TARİX FƏNNİNİ SEVDİRƏN MÜƏLLİMLƏRİM VƏ HƏYAT ÖZÜ OLUB
Müəllim əməyilə tanışlığım ötən əsrin 90-cı illərinin əvvəlində başlayıb. 1991-ci ildə hazırda 100-dən çox yaşı olan Tərtər şəhər 1 saylı orta məktəbinin birinci sinfinə getmişəm. İki addımlığımızda nankor qonşularımız vardı. Şəhərimiz və ətraf kəndlər daimi olaraq atəşə tutulurdu. Valideynlər uşaqları məktəbə gətirib geri qayıtmağa qorxurdular. Daimi olaraq başımızın üzərindəki təhlükədən heç kim sığortalanmamışdı. Ermənilərin atdıqları “Alazan” raketləri bizi evdə də, məktəbdə də tapa bilərdi və tapırdı da.
Belə bir şəraitdə şagirdlərin titrək barmaqlarından tutub onlara ilk hərfləri öyrətmək, müəllim peşəkarlığı ilə yanaşı, böyük ürək, vətənpərvərlik, bəlkə kiməsə şişirdilmiş görünsə də, igidlik tələb edirdi. O, belə bir insan idi – bizim ilk müəllimimiz Roza Muxtarova.
Sinfimiz təhlükəsiz adaydı, müəllimimiz isə qoruyucu mələk. Onun sakit, təmkinli səsi bizi addım-addım irəli aparır, gələcək uğurlarımıza yol açırdı. Yadımdadır, bir dəfə gündüz saatlarında düşmən tərəfindən atılan raket məktəbin yaxınlığında partlamışdı, hamı həyəcan içindəydi, biz isə sakitcə oturub valideynlərimizi gözləyirdik. Çünki müəllimimiz yanımızdaydı. Uşaq qəlbimizlə inanırdıq ki, raketlər bizi tapa bilməz.
Birinci Qarabağ müharibəsinin ağır illərini birlikdə yaşadıq. Bu gün, çox illər keçəndən sonra, demək istəyirəm: ”Əziz müəllimim! Siz o çətin illərdə həyatımızın bir parçasına çevrildiniz. Hər bir şagirdiniz adından peşənizə olan sədaqətə, sevgiyə, yorulmazlığınıza görə dərin təşəkürümüzü bildirirəm”.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Mən bu sözlərə layiq olan və təəssüf ki, çox tez həyatdan köçən tarix müəllimi Qələndər Quliyevi dərin hörmət hissi ilə xatırlamaq istəyirəm. O müəllimi ki, onun bütün həyatı, amalı, məqsədi tədris etdiyi fənni şagirdlərə sevdirmək və onları əsl vətənpərvər kimi tərbiyə etmək olub. Qələndər Quliyev (Səlimoğlu) Tərtərin Qapanlı kəndindən idi. Yaxınlıqdakı ermənilər yaşayan Seysulan kəndi ilə Qapanlının arası cəmi 1-2 kilometr olardı. Həm müharibə zamanı, həm də atəşkəs dövründə Qapanlı camaatı nankor qonşulardan çox zərbələr almışdı. Qələndər müəllim baş verənləri ürəyindən keçirərərk hələ o zaman, dərsliklərdə bir çox hadisələrin düzgün işıqlandırılmadığı dövrdə, şagirdlərinə əsl vətənpərvərlik dərsi keçir, hər kəlməsi ilə onları düşmənlə mübarizəyə hazırlayırdı. Bu gün, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şanlı Zəfər qazandığı zaman, biz Qələndər müəllimi və onun kimi minlərlə peşəsinin, Vətəninin vurğunu, fədaisi olan müəllimləri xatırlamaya bilmərik. Məhz buna görə də dövlətimizin başçısı deyib ki, heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə getməyə hazır idilər. Bu, ailədə və məktəbdə onların aldığı tərbiyənin, Qarabağ sevgisnin nəticəsiydi.
Azərbaycanın hər bir bölgəsi mənim üçün doğma və əzizidr.
Ancaq bir tərtərli kimi, həm də şagirdlərə tarix fənnini tədris edən pedaqoq kimi bu bölgənin qəhrəmanlıqlarla dolu tarixi həmişə məndə qürur doğurub.
Belə ki, biz otuz ildən artıq bir müddətdə düşmənlə üzbəüz yaşamışıq. Yalnız yaşamamışıq. Oxumuşuq, işləmişik. Qurub-yaratmışıq. Uşaq idim, yadımdadır ki, ermənilər ən çox Novruz bayramlarında rayonumuzu atəşə tuturdular, süfrələrimizə əl dəyilmirdi, tonqallarımız yanmırdı. Evlər dağılır, insanlar həlak olur, yaralanırdılar. Ancaq səhər açılır, biz məktəbə, valideynlərimiz isə işə gedirdilər. Nailiyyətlərimiz ermənilərin gözünə ox kimi batırdı. Belə bir vəziyyətdə müəllimlərimiz həmişə yanımızda olublar və bizi inandırıblar ki, belə vəziyyət heç də həmişə davam etməyəcək. Qoy düşmən BMT-nin qətnamələrini yerinə yetirməsin, qoy Minsk qrupunun həmsədrləri boş-boşuna bölgəmizə gəlib qayıtsınlar, eybi yox. Vaxt gələcək, düşmən öz hərəkətlərinə görə cavab verəcək. Necə xoşbəxt bir nəsilik ki, biz indi o zamanda yaşayırıq. Necə xoşbəxt müəlliməm ki, öz şagidlərimə 44 günlük Vətən müharibəsində qa-zandığımız Zəfərdən, cəmi 24 saatdan az davam edən antiterror əməliyyatından dərs keçirəm. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz Zəfərimizdən sonrakı Novruz tonqalını məhz Suqovuşanda alovlandırdı. Qarabağda yanan o tonqallar bizə–müharibə dövrünün uşaqlarına ağrı-acılarını unutdurdu.
