Bəyimsarov kəndində yeni pilot layihə həyata keçirilir
Tərtər rayonunun gələcək inkişafına töhfə vermək məqsədi ilə Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Bəyimsarov kəndində yeni pilot layihənin həyata keçirilməsinə başlamışıq. Bu məqsədlə rayon rəhbəri Müstəqim Məmmədovla birlikdə qonaqlar–Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Türkiyə EQE Universitetinin professoru Beyliş Təkin, Aqrar elmlər doktoru, professor Nizami Seyidəliyev, ADAU-da kafedra müdiri, professor Mirnaib Mirsalahov, İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Hətəmov Bəyimsarov kəndində olduq. Fürsətdən istifadə edərək həmçinin kənd təsərrüfatında çalışan fermerlər və sahibkarlarla görüş keçirdik, onları kənd təsərrüfatında tətbiq edilən innovativ üsullarla tanış etdik.
Qeyd etmək istəyirəm ki, müasir şəraitdə kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi bu sahədə innovasiyaların mənimsənilməsi ilə bağlıdır. İnnovasiyalar iqtisadiyyatın aqrar sektorunda istehsalın texniki, texnoloji və təşkilati əsaslarının yeniləşməsi bazasında məhsuldarlığın artırılmasında, rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsində başlıca rol oynayır. Kənd təsərrüfatının innovasiyalı inkişafı, həmçinin aqrar sahədə fəaliyyətlə bağlı dayanıqlı inkişaf məsələlərinin həllinə, ilk növbədə torpaq və su resurslarının qorunması və səmərəli istifadəsinə əlverişli imkanlar yaradır. Bu baxımdan kənd təsərrüfatında innovasiyaların geniş yayılması qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı həm də ekoloji tarazlığın gözlənilməsinin mühüm amilləri sırasına daxil edilir.
Hazırda Azərbaycanın kənd təsərrüfatında innovativ inkişaf prosesləri sürətləndirilir. Bu mərhələdə sahənin inkişaf strategiyaları çərçivəsində daha funksional kənd təsərrüfatı və mükəmməl ərzaq təhlükəsizliyi sisteminin yaradılması üçün aqrar sahə üzrə təhsil və tədqiqat sisteminin və innovasiyaların tətbiqinin genişləndirilməsi baxımından potensialın inkişaf etdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, innovasiyaların yayım şəbəkəsinin inkişaf etdirilməsi, innovativ texnoloji həllər və üsullardan istifadə haqqında kənd təsərrüfatı istehsalçılarının məlumatlılıq və istifadə səviyyəsinin artırılması mühüm vəzifə kimi qəbul olunur.
Aqrar sahədə tətbiq edilən hər bir innovasiya məhsuldarlığı, gəlirləri artırır və nəticə etibarı ilə bu sahənin daha sürətli inkişafını təmin edir. Son illər ərzində Azərbaycanın kənd təsərrüfatında bir sıra innovativ metod və üsullardan istifadə olunmağa başlanmışdır. Kənd təsərrüfatında dronlardan istifadə, ağıllı bağ, müasir əkin metodları, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin satellitlər vasitəsilə müəyyənləşməsi və s. buna aid edilə bilər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fermerlərin həyata keçirdikləri biznes fəaliyyətlərinin və kənd təsərrüfatı məhsullarının istehsalının ilkin mərhələsindən son mərhələsinə qədər bütün proseslər öz əksini tapacaqdır. Həmçinin bu sistem bir çox hədəflərə nail olmağa imkan yaradacaq. Bura aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığın və operativliyin artırılması, bütün istiqamətlər üzrə dövlət siyasətinin həyata keçirilməsinə innovativ dəstək, kənd təsərrüfatına yararlı torpaqların və digər təbii resursların idarə edilməsi və səmərəli istifadə edilməsinin təmin edilməsi, informasiya və məsləhət xidmət-lərinin effektivliyinin yüksəldilməsi və s. aiddir. Aqrar sahə üzrə vahid məlumat bazasının yaradılması bu sahənin gələcək inkişafında və idarə olunmasında olduqca önəmli faktordur.
Ziyad ABBASOV,
Texnika elmləri doktoru, professor