Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Mədəniyyət Mərkəzinin təçkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 12 dekabr-Ulu Öndərin anım gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Mərkəzində büstünü ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra Ümummilli Liderin həyat və fəliyyətini əks etdirən eksponatlarla tanış olub, kitab sərgisinə baxıblar.
Ekskursiyadan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafına toplaşıblar. Öncə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Qeyd olunub ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və taleyində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb. Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə daim dərin hisslərlə bağlı olduğu vətəni Azərbaycanın, özünə dayaq bildiyi xalqının gələcəyi və rifahı naminə çalışıb. Onun siyasi fəaliyyətinin ən mühüm məqamlarından biri, Sovet İttifaqı dövründə yüksək vəzifələrdə olmasına baxmayaraq, Azərbaycan xalqının milli maraqlarını, tarixini və adət-ənənələrini qorumaq məqsədilə göstərdiyi mübarizə olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi-nin birinci katibi vəzifəsində fəaliyyəti zamanı Heydər Əliyev ölkəmizin inkişaf tarixində yeni bir dövr başladıb və məhz onun rəhbərliyi ilə baycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklər olub, bütün bölgələrdə, o cümlədən Naxçıvanda böyük infrastruktur layihələri həyata keçirilib.
Ulu Öndər Heydər Əliyevin qətiyyəti və ağır əməyi sayəsində sovetlər birliyi dönəmində sosial-iqtisadi böhran keçirən Azərbaycan 1970-1980-ci illərdə İttifaqın ən qabaqcıl respublikalarından biri olub. Ümumilikdə 1969-1982-ci illərdə Ümummilli Liderin təşəbbüsü və ciddi səyləri nəticəsində ölkəmizdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlayıb.
Həmin illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ümummilli Lider deyirdi: “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyardır”. Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər oldu. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub.
Heydər Əliyevin hakimiyyəti illərində xalqın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən silsilə tədbirlərin icrası sayəsində milli oyanışın, eləcə də Azərbaycanın gələcək müstəqilliyinin təmininə yönələn milli mübarizə ruhunun əsası qoyulub. Ümummilli Lider Heydər Əliyev dahi siyasətçi olmaqla yanaşı, uzaqgörən və müdrik dövlət rəhbəri idi. Vaxtilə onun tərəfindən atılan addımlar bəzi bədxahlar tərəfindən qəbul edilməsə də, bu tədbirlərin əsl mahiyyətinin təhrif edilməsinə cəhdlər edilsə də, zaman bütün həqiqətləri ortaya çıxarıb. Atılan hər bir addımın, o dönəmdə verilən hər bir qərarın məhz Azərbaycan xalqının mənafeyinə xidmət etməsini sübut edib.
Belə ki, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olmaq məqsədi ilə 1994-cü ilin mayında imzalanan Bişkek protokolu həmin dövrdə birmənalı qarşılanmasa da, tarix sübut etdi ki, müəyyən məsələlərin həllində müsbət nəticənin əldə edilməsi üçün uzaqgörənlik və qətiyyətlə addım atılmalı və məsuliyyətə sahiblənmək lazımdır.
Ulu Öndərin simasında biz bu qətiyyətin və uzaqgörənliyin şahidi olduq. Artıq Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, regional və dünya siyasətində aparıcı mövqeyə malik, torpaqlarını öz qüvvəsi hesabına işğaldan azad etmiş qüdrətli bir dövlətdir.
Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.