ÜMİD ÇIRAĞI HEÇ ZAMAN SÖNMÜR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə deyib: “ İndiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır.
Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgələrdən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur”.
Belə ailələrdən biri də Vedibasarın Çimən kəndindən olan Məhərrəm Pənah oğlu Hacıyevin ailəsidir.
Bu kəndin adı əvvəlcə Çimənkənd olub. Çimənkənd Vedibasar mahalının Cığındərə bölgəsində, Böyük Vedi qəsəbəsindən 9 kilometr şərqdə, Vedi çayının kənarında, Aşağı Qarabağlar kəndinin yanında yerləşir.
1920-ci ilədək kənddə ancaq azərbaycanlılar yaşayıb. 1922-1988-ci illərdə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı kənd olub. Sonralar kəndin adı Çimən kimi formalaşıb.
Məhərrəm Pənah oğlu Hacıyev 1898-ci ildə bu kənddə anadan olub. O, Vedibasar eli-nin hörmətli və varlı adamlarından olan Kərbəlayı İsmayılın qardaşı oğlu idi. 1918-1921-ci illərdə Vedibasar kəndlərinin erməni daşnaklarından müdafiəsində Kərbəlayı İsmayılın başçılığı ilə Hacıuşağı tayfasının igidləri qəhrəmanlıq göstəriblər. 1929-1931-ci illərdə Vedibasarda kolxozlaşmaya qarşı qiyamın başında da Kərbəlayı İsmayıl dayanıb.
Məhərrəm Pənah oğlu atasını gənc yaşlarında itirir. Onlar ailədə üş qardaş, bir bacı imişlər. Atalarının vəfatından sonra ailənin bütün ağırlığı anası Mirəsə xanımın və gənc Məhərrəmin üzərinə düşür. Məhərrəm Pənah oğlu ilə Abbasqulu bəy Şadlinski arasında da qohumluq əlaqələri vardı.
Vedibasarın başı üstünü erməni təcavüzü təhlükəsi alanda, 19 yaşlı Məhərrəm Pənah oğlu əlinə silah götürüb, ilk günlərdən daşnaklara qarşı cəsarətlə vuruşur. O, 1920-1921-ci illərdə fəaliyyət göstərmiş “Qırmızı tabor”un rota komandiri olub və bu zaman göstərdiyi xüsusi qəhrəmanlıqlara görə 1921-ci ildə “Qırmızı Bayraq” ordeni ilə təltif edilib.
Daşnaklar qovulduqdan sonra Məhərrəm Pənah oğlu doğma kəndinə qayıdır, ailə qurur və təsərrüfat işlərilə məşğul olur.
1950-ci ildə Qərbi Azərbaycandan azərbaycanlı əhalinin məcburi köçürülməsi başlayanda, Məhərrəm Hacıyevin ailəsi– həyat yoldaşı Güllər və beş uşağı, 3 oğlan, 2 qız, əvvəlcə Yevlaxa, sonra isə Tərtərə gəlib çıxır və burada məskunlaşırlar. Onun oğlu Həsən Pənahov Tərtərdə rayon XDS icariyyə komitəsində sədr müavini, sovxoz direktoru, rayon Ağsaqqallar Şurasının sədri və digər rəhbər vəzifələrdə işləyib.
2006-cı ildə Prezident İlham Əliyevin Tərtərə ilk səfəri zamanı rayon ictimaiyyəti adından dövlət başçısını salamlayan Həsən Pənahov olub.
Digər qardaşlar – Hüseyn Yevlax rayonunda, Pənah isə Bakı şəhərində yaşayıblar.
Məhərrəm Pənah oğlunun nəvələri hal-hazırda Tərtərdə, Yevlaxda və Bakı şəhərində rəhbər vəzifələrdə işləyirlər. Məhərrəm Hacıyev 1965-ci ildə vəfat edib, Yevlax rayonunun Malbinəsi kənd qəbiristanlığında həyat yoldaşının yanında dəfn edilib.
Vedibasar oğullarının xatirəsi daim bizim qəlbimizdə yaşayır.
Qeyd etmək istəyirəm ki, Qərbi Azərbaycan icması nümayəndələrinin qayğı və problemləri daim Tərtər rayon rəhbərliyinin diqqət mərkəzindədir. Buna misal olaraq iki faktı göstərmək istəyirəm. Ötən il icma üzvlərinin iştirakı ilə həm Tərtər Rayon İcra Hakimiyyətində, həm də mənim yaşadığım Səhlabad kəndində böyük tədbirlər keçirildi. Bu cür tədbirlər doğma yurd-yuvalarından zorla qovulmuş insanların qəlbində ümid çırağını daha da alovlandırır.
Azərbaycanın ən ağrılı yeri olan Qarabağ torpaqlarının geri qaytarılması, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbə bütün xalqımızı sevindirdi. Biz inanırıq ki, yaxın gələcəkdə Vedimizə, Dərələyəzimizə qayıdacağıq. Çünki güclü ordumuz var, yenilməz sərkərdəmiz var. Biz düz yoldayıq, Allah ordumuzu və müzəffər Ali Baş Komandan İlham Əliyevi qorusun!
İman ALMURADOV,
Səhlabad kənd sakini,
rayon ağsaqqalı