohumlarım.
    Evimizə gəlişləri, məni itirib axtarmaları da təsadüfi deyildi. Yoxsa, təbrik üçün gəldiklərini düşünürdünüz. Yox, yox! Qətiyyən yox! Onların məqsədi, məramı başqaydı. Mənimlə qohumluqlarını sübuta yetirməyə çalışmaqla məndən istifadə edib lazımi işlərini aşırmaq, istədiklərinə nail olmaq, bir növ necə deyərlər, “İlanı Seyid Əhməd əli ilə tutmaq” idi məqsədləri. Övladlarını, yaxın adamlarını yağlı vəzifələrə işə düzəltməyə köməklik göstərməyə, prokurordan, məhkəmədən, milisdən asılı işlərini qaydaya salmağa yardımçı olmağa yönəltmək istəyirdilər məni. Buna bənzər xahişləri, təklifləri, söz-söhbətləri bitməz-tükənməz idi “göydən düşən qohumlarımın”.
                                                                                                                                                                                     (Ardı növbəti sayımızda)

    Müəllif: Redaktor, 08:46

İsmarıclar bağlıdır.