Bəli, tarix müəllimiyəm. Bakı Dövlət Unuiversitetinin tarix fakültəsini, magistraturanı, doktoranturanı bitirmişəm. Alazan raketləri altında böyüyən o balaca qız indi tarix üzrə fəlsəfə doktorudur. Bu fənni müəllimlərim və həyat özü sevdirdi.
Onu da qeyd edə bilərəm ki, həyatımın ən sevincli günlərindən biri şagirdlərimə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası haqqında xəbəri çatdırdığım gün oldu! Bir azərbaycanlı üçün bundan fərəhli nə ola bilər? Möhtərəm Prezidentimizə dərin təşəkkürümü bildirirəm ki, artıq 20 sentyabr ölkəmizdə Suverenlik Günü kimi qeyd edilir. Həm də 2025-ci il ölkəmizin tarixinə “Konstitusiya və Suverenlik ili” kimi daxil olacaq. İndi bizim Zəfər bayramımız, Suverenlik Günümüz var. Belə bir tarix yaşayan ölkənin müəllimi olmaq çox şərəflidir.
Bəzən deyirlər ki, müasir dövrdə elm və texnika o qədər inkişaf edib ki, bir azdan canlı dərsləri virtual dərslər əvəz edəcək. Elmi-texniki tərəqqinin, informasiya və kommunikasiya tex-nologiyalarının inkişafını alqışlayıram. Ancaq əminəm ki, müəllimin canlı nəfəsini, onun şagirdlərə ötürdüyü ruh yüksəkliyini heç bir texnologiya əvəz edə bilməz. Bu, keçmişdə də beləydi, gələcəkdə də belə olacaq.
Bütövlükdə tarix fənni, Azərbaycan tarixi və bu tarixin bir parçası olaraq doğma Tərtərimin tarixi daim dönədönə öyrəndiyim mövzulardır. Bu baxımdan Tərtər rayonunun təhsili də həmişə diqqətimi cəlb edib.
Tərtərin fəxri olan müəllimlərdən Cavanşir Rüstəmovun, Əsəd Məmmədovun, Sabir Paşayevin və başqalarının adlarını fəxrlə çəkə bilərəm. Bu yaxınlarda isə “Yeni Tərtər” qəzetində (10 mart 2023-cü il) “Ulu Öndərin yaşıdı” məqaləsinə rast gəldim. Məqalədə İsmayılbəyli kəndinin sakini, 100 yaşlı müəllim Suqra Əliyevanın həyatından bəhs edilir. Suqra Əliyeva Böyük Vətən müharibəsi illərində İsmayılbəyli kəndindəki məktəbdə müəllim, onun həyət yoldaşı İldırım Quliyev isə məktəb direktoru işləyib. Məqalədə oxuyuruq: “Qızı Elza müəllimin dediklərindən: “Atamla-anam ikisi birlikdə, çətin müharibə illərində qapı-qapı gəzərək, uşaqları təhsilə cəlb edirdilər. Ağır iş günündən sonra anam daim tikiş maşınının arxasında otururdu. O, öz əllərilə ehtiyacı olan uşaqlara çanta, paltar tikib paylayırdı ki, onlar təhsildən qalmasınlar. Özlərinin çox olmayan vəsaitləri hesabına şagirdlərə ayaqqabı, kitab alırdılar. Kəndin tam savadlanmasını təmin etmək üçün ax-şam məktəbi təşkil etmişdilər”.
Bax, belə olub Azərbaycan müəllimi. Ona görə deyirlər ki, müəllimlik yeganə peşədir ki, həyatda onun alternativi yoxdur.
“Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır,” – deyən Ulu Öndər Heydər Əliyev Naxçıvanda orta məktəbdə oxuduğu illəri həmişə minnətdarlıq hissi ilə xatırlayırdı. O deyirdi: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almı-şam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumağım mənim üçün çətin olmayıb”.
Onu da unutmayaq ki, indi internet dövründə yaşayırıq və hal-hazırda hər kəsdən, xüsusən müəllimlərdən öz üzərində daha ciddi çalışmaq, yenilikləri operativ mənimsəmək tələb olunur. Ölkə Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində çıxışı zamanı deyib: “Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var”.
Ölkənin Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva da müəllim əməyinə böyük hörmətlə yanaşır. Onun məktəbə, müəllimə olan münasibətində xüsusi bir qayğıkeşlik, ehtiram var. Bunun bariz nümunəsi isə Azərbaycanın hər bir guşəsində Heydər Əliyev Fondu tərəfindən tikilən möhtəşəm, bütün müasir tələblərə cavab verən məktəb binalarıdır.
Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar və etibarlı dayağı olubdur. Azərbaycanın dünyaya günəş kimi parladığı və ona görə bizə qarşı əsassıs ittihamların artdığı bir dövrdə həm ailənin, həm də məktəbin və müəllimin üzərinə daha böyük vəzifələr düşür. Dövlət başçısı, möhtərəm Prezident İlham Əliyev öz çıxışlarında bu vacib məsələni dəfələrlə qeyd edib, ailə və məktəbin gənc nəslin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətini diqqətə çatdırıb. Biz müəllimlər ölkə başçısının tövsiyələrinə əməl edərək, gələcək fəaliyyətimizi bu tələblər əsasında quracağıq.
Aygün NƏZƏRƏLİYEVA,
Tarix üzrə fəlsəfə doktoru