Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib. Dövlət başçısı bildirib ki, müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir.

    Qeyd olunub ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır.

    Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidentinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur.

    Bildirilib ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika qorunub saxlanılacaq.

    Yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq.

    Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin.

    Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik.

    Azərbaycanda Türkiyənin hərbi bazası məsələsinə cavab verən Prezident İlham Əliyev deyib: Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.

    Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir.

    Dövlət başçısı deyib ki bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək mümkün deyil.

    Biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini diqqətlə izləyirik.

    Azərbaycan bundan sonra da Rusiya silahı almağı planlaşdırır, amma deməliyəm ki, ən azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb.

    Qeyd olunub ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır.

    İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.

    2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq.

    Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik.

    Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb.

    Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var.

    Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir.

    İkincisi ATƏT-in Minsk qrupu ləğv olunmalıdır.

    Əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.

    Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq… Proses bundan ibarətdir.

    Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq.

    Dövlət başçısı deyib ki, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq.

    Bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən Qarabağda uşaq bağçasının tikintisinə başlanılıb. Qubernator bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda oldu. Bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur, amma deyərdim ki, onların sayı çox deyil. Biz bunu alqışlayardıq və alqışlayırıq. Həm də kömək göstərilməsi planında, Həştərxan vilayətinin etdiyi kimi, sadəcə layihələrdə iştirak etmək baxımından. İnvestisiya layihələri var.

    Biz əlavə enerji mənbələrinə ehtiyac duymuruq.

    COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.

    Lakin Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz də vardı.

    Biz iqlim mövzularına illik xərclərin məbləğini razılaşdıra bildik. Bu məbləğ 300 milyard dollardır.

    Diqqətə çatdırılıb ki, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var.

    Əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı.

    Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər.

    Onların kolonial keçmişinə gəldikdə, bəziləri bunu bizim cavabımız kimi qiymətləndirirlər, amma zənnimcə, bu məsələ ola bilər ki, daha dərin xarakter daşıyır. Əgər ən başlanğıcda haradasa, necəsə bu məsələni nəzərdən keçirmək mümkün idisə, indi bu mövzuya dərindən nüfuz etdiyimiz, fransız kolonializminin iyrənc simasını gördüyümüz, bizim nümayəndələrimizin fransız koloniyalarının sakinləri ilə fəal ünsiyyət saxladıqları, – həm onların ölkələrində, həm Bakıda, həm də digər məkanlarda, – vaxtda, əslində, biz görürük ki, uzun illər ərzində dünya ictimaiyyətindən nələri gizlədiblər. Nə üçün? Çünki heç kim bununla maraqlanmaq istəmirdi. Heç kim başının ağrımasını istəmirdi. Çünki onlar şantaj edirlər. Hətta bizim münasibətlərimiz soyuq müharibə fazasına daxil olduqda əvvəlcə bizə mesajlar gəlirdi ki, “unutmayın, biz böyük ölkəyik”.

    Onlar Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirdilər, 100-dən çoxunu yaraladılar, 1000-dən artığını həbs etdilər.

    Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil.

    Prezident deyib ki, Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin.

    Suallara cavab verən dövlət başçısı deyib ki, rus dilinə ictimaiyyət tərəfindən tələbat var və heç vaxt hər hansı məhdudiyyət olmayıb. Hər halda mənim atamın dövründə və mənim dövrümdə olmayıb və olmayacaq. Əksinə, biz hər vəchlə çalışırıq ki, insanların rus dilini daha yaxşı bilmələri, ona mükəmməl yiyələnmələri üçün əlavə şərait yaradaq. Bizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir. Yaradıcı kollektivlər, əsasən teatrlar demək olar ki, mütəmadi, çox tez-tez gəlirlər. Ona görə də rus dilinə tələbat var, o, yaşayır, necə deyərlər, özünü yaxşı hiss edir. Bu, bizə nə verir? Birincisi, sırf praktiki nöqteyi-nəzərdən hər hansı dili bilmək səni zənginləşdirir… Təsadüfi deyil ki, biz təkcə bu sahədə deyil, həm də dinlərarası qarşılıqlı fəaliyyət, mədəniyyətlərarası əlaqələr məsələlərinin həyata keçirilməsində də fərqlənirik. Bakının mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirildiyi məkana çevrilməsi də təsadüfi deyil. Yəni, hər şey qarşılıqlıdır. Zənnimcə, bizim siyasətimiz haqlı olduğunu sübut etdi. Dili siyasi motivlər üzrə sıxışdırmağa cəhd edənlər isə böyük səhvə yol verirlər.

    Möhtərəm Prezidentimiz İlham Əliyevin dolğun və hərtərəfli müsahibəsi onun növbəti parlaq diplomatik uğurudur

     

    Müəllif: Redaktor, 15:38

İsmarıclar bağlıdır.