Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    SANKT-PETERBURQDA YAŞAYAN TƏRTƏRLİ LEYLAMIZ

    31 dekbar-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qəzetimizə material hazırlamaq istəyirdim. Xaricdə yaşayan həmyerlilərimizlə maraqlandım. Elə bu zaman sinif yoldaşım, hal-hazırda Tərtərdə yaşayan, şəhər 1 saylı tam orta məktəbin keçmiş tarix müəllimi Zita xanım mənə zəng vurdu. Nənələr nədən danışarlar? Əlbəttə ki, nəvələrin uğurlarından, xoş soraqlarından. Zita müəllim də bildirdi ki, bu yaxınlarda Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq şəhərində olub və burada Azərbaycan milli-mədəni muxtariyyəti yanında Sankt-Peterburq Azərbaycan Gənclər Birliyinin üzvləri ilə gö-rüşüb. Həmin görüşdə Zita müəllimin nəvəsi Leyla Kərimova da iştirak edib və bu görüş onda zəngin təəssüratlar yaradıb. Mövzu axtarırdım, özü məni tapdı. Sinif yoldaşımdan xahiş etdim ki, nəvəsi mənə zəng vursun.
    Aradan heç 5 dəqiqə keçməmiş, telefonuma zəng gəldi və mən Leyla xanımın Azərbaycan dilində şirin danışığını eşitdim.
    Öyrəndim ki, onun hər iki valideyni tərtərlidir. Burada doğulub, boya-başa çatıblar. Azərbaycanda ali təhsil alıblar. Ailə qurandan sonra isə Sankt-Peterburqda yaşayırlar. Leyla xanım özü isə bu şəhərdə doğulub. Sankt-Peterburqda yaşamasına baxmayaraq, Azərbaycanda tez-tez olur, doğma dilini, adət və ənənələrini yaxşı bilir. Təkcə bilməklə, bunlara əməl etməklə kifayətlənmir. Azərbaycan haqqında əsl həqiqətlərin Rusiya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir.
    Leyla xanımın dediklərindən:
    –2012-ci ildə Azərbaycan rəqsləri ilə məşğul olarkən Azərbaycan diasporunun Sankt-Peterburqdakı fəaliyyəti haqqında məlumat aldım. Rəqs qrupunda iştirak etdiyim səkkiz il ərzində diaspora ilə sıx əməkdaşlıq etdik və həmişə bir-birimizi dəstəklədik. Mən 2022-ci ildə Azərbaycanın milli-mədəni muxtariyyəti yanında Sankt-Peterburq Azərbaycan Gənclər Birliyinin üzvü oldum. Bir sıra maraqlı layihələrin təşkilində və həyata keçirilməsində iştirak etmişəm. Bunların arasında Azərbaycan ənənələrinə həsr olunmuş çay mərasimi mənim üçün xüsusi yer tutur. Həmin tədbirə 150-dən çox iştirakçının cəlb olunmasını təmin etdik, hadisənin bütün hazırlığını və keçirilməsini əlaqələndirdik.
    Ramazan ayı ərzində əlil uşaqlarla görüşüb, onlara yardım payladıq.
    Azərbaycanda Novruz mədəniyyəti və ənənələri haqqında maarifləndirici tədbirlər keçiririk.
    Birliyimizin üzvləri ilə birlikdə könüllülük və xeyriyyəçilik fəaliyyətində fəal iştirak edirik. Əhalinin müxtəlif qrup-larının həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş Beynəlxalq layihələrin həyata keçirilməsinə köməklik göstəririk.
    Qeyd edək ki, Leyla Kərimova Sankt-Peterburq şəhərində “Mamalıq Kolleci”ni “Tibb işi” ixtisası üzrə bitirib. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində Politexnik Universitetində III kursda təhsil alır. O, həmçinin Kompüter Elmləri və Kibertəhlükəsizlik İnstitutunda və Kiberfiziki Sistemlər və Nəzarət Ali Məktəbində rus dilində təhsil alır.
    Leyla xanım onu da bildirdi ki, bu yaxınlarda Rusiya İctimai Təşkilatının “Sankt-Peterburq və Leninqrad vilayətindəki Azər-baycan milli-mədəni muxtariyyəti”nin üzvləri Rusiya Federasiyasında Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüblər. Bir çox məsələlər ətrafında söhbət gedib. Xüsusən də diqqət Azərbaycanla bağlı əsl həqiqətlərin ictimaiyyətə çatdırılmasına yönəldilib. Leyla xanım deyir:
    – Həm 44 günlük Vətən müharibəsi zamanı, həm də bundan sonrakı dövrdə biz sosial fəallığa böyük diqqət yetiririk. Vətənimizlə bağlı videoçarxlar hazırlayır, həqiqətin kimin tərəfində olduğunu yerli əhaliyə çatdırmağa çalışırıq. Əlbəttə, ətrafımızda müxtəlif millətlərin nümayəndələri var. Bəzən onların sosial şəbəkələrdən əldə etdikləri informasiya həqiqəti əks etdirmir. Məqsədimiz belə yalan məlumatlara tutarlı, əsaslandırılmış cavab verməkdir. 44 günlük müharibə zamanı, bu istiqamətdə fəaliyyətimiz xüsusilə güclü idi. Yalnız Azərbaycanda yaşayanlar deyil, bütün dünyada, o cümlədən Sankt-Peterburqda yaşayan azərbaycanlılar da birləşmişdilər. Bu, olduqca qürurverici hissdir. Hər kəs vətəninə əlindən gələn köməyi göstərməyə çalışır.
    Leyla xanım deyir ki, Azərbaycanda baş verən dəyişiklikləri diqqətlə izləyir və buna görə çox sevinir. Tərtərə növbəti dəfə gələndə mütləq Qarabağa səfər edəcək və yaşadığı şəhərin sakinlərinə bu barədə dolğun və dürüst məlumatlar çatdıracaq.
    Leyla xanımı və vətənimizdən uzaqda yaşayan bütün azərbaycanlıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, xoşbəxtlik, cansağlığı arzulayırıq.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:35

İsmarıclar bağlıdır.