RUHUN ŞAD OLSUN, KOMANDİR!
Uğrunda döyüşdüyün torpaqlar indi azaddır! Çox sevdiyin Şuşa şəhəri doğma sakinlərini qoynuna alıb. Gözəlliyindən doymadığın Cıdır düzündən ətrafa yayılan musiqi sədaları qayalarda əks-səda verərək, bizim qalib, müzəffər xalq olduğumuzu dünyaya çatdırır.
Şuşaya aparan yollar da qısalıb. Möhtəşəm Zəfər yolu çəkilib.
Artıq 10 minə yaxın məcburi köçkün öz doğma yurd-yuvasına qayıdıb. Bu proses uğurla davam edir. Sevinc-sevincə qarışır. Bu il Xankəndi şəhərinin sakinləri də Yeni ili doğma ocaqlarında qarşıladılar.
Bütün bunlar şəhid qardaş və bacılarımızın, qazilərimizin qəhrəmanlığı sayəsində mümkün olub.
Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib.
Xalqımız bu yolda canından keçən oğullarını heç zaman unutmayacaq, komandır.
Ruhun şad olsun!
* * *
Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevral ayının 28-də Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. 1958-1968-ci illərdə Azad Qaraqoyunlu kənd məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub və 1973-cü ildə həmin institutun hidromeliorasiya fakültəsini bitirib. 1973-1975-ci illərdə Gürcüstanda zabit kimi hərbi xidmətdə olub. 1991-ci il sentyabr ayına qədər rayonda müxtəlif rəhbər vəzifələrdə işləyib. 1991-ci il sentyabr ayının 22-də rayonda Ərazi Özünümüdafiə Qərargahı təşkil edib, onun rəisi olub. 1991-ci il noyabrın 12-də “Tərtər Özünümüdafiə Batalyonu”na ilk komandir təyin edilib. Əvvəllər işlədiyi rəhbər vəzifələrdə yüksək təşkilatçılıq qabiliyyəti əldə etmiş Elman Hüseynov ilk komandir kimi Tərtər Özünümüdafiə Batalyonunun o dövrdəki siyasi oyunlara cəlb edilməsinə yol verməyəcəyini və yalnız doğma torpağımızın azğın ermənilərdən təmizlənməsinədə iştirak edəcəyini qarşıya məqsəd qoymuşdu. Batalyona komandirlik etdiyi müddət ərzində də bu məqsədinə nail olmuşdur. O, şəhid olandan sonra da batalyon bu məqsəd uğrunda mübarizəni davam etdirdi. Tərtər batalyonu döyüşdüyü Ağdərə bölgəsinin Seysulan, Yarımca, Çaylı, Marquşavan, Marağa, Həsənqaya, Levonarx, 3 №-li sovxoz, Ağdərə, Orta kənd, Sərsəng su anbarı, Kasabet, Drambon, Maqavuz, Çıldıran və digər yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsi uğrunda gedən qanlı döyüşlərdə fədakarlıqlar göstərmiş, düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi rolu olmuşdur. Yüksək peşəkar zabit hazırlığına məxsus olan Elman Hüseynov vuruşmalarda 3 dəfə yaralansa da, öz döyüş yolundan dönməmişdir.
1993-cü il yanvar ayının 14-də Vəng kəndinin azad olunması uğrunda gedən qanlı döyüşdə o, qəhrəmancasına şəhid oldu. Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidliyə və şücaətə görə 1995-ci il yanvar ayının 15-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
Evli idi. Emin adlı bir oğlu, Lalə və Nərgiz adlı iki qızı yadigar qalıb. Azad Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilib. Tərtər şəhərinin ən böyük küçələrindən biri adını daşıyır.
Ailəsi Bakı şəhərində yaşayır.
“Yeni Tərtər”