Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,534
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan

    ADIN ŞƏRƏFLİDİR SƏNİN, EY QADIN!
    DAHİLƏR ANASI ÇAĞRILIR ADIN

    Bəli! Dahilərin, alimlərin, qəhrəmanların, qolu güclü qoç igidlərin anasıdır qadın.
    Bir nərəsiylə düşməni qorxuya salan, öz silahıyla düşmən üstünə təkbaşına gedən Koroğluları, Mübarizləri, Vəzirləri, Elmanları bu vətən üçün böyüdən anadır qadın.
    Torpaq uğrunda canından keçən minlərlə şəhidimizin anasıdır – qadın.
    Hər şey vətəndən başlayır. Vətənimizə də ana vətən deyirik.
    Fikrimi nəinki azadlıqdan, hətta fiziki xüsusiyyətlərindən məhrum olmuş, ancaq bu gün dünyada əsərləri milyon dollara təqdim olunan bir qadının sözləri ilə davam etmək istəyirəm: “Əxlaq və namusdan söz düşəndə yalnız qadınlar haqqında danışmağa başlayan hər kəs əxlaqsız və namussuzdur”. Bu sözlər hər şeyini itirdiyi bir halda belə var olan dəyanətini təqdim edən və qadın gücünü nümayiş etdirən birinin sözləridir. Qadın zərif varlıqdır yanaşmasını çox vaxt zəiflə qarışıq salan bir cəmiyyətdə yaradılışın birbaşa özü olan bu möcüzəvi yaradılışı kiçik görərək, zorakılığa məruz qalan şəxs olaraq mübarizə aparmaq bəzən yorucu ola bilir.
    Amma onlar unudurlar ki, qadın anadır, qadın yoldaşdır, qadın bacıdır və gücsüz deyə yox, sadəcə varlığının əhəmiyyətini hiss etdiyi bir əks cins görmək istəyir, hər zorda – ata, yoldaş, qardaş… Amma bəzən cəmiyyətimizdə bu basqı ilkin növbədə ən yaxınlarımızdan görünür və ən yüksək potensialı daşıyan bir çox qızımızın qarşısına daş qoyur.Halbuki yanımızda var olan dağ kimi güclü görmək istədiyimiz insanlar qarşımıza çıxan daş yox, yolumuzu açan bir üfüq kimi olmalıdır. Qadına yüksək dəyər bizim İslamın da təqdimində Peyğəmbərin çiynində gəzdirdiyi qızına verdiyi dəyərin bir nümunəsidir. Amma qadınla bağlı dinimizi belə yenə öz mənfəətlərinə çevirən və cəmiyyətə başqa təqdim edən, zorakılığa səbəb olan bir qism şəxslər, yenə də tək özlərini deyil, bütün cəmiyyəti yalan yanaşmalarla da zəhərləyirlər. Necə ki, irqçilik, eləcə də cinsiyyət ayrıseçkiliyi bizi humanist yanaşımdan uzaqlaşdırır. Axı, kim deyə bilər ki, dəri rənginə görə birinin beyni digərindən yaxşı çalışa və ya cinsiyyətinə görə inkişaf mərhələsində bərabər gedən, hətta daha erkən formalaşan qadın zəkası daha geri qala bilər, ya o bacarmaz, o edə bilməz.
    Tarix hər zaman göstərir ki, cəmiyyət qadın gücünün fərqində olub və sırf aşılmasından qorxduğundan üstünə qapayıb yoxa saymağa çalışıb. Yaxın yüzilliklərə qədər mədəniyyətin göbəyi sayılan Avropa, boşanma hüququnun yox olduğunu tərənnüm edirdi. Düşünün, İngiltərədə qadından boşanmaq istəyən kişi sanki bir qul satarcasına onu başqasına satmağa çıxarırmış və bununçün ayrıca “bazarlar” mövcud imiş və burada əsas məqsəd maddi gəlir də deyilmiş, təəssüf hissinin digər tərəfi ondan ibarətdir ki, bu, çox simvolik məbləğ daşıyırmış. Sadəcə o qadın cəmiyyətdə tək qadın damğası ilə yaşamasın. Düşünməsi belə ürpədici olan belə hallar tarixdə yüzlərlədir və şükürlər olsun ki, inkişaf edən cəmiyyətimizdə bu düşüncələr yavaş-yavaş azlıq təşkil etməyə başlayır.
    Mən buradan yenə qadınlara səslənmək istəyirəm, çünki bir qadının ən böyük düşməni yenə də qadınlardır. İlkin yanaşmada evimizdən başlayıb ən yaxşı xörəyi oğlumuza, ən yaxşı yalanları yenə oğlumuza, ən ədalətsiz qərarları yenə oğlumuza haqqıymış kimi təqdim etməkdən qaçınmalıyıq. Cəmiyyətə verəcəyimiz hər bir fərd cinsiyyətindən asılı olmadan bizi tərənnüm edir, ailəmizi, şəxsiyyətimizi, dinimizi, dilimizi, mənsubiyyətimizi, vətənimizi təmsil edir.
    Əgər qadın zorakılığına, şiddətinə, təhsildən yayınmasına yox deyilirsə, qadınların maariflənməsinə hesablanmış dövlət proqramları gündəmə gətirilirsə, bu proqramlara, təhsilə kişilər də cəlb olunmalıdır.
    Gəlin qadın zorakılığına, qadın hüquqlarının məhdudlaşdırılmasına birlikdə yox deyək!

    Nərgiz ABDULLAYEVA,
    könüllü

     

    Müəllif: Redaktor, 09:43

İsmarıclar bağlıdır